Məhkəmə qərarları › İş №3(004)-5292/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5292/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5292/2023 13.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi, ev 191 qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı və 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin polis sahə inspektoru X4 tərəfindən tərtib edilən 13 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin polis sahə inspektoru tərəfindən tərtib edilmiş 13 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 12 oktyabr 2023-cü il tarixdə saat 19:00 radələrində “OBA market” mağazalar şəbəkəsinin ünvan 1 ünvanında yerləşən mağazasına daxil olmuş, oğurluğa cəhd göstərmiş və nəzarətçi tərəfindən görülüb saxlanıldığı halda onun ünvanına nalayiq küçə söyüşləri işlətmişdir. Şəxs Yasamal RPİ-nin 27-ci polis şöbəsi tərəfindən saxlanılaraq həmin polis şöbəsinə gətirilmiş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində tibbi müayinədən keçərkən onun narkotik vasitə istifadəçisi olması müəyyən edilmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu (xırda xuliqanlıq) və 206-cı (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin polis sahə inspektoru X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində İXM-nin 510 və 206-cı maddələrində nəzərdə tutulmuş sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 12 oktyabr 20:00 radələrində mağazadan oğurluq etməyə cəhd etmişdir. Nəzarətçi tərəfindən tutulduqda onun ünvanına nalayiq söyüşlər işlətmiş və polis əməkdaşları tərəfindən tutulmuşdur. Narkotik istifadəçisidir. Daha əvvəl də narkotik istifadə etdiyinə ona görə inzibati təhbeh tətbiq olunmuşdur. Əməllərindən peşmandır. Bundan əlavə Şəxs verilmiş suala cavab olaraq bildirdi ki, barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 206-cı maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 aparılması haqqında 13 oktyabr 2023-cü il tarixli 6499 nömrəli rəyinə əsasən Şəxs götürülmüş sidik nümunəsində MOP (+) aşkar olunmuşdur. Müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixində İXM-nin 206-cı maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, X2 İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Onun ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etməsi özü tərəfindən etiraf olunmuşdur. Həmçinin, o, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir. Belə ki, İXM-nin 510 və 206-cı maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallardan biridir. İş materiallarında olan elektron sistemdən çıxarışa əsasən müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixində İXM-nin 206-cı maddəsi ilə inzibati tənbeh tətbiq olunmuşdur. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq olunmasına baxmayaraq, eyni xətanı bir il ərzində təkrarən törətməsini şəxsin kifayət qədər qanunlara əməl edilməsi ruhunda tərbiyələnməməsi kimi qiymətləndirərək bu halı məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 206-cı maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan yəni, 12 oktyabr 2023-cü il saat 20:00-dan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi ambulator X1nın 13 oktyabr 2023-cü il tarixli, 6499 nömrəli rəyini nəzərə alaraq, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Belə ki, İXM-in: 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir; 37.3-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 206-cı və 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 12 oktyabr 2023-cü il saat 20:00-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar