Məhkəmə qərarları › İş №3(004)-5371/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5371/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5371/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 23712373 saylı inzibati tənbeh vermə haqqında qərardan X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 23712373 saylı inzibati tənbeh vermə haqqında qərardan X1 şikayəti Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə onun Asanpay kabinetinə EQ23712373 saylı protokol üzrə inzibati qərarla cərimə olunmağı ilə bağlı bildirişlər əlavə olunmuşdur. Həmin protokola əsasən xx.xx.2024-cü il tarixli qərarla xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, N.Hikmət - A.Şərifzadə küçəsinin kəsişməsində yol tələbinə riayət etməməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, yuxarıda qeyd etdiyi inzibati protokol əsasında çıxarılan elektron qərar əsassız və qanunsuzdur. İlk öncə bildirmək istəyir ki, elektron qərar nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetə qanunla müəyyən olunmuş müddətin keçməsindən sonra yerləşdirildiyi üçün şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Göründüyü kimi inzibati xəta üzrə qərarlar, inzibati məsuliyyətə cəlbetmə müddətinin keçməsindən sonra qəbul edilmişdir. Bu səbəbdən də hesab edir ki, həmin qərarlar üzrə başlanılmış icraata xitam verilməlidir. Bundan əlavə bildirmək istəyir ki, bir inzibati xətaya görə onun barəsində iki ədəd (EQ23712373 və EQ23712374 saylı protokollar üzrə) elektron qərar tərtib edilmişdir. Belə ki, internet informasiya resursunda yaradılan elektron kabinetə əlavə olunmuş fotolarda EQ23712373 saylı qərar üzrə pozuntu xx.xx.2024-cü il tarixdə saat 11:24:10-cu saniyədə olur və EQ23712374 saylı qərar üzrə pozuntu xx.xx.2024-cü il tarixdə saat 11:24:11-ci saniyədə olur. Yani iki saniyə ərzində mənə eyni pozuntuya görə iki inzibati tənbeh tətbiq olunmuşdur. Beləliklə, hesab edir ki, yuxarıda qeyd olunanlara və qanunvericiliyin tələbinə əsasən başlanmış icraata isə xitam verilməlidir. Qeyd etməyi zəruri hesab edir ki, elektron portalda (asanpay.az) elektron qərarın özü DYPİ tərəfindən yerləşdirilmir, yalnız onun nəticə hissəsi, yəni cərimənin təyin edilməsi hissəsi daxil edilir. Bu səbəbdən məhkəmədən zəruri bildiyi halda həmin qərarı baxışa qədər DYPİ-dən tələb etməsini də xahiş edirəm. Bütün bunları nəzərə alaraq xx.xx.2024-cü il tarixli EQ23712373 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilməsi xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə baxışında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini, xx.xx.2024-cü il tarixli EQ23712373 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət ərizəsinə əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ23712373 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ23712373 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 oğlu xx.xx.2024-cü il tarixində, Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət – A.Şərifzadə küçələrinin kəsişməsi ərazisində yol nişanlarının tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanı törətdiyinə görə 36 (otuz altı) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “Asan Ödəniş” sistemindən çıxarışdan görünür ki, vətəndaş X1 barəsində xx.xx.2024-cü il tarixli, EQ 23712373 saylı inzibati xəta haqqında qərar 26 sentyabr 2024-cü il tarixinə qüvvədədir. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli EQ23712373 saylı inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X2 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsi nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 şikayət ərizəsi qismən təmin edilməli, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ23712373 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ23712373 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər BDYPİ-ə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar