Məhkəmə qərarları › İş №3(004)-5296/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5296/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5296/2023 16.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin Yol nəqliyyat hadisələri üzrə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon Polis İdarəsinin Dövlət X5 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin inspektoru X3 tərəfindən Şəxs barəsində İXM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 iyul 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 10 iyul 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokollarda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 02:18 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin Növbətçi Hissəsinə Bakı şəhəri Yasamal rayonu Tblisi prospektində “Araz” marketin yanında “Kia” markalı **-DD-*** dövlət nömrə nişanlı avtomobil ilə “Opel” markalı **-HB-*** dövlət nömrə nişanlı avtomobil və “Gelly” markalı **-ER-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması və 2 nəfər şəxsin xəsarət alması barədə məlumat daxil olmuşdur. Aparılmış araşdırma zamanı hadisəni törətmiş şəxs Şəxs sərxoş olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hadisə zamanı Şəxs sərxoşluğun müəyyən edilməsi ilə bağlı tibbi müayinədən keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, “Baic X3” markalı **-ER-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə və BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 02 iyun 2023-cü il tarixdə təxminən saat 21 radələrində dostu Rüstəmlə birlikdə idarə etdiyi avtomobil ilə Ə.Rəcəbli küçəsi tərəfdə yerləşən “Montana” restoranına gəlmişlər. Restoranda az miqdarda spirtli içki qəbul etmiş və təxminən saat 01:45 radələrində Rüstəmlə birlikdə restorandan çıxmışlar. Sonra Rüstəm sükan arxasına oturmuş, o isə arxa sağ oturacağa əyləşərək hərəkətə başlamışlar. Şaxmat klubunun arxa küçələrində Rüstəm avtomobilin sağ qabaq yan hissəsi ilə səkiyə dəymişdir. O əsəbləşib avtomobili saxlamasını tələb etmiş və Rüstəm Azərbaycan prospektində avtomobili saxlayıb aşağı enmişdir ki, avtomobilin əzintilərinə baxsın. Bu zaman avtomobilin sağ arxa oturacağından sükan arxasına keçmiş, Rüstəm isə qabaq sağ sərnişin oturacağına əyləşmişdir. Daha sonra yaşadığı evə getmək qərarına gəlmiş və Tbilisi prospekti ilə A.Əliyev küçəsinin kəsişməsində yolun solunda dayanan qara rəngli avtomobil ilə toxunmuşdur. Lakin avtomobili saxlamayaraq yoluna davam etmişdir. Tbilisi prospektində yerləşən «Araz» marketi keçdikdən sonra qarşında hərəkətdə olan avtomobili ötmək istədikdə idarə etdiyi avtomobilin qabaq hissəsi ilə həmin avtomobilin arxa hissəsinə dəymişdir. Zərbədən idarə etdiyi avtomobil çevrilmişdir. Bir müddət sonra ona tanımadığı şəxslər köməklik edərək avtomobildən çıxarıb yolun kənarına uzatmışlar. Sonra isə hadisə yerinə TTYS-nin briqadası gələrək onu xəstəxanaya aparmışdır. O sərxoşluğun təyin edilməsi ilə bağlı müayinədən keçirilməmişdir. Yekun olaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadə verərək bildirmişdir ki, "Kia Cerato” markalı **-DD-*** dövlət nömrə nişanlı avtomobil özünə məxsusdur. 03 iyun 2023-cü il tarixdə təxminən 02:15 radələrində Tbilisi prospekti ilə 20 Yanvar dairəsi istiqamətinə saatda 40 km surətlə yolun birinci zolağı ilə hərəkətdə olan zaman Tbilisi prospekti 57 saylı ünvanının qarşısında olan piyada keçidinin altında hərəkətdə olan zaman avtomobilin arxasına güclü zərbə dəymişdir. Zərbədən avtomobil fırlanaraq səkinin üstündə olan avtobus dayanacağına dəyib dayanmışdır. O dərhal avtomobilin sağ qabaq qapısından çıxıb görmüşdür ki, qarşıda qırmızı rəngli avtomobilin aşaraq damı üstünda dayanmışdır. Onun avtomobilini vuran avtomobilin sərnişini və sürücüsü içkili halda idilər. Bir neçə dəqiqədən sonra hadisə yerinə TTYS-nin briqadası gələrək hər iki şəxsi xəstəxanaya aparmışdır. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması əsasında toplanmış material üzrə cinayət işinin başlanması redd edilmiş, serxoş vəziyyətdə avtomobil idarə edərək zərərçəkmiş şəxsin sağlamlığına YÜNGÜL dərəcəli bədən xəsarəti yetirməsinə görə “Baic X3” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdırılaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs sərxoşluğun müəyyən edilməsi ilə bağlı sübut olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. 2.7. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəlləsinin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X2 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 333.3-cü maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş orqan tərəfindən heç bir sübut təqdim edilmədiyindən və onun əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində İXM-in 333.3-cü maddəsinin tərkibi olmadığından, barəsində tərtib edilmiş 10 iyul 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar