Məhkəmə qərarları › İş №3(004)-5261/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5261/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5261/2025 13.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 22 avqust 1994-cü il tarixdə Bərdə rayonu, Yeni Daşkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Kəlbəcər rayonu, Mollabayramlı ərazi dairəsi, Mollabayramlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov 7A ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 13 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-393/24 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən hazırda 4308,55 manat qalıq borc X4 xeyrinə ödənilməlidir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-393/24 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borcludan 16991 manat X1 xeyrinə ödənilməlidir. Lakin cavabdeh tərəfindən məhkəmə qətnaməsi icra edilməmiş, icra məmurunun qanuni tələblərinə riayət edilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək borclunun icra sənədini icra etməklə bağlı onların qanuni tələblərini icra etmədiyini, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Yeni işə düzəlmişdir, hazırda 1000 manat ödəniş etdiyini, bundan sonra da borcunu ödəməyə hazır olduğunu, sadalananları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-393/24 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən hazırda 4308,55 manat qalıq borc X4 xeyrinə ödənilməlidir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-393/24 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borcludan 16991 manat X1 xeyrinə ödənilməlidir. Lakin cavabdeh tərəfindən məhkəmə qətnaməsi icra edilməmiş, icra məmurunun qanuni tələblərinə riayət edilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(040)-393/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 16850 (on altı min səkkiz yüz əlli) manat məbləğdə əsas borc və iddiaçı tərəfindən ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumunun pul əvəzi, cəmi 16991 (on altı min doqquz yüz doxsan bir) manat məbləğdə pul vəsaiti alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-393/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. “Borclunun məcburi gətirilməsi haqqında 10 iyul 2025-ci il tarixli qərardan görünür ki, ünvan 2i ünvanında qeydiyyatda olan Şəxs Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlmədiyi halda onun məcburi qaydada şöbəyə gətirilməsi barədə məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. Kəlbəcər Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(040)-97/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 8480 (səkkiz min dörd yüz səksən) manat məbləğində borc və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 108,55 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının pul əvəzi alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” 04 aprel 2022-ci il tarixli qərarın surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-97/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir. Şəxs 13 avqust 2025-ci il tarixli icra şöbəsində verdiyi izahatdan görünür ki, o, barəsində olan icra sənədindən xəbərdar olduğunu, işsiz olduğu üçün icra sənədi üzrə bugünədək tam şəkildə icra edə bilmədiyini, icra sənədi üzrə bugünədək ödəniş etdiyini, borcunu hissə-hissə ödəyəcəyini, adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlakı, həmçinin aidiyyəti təşkilatlarda qiymətli kağızlar və ya əmanəti olmadığını qeyd etmişdir. Qəbzin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs tərəfindən tələbkarın hesabına 1000 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs borcunu tam şəkildə olmasa da, qismən ödədiyi, daimi iş yerinin olmadığı, maddi vəziyyətinin zəif olması ilə əlaqədar borcunu tam ödəyə bilmədiyi müəyyən edilmiş, göstərilən hal məhkəmə iclasında iştirak edən icra məmuru tərəfindən də təsdiq edilmişdir. Göründüyü kimi, Şəxs əməlində üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halı olmamış, o, işsiz və maddi vəziyyətinin zəif olması səbəbindən borcu yaranmış, xx.xx.2025-ci il tarixdə isə borcundan 1.000 manat ödəniş etmişdir ki, göstərilən bu hallar Şəxs üzrsüz səbəbdən və ya qərəzli olaraq borcunu ödəməkdən yayınmasını istisna edir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən xeyli müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs borcundan müəyyən qədər ödənişlər etməsi, qərəzli olaraq borcundan boyun qaçırmaması, bir müddətdir işsiz olması öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar