Məhkəmə qərarları › İş №3(004)-529/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-529/2022

24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-529/2022 24.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin sahə inspektoru X2, Zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 24 yanvar 2022-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin 17 dekabr 2021-ci il tarixli qərarına və rədd materialına əsasən tərtib edilmiş 24 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ünvan 2 ünvanından 450 manat dəyərində elektrik skuterini oğurlamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs 04.12.2021-ci il tarixdə ünvan 2 ünvanından X4 məxsus 450 manat dəyərində elektrik skuterini oğurlamışdır. Bununlada Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yekun olaraq məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, heç bir yerdə işləmir, maddi imkanı yoxdur ona görədə elektrik skuterini oğurlamışdır. Etdiyi əməli səmimi olaraq qəbul edir və gələcəkdə bu kimi əməllər etməyəcəyinə söz vermişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, əvvəllər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 227 və 510-cu maddələri ilə dəfələrlə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 izahatında göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yaşadığını, təxminən iki ay bundan öncə övladı üçün aldığı, hazırda təxminən 450 manat giyməti olan elektrik skuteri mənzilində saxlamağa yer olmadığı üçün, skuteri bayıra, yəni binanın 6-cı mərtəbəsində olan dəhlizə açıq yerə qoymuşdur. 04.12.2021-ci il tarixdə, saat 20:00-da həmin yerə baxdığında, elektrik skuterin naməlum şəraitdə oğurlandığını bildirmişdir. Yekun olaraq ona dəymiş ziyanın ödənilmədiyini bu səbəbdəndə Şəxs barəsində qanunvericiliyə müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Elnur Məmmədov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 dekabr 2021-ci il tarixli qərardan görünür ki, X5 ərizəsi əsasında toplanmış materialdan əsasən oğurluq hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği 500 (beş yüz) manat dəyərini aşmamışdır. Həmin oğurluq hadisəsi nəticəsində, X6 450 AZN məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Belə ki təhqiqat müddətində hadisəni törətmiş şəxsin (şəxslərin) şəxsiyyəti məlum olmadığından, tapılması və izahatının alınması mümkün olmamışdır. Bununla da toplanmış materialdan göründüyü kimi, hadisəni törətmiş naməlum şəxsin (şəxslərin) əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan (xırda talama) inzibati xəta tərkibi vardır. Odur ki. vətəndaş. X5 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməli və hadisəni törətmiş naməlum şəxs (şəxslər) tapılaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati qaydada tutma haqqında 24 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 01:10-da inzibati qaydada tutulmuşdur. Məhkum olunanlar haqqında çıxarışdan görünür ki, Şəxs 8 dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci, 2 dəfə İXM-nin 206-cı, 1 dəfədə 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Bunlardan 07.08.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını talayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş iş materialları ilə tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əməldən peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4. -ci maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan yəni, 23 yanvar 2022-ci il tarixdən saat 01:10-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) ay 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 23 yanvar 2022-ci il tarixdən saat 01:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar