Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5227/2025 12.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsi, döngə 3, ev 6-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 04:26 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində (Bravo marketin yaxınlığında) “Ford” markalı, **-PC-*** d.q.n.n. avtomobili idarə edərkən xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün polis əməkdaşları hadisə yerinə yaxınlaşmışlar. O, polis əməkdaşlarının şərəf və ləyaqətini alçaldaraq, ünvanlarına nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də, o, polislərin tələblərinə qəsdən tabe olmamışdır, polis əməkdaşlarının ünvanına da nalayiq ifadələr işlətmişdir. Daha sonra müayinəyə aparılmış, orada sərxoş olduğu müəyyən olunmuşdur. Polis əməkdaşları onu Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nə gətirilmişlər, orada o, yenidən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, onların şərəf və ləyaqətini alçaltmışdır. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin sahə inspektoru X6 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, ilk öncə qadın sərxoş halda olmuşdur. Hər şey bundan başlayır. Şəxs bütün polis əməkdaşlarına qarşı müqavimət göstərmişdir. Boş yerə qışqırıq salmışdır. Xanımı çevik polis alayı gətirib, onlara qarşı da təhqiramiz ifadələr işlətmişdir. Həmçinin polis bölməsində şəxsiyyətlərin müəyyən edilməsinə də mane olmuşlar. Üzündəki ləkələr və xəsarət izləri maşındakı yol nəqliyyat hadisəsi ilə bağlı olmuşdur. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, bacısının qızı qonaq gəlmişdi. Onlar yol hadisəsi yaşadılar, nəqliyyat vasitəsini idarə edərkən bardürə girdi. Ford fusion avtomobili idarə edir. İçkili idi, pivə içmişdilər. Tarqovıda restoranda oturmuşdular. Üç nəfər olmuş, o, bacısı və bacısı qızı. Polis onu qovaladı. Maşını ayıq sürücü idarə edirdi. Evə yaxın dedi sürücüyə “sən düş, özüm gedəcəm”. Avtomobili bir az bərk sürürdü. Saxla əmri verilməmişdi, amma onu polis gördü. Xəsarəti bacısı qızı almışdı. Maşından çıxdı, camaat yığılmışdı. Məhkəmə iclasında iştirak edən Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin sahə inspektoru X4 izahatında bildirdi ki, bu qadın polisə qarşı nəsil, bacı, varyox söymədiyi söyüş qalmadı. Hətta məcbur qalıb təqsirləndirilən şəxsi çevik alay vasitəsi ilə gətirdilər polis bölməsinə. Bölmədə MYS-in içində hər şeyi dağıtdı. Xanım həm hadisə yerində, həm də polis bölməsində söyüş söyürdü və polis qanuni tələblərinə tabe olmurdu. Vətəndaşa hər hansı xəsarət polis tərəfindən yetirilməmişdir. Belə ki, yol nəqliyyat vasitəsi baş vermişdir, Şəxs sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edərkən bardüra çırpilmışdır. Polis əməkdaşları hadisə yerində ona və ailə üzvlərinə çox kömək olmuşlar. Məhkəmə iclasında iştirak edən AR DİN-nin X10 Alayının Patrul bölüyünün polis nəfəri X1 izahatında bildirmişdir ki, onlar gecə xidmətdə idilər. Saat 4.40 radələrində 50-60 nəfər yığışan gördülər. Yol Patrul Xidməti də orada idi. Onlara dedilər ki, avtomobildəki xanım polis əməkdaşlarını söyür. Xanıma yaxınlaşıb özünü təqdim etdi. Bildirdiyinə görə uşağın boynu sınmışdı. Üzərində xəsarətlər var idi. Maşında avto-qəzaya görə olmuşdu xəsarətlər. Müxtəlif söyüşlər söyürdü. Ancaq söyürdü, polislə gəlmək istəmirdi. Hətta maşında yolda da söyürdü. Təqsirləndirilən şəxsin vaziyyəti çox pis idi, ağır sərxoş idi. Polis bölməsinə gətirildikdən sonra xanım da səs küy salmış, hamını təhqir etmiş, bölmənin bütün iş rejimini pozmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru X6 tərəfindən tərtib edilmiş 12 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmədə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi şəxsin özünün etirafı, 12 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı protokol və toplanmış digər sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. AZEMİS elektron məhkəmə sistemi məlumatlarına əsasən Şəxs xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X8 adlı uşaqları vardır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs qadın olmasını, iki uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-5227/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5227/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver