Məhkəmə qərarları › İş №3(004)-5306/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5306/2023

31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5306/2023 31.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət X9 nümayəndəsi X4, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət X9 18 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət X9 18 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onu həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixində saat 02:00 radələrində, Bakı şəhəri Yasamal rayonu Polis idarəsinin qarşısında YP-281 dövlət qeydiyyat nişanlı Yol Patrul xidmət avtomobili saxlamışdır. Polis serjantı saxlama səbəbi olaraq avtomobili yüksək sürət ilə idarə etmə, sonradan isə “rəisin göstərişi” olduğunu qeyd etmişdir. Daha sonra əlavə etmişdir ki, idarə etdiyi **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkər ölçüləri standartlara uyğun deyil. Nəqliyyat vasitəsinin cərimə meydançasına gedəcəyini və 342.2.3-cü maddəsi ilə 150 AZN məbləğində cərimə olunacağımı bildirmişdir. Yerində protokol tərtib edilmədən İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə zidd olaraq avtomobili özü idarə edərək Yasamal rayonu ərazisində yerləşən cərimə meydançasına aparmışdır. Polis əməkdaşının qanunazidd hərəkətləri ilə bağlı Daxili İşləri Nazirliyinin “102” və “902” qaynar xəttinə müraciət etmişdir. Ordan ona bildirmişlər ki, şikayəti qeydiyyata alınmış və inzibati xətaya dair protokolu Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinə yaxınlaşaraq əldə edə bilər. Nəhayət, şikayətlərinin nəticəsi olaraq qanunsuz olaraq cərimə meydançasına (duracağa) yerləşdirilən avtomobili xx.xx.2023-cü il tarixdə ona təhvil verilmişdir. Təəssüflər olsun ki, həmin tarixdə də ona protokol təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdə sms bildiriş vasitəsilə barəsində İXM-nin 342.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyinə dair məlumat almışdır. Elektron sistemdə mövcud olan kabinetdə inzibati xətaya dair heç bir foto və ya video material yerləşdirilməmişdir. İlk olaraq yol patrul xidməti əməkdaşı tərəfindən İnzibati Xətalar Məcəlləsinin bir sıra normaları pozulmuşdur. Belə ki, polis əməkdaşı tərəfindən “inzibati xəta” xx.xx.2023-cü il tarixdə aşkar edilmiş, protokol isə 12 gün sonra, yəni xx.xx.2023-cü il tarixində tərtib edilmişdir. Halbuki, qanunvericilikdə konkret müddətlər göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Göründüyü kimi, inzibati orqan əməkdaşı tərəfindən protokolun qanunvericiliklə nəzərdə tutulmuş tərtib edilmə müddətinə riayət edilməmişdir. Bundan başqa, adıçəkilən protokolda göstərilən inzibati normanın tələbləri tərəfindən ümumiyyətlə pozulmamışdır. İXM-nin 342.2.3-cü bəndinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin” pozulması dedikdə, avtomobilin arxa hissəsinin aşağı düşməsi ağırlıq mərkəzinin pozulması başa düşülür və onun hər hansı bir xüsusi cihazla ölçülməsinə ehtiyac yoxdur. Bu vizual müşahidə ilə də aşkara çıxarılan qayda pozuntusu hesab edilə bilər. “Təkər bazasının və ya təkər düsturu”: təkər bazası, təkər məsafəsi, təkər bucağı, təkər aralığı, təkər boşluğu, ox boşluğu, ox aralığı ox bazası, ox bucağı, ox məsafəsi kimi adlarla da adlandırılan ön təkər mərkəzi və arxa təkər mərkəzi arasındakı məsafəyə verilən addır. “Təkər bazası” sürətlənmə ilə təcillənmə və yavaşlama ilə əyləcləmə zamanı nəqliyyat vasitəsinin aktiv güc ötürülməsinə təsir edən əsas dəyişənlərdən biridir. Təkər bazası nəqliyyat vasitəsinin gövdə formasına və quruluşuna görə seçilir. Böyük (uzun) təkər bazası (ox) məsafəsi nəqliyyat vasitəsinin sabitliyinə və sürücülük xüsusiyyətlərinə müsbət təsir edən bir amildir. Təkər bazası 5 sinifə ayrılır: 1-ci sinif nəqliyyat vasitələri: təkər bazası 3.20 metrdən aşağı (təkər bazası) olan nəqliyyat vasitələri (motosiklet, avtomobil, pikap yük maşını, mikroavtobus, torpaq yollarda hərəkət etmək üçün xüsusi olaraq nəzərdə tutulan nəqliyyat vasitəsi və s.). 2-ci sinif nəqliyyat vasitələri: təkər bazası (ox bazası) 3.20 metr və daha çox olan istənilən 2 oxlu nəqliyyat vasitəsi (mikroavtobus, pikap yük maşını, avtobus və s.). 3-cü sinif nəqliyyat vasitələri: təkər bazası sayı (ox sayı) 3 ədəd olan bütün növ nəqliyyat vasitələri 3-cü sinif nəqliyyat vasitələri sayılır. 4 sinif nəqliyyat vasitələri: 4 və 5 oxlu bütün növ nəqliyyat vasitələri 4-cü sinif nəqliyyat vasitələri sayılır. 5-ci sinif nəqliyyat vasitələri: ox sayı 6 ox və ya daha çox olan yük maşınları, TİR-lar və s. Nəqliyyat vasitələri. Təkər bazasını dəyişdirilməsi dedikdə avtomobilin qısaldılması və ya uzadılmasıdır. Adi minik avtomobilini uzadaraq 3.20 metrdən daha uzun edirsənsə, bu dərhal bilinəcək və qayda pozuntusudur. “Təkər düsturu”: bu avtomobildə olan ümumi təkər və aparıcı təkər sayı deməkdir. Yük avtomobillərində arxadakı iki təkər bir təkər kimi hesab edilir. Misal üçün: təkər düsturu 6x4 deyildikdə bu o deməkdir ki, avtomobilin 6 təkəri var və onlardan 4-ü aparıcı təkərdir (ZİS-6). Tam ötürücülü avtomobillərdə bu düstür eynidir (4x4, 6x6, 8x8, 10x10 və s.) Çoxoxlu avtomobillərdə bəzən isə aparıcı təkərlərdən neçəsi dönə bilir bu da göstərilir (16 x 16/12). Yəni şəxs 4x4 düstürlu avtomobilində sadəcə ön çəkən və ya arxa çəkənə dəyişdirirsinizsə, qaydaları pozmuş olur. Ya da ki, önçəkən avtomobili arxa çəkənə və ya 4x4 düsturuna dəyişdirdikdə qaydanı pozmuş olur. Bu dediyi məsələni isə xüsusi avadanlıq olmadan ölçmək mümkün deyil. YPX inspektoru şübhələndiyini bildirirsə, bu zaman İXM-nin 8-ci maddəsi yada düşür: inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yəni inspektor sürücüyə isbat etməlidir ki, burada təkər düsturu pozulub. Yuxarıda yazılanların xülasəsi: təkər ölçüləri uyğun gəlmədikdə bu əlavə avadanlıq konstruksiya dəyişikliyi hesab edilə bilməz. Təkər bazası, təkər düsturunun pozulması xüsusi avadanlıqla aşkara çıxarıla bilər. Bakı şəhər X11 İdarəsinin onun barəsində tərtib etdiyi inzibati xəta ilə bağlı protokolda, tərəfindən bəndin konkret olaraq hansı normasının pozulması, pozuntunun nəyə əsasən aşkar olunması (sübutlar) göstərilməmiş, ümumiyyətlə inzibati orqan tərəfindən araşdırılma aparılmamışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət X9 tərtib etdiyi 18 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət X9 tərtib etdiyi 18 sentyabr 2023cü il tarixli TP seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ona məxsus olan “BMW 328İ” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərləri R19 radiuslu olmuş və buna istehsalçı tərəfindən icazə verilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət X9 nümayəndəsi X7 şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət X9 18 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X6 “BMW 328İ” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə 06 sentyabr 2023-cü il tarixdə saat 02:00-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 150 (bir yüz əlli) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət X9 nümayəndəsi X7 tərəfindən təqdim edilmiş CD diskə baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin üzərində istehsalçı tərəfindən qeyd edilmiş təkər ölçüsü R18 olaraq qeyd edilmişdir. Buna baxmayaraq avtomobilin üzərindəki təkər radiusu R19 olduğu görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsinə əsasən Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanuna 1 saylı əlavəsində nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısında şinlərin ölçüsünə və ya yükgötürmə qabiliyyətinə görə nəqliyyat vasitəsinin modelinə uyğun gəlməməsi qeyd olunmuşdur. (V.3) İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət X9 18 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar