Məhkəmə qərarları › İş №3(004)-537/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-537/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-537/2023 20.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 09 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 09 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, 03 noyabr 2022-cü il tarixli MN №1556252 saylı inzibati xəta haqqında protokola və 03 noyabr 2022-cü il tarixli MN № ******* nömrəli qərardada əsasən o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Yasamal rayon İcra Hakimiyyətinin 09 yanvar 2023-cü il tarixli qərarı ilə 300 manat məbləğində inzibati cərimə edilmişdir. Yasamal rayon İcra Hakimiyyətinin qeyd edilən qərarı ilə razı deyildir, qanunsuz və əsassız tərtib edidliyindən ləğv edilməsini tələb edir. Belə ki, Yasamal rayon İcra Hakimiyyəti öz qərarında qeyd edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulan əməli törədərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin istinad divarlarında tikinti icazəsi tələb olunan rəsmi sənəd olmadan, tikinti obyetktinin funksional təyinatını dəyişdirməklə, yenidən planlaşdırma işləri aparmaqla, şəhərsalma tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla təmirtikinti işləri aparmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsinin dispozisiyasma əsasən ikintisinə icazə tələb olunan tikinti obyektlərinin (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğuları istisna olmaqla) funksional təyinatı dəyişdirilməklə, onlarda qanunsuz olaraq yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Onun törətdiyi əməldə bu inzibati xətanın tərkibinin yaranıb yaranmamasını aydınlaşdırmaq üçün ilk öncə onun tərəfindən aparılan tikintiyə icazənin tələb olunubolunmaması məsələsi dəqiqləşdirilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinə əsasən həmən məcəllənin 79-80-cı maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Bu Məcəllənin 79-cu maddəsində isə tikintisinə icazə tələb olunmayan tikinti obyektləri qeyd edilmişdir. Yasamal rayon İcra Hakimiyyəti öz qərarında onun tərəfindən qeyd edilən inzibati xətanın törədildiyini qeyd etsə də tikinti obyektinin tikilməsinə icazənin tələb edilib-edilməməsi məsələsini aydınlaşdırmamış, Yasamal RPİ tərəfindən tərtib edilmiş protokola dair qərar qəbul edərkən işə formal yanaşmışdır. Onun tərəfindən aparılan təmir-tikinti işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşür. Belə olan halda bu məcəllənin 80-cı maddəsində qeyd edilən məlumatlandırma icraatının aparılması tələb edilir. Qeyd edilən maddəyə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Onun tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə də əməl edilərək, təmir-tikinti işlərinə başlamazdan əvvəl xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində Yasamal rayon İcra Hakimiyyətinə məlumatlandırma icraatı zamanı tələb edilən sənədlər təqdim edilməklə müvafiq məlumat verilmişdir. Həmən məcəllənin 80.4-cü maddəsinə əsasən cavabdeh orqan tərəfindən 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır, lakin cavabdeh orqan tərəfindən qeyd edilən müddət ərzində ona heç bir imtina cavabı gəlməmişdir. Həmçinin fərdi yaşayış evinin tikintisi ilə bağlı ona yaradılan maneələrdən sonra tərəfindən Azərbaycan Respublikasının Baş Prokurprluğuna müraciət edilmiş və müraciəti aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq tərəfindən aparılan tikintinin Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin müddəalarına uyğun şəkildə tənzimləndiyi C-154-151 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla da təsdiq edilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh orqan tərəfindən onun barəsində qanunsuz və əsassız qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 09 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin tərtib etdiyi 09 yanvar 2023-cü il tarixli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, tikintisi aparılan evin ümumi hündürlüyü 5.50 metr, qonşu ev ilə ara məsafəsi isə 0.84 metrdir. O hesab edir ki, orada daha əvvəl yaşadığı üçün ortaq divarı tikməmişdən əvvəl qonşudan razılıq almalı deyil. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi X10 şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon polis idarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X6 izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan X8 01 noyabr 2022-ci il tarixdə 102 zəng mərkəzinə müraciət edərək Tural adlı şəxsin onun evinin yaxınlığında qanunsuz tikinti işi görməsi barədə məlumat vermişdir. Bundan sonra əraziyə baxış keçirilmiş, şikayətin əsaslı olduğu hadisə yerində öz təsdiqini tapdığından X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 03 noyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, dalan 11, ev 5 ünvanında qanunsuz tikili aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 09 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; Həmin Məcəllənin 71-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsinə əsasən Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğuları istisna olmaqla) funksional təyinatı dəyişdirilməklə, onlarda qanunsuz olaraq yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 09 yanvar 2023-cü il tarixli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar