Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5382/2023 20.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, məhkəmə iclas katibi Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 339.1 və 347-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun nümayəndəsi X1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində Azərbaycan Milli Elmlər Akademiyasının Neft və X2 Rayon Polis İdarəsi tərəfindən qeyd olunan tarixdə sorğu cəmiyyətə daxil olmamışdır. Göründüyü kimi Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutuna istinad edilən inzibati xəta hadisəsi yoxdur. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutu mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmişdir. Bununla da Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına olan Bakı şəhəri Yasamal RPİ-nin Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutuna ünvanladığı sorğudan görünür ki, həmin MMCdən mülkiyyətində olan “Chevrolet Niva” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili 01 sentyabr 2023-cü il tarixdə, saat 17:15-də idarə edən sürücü barədə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SX002182093AZ” saylı sifarişli xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin sorğusu qəbul edilməkdən imtina edilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən "xxxx" MMC-yə ünvanlanmış sorğuya daxil olmuş 02 noyabr 2023-cü il tarixli 3-27-109-2/2154 nömrəli cavab məktubundan müəyyən edilir ki, X5 İdarəsi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutuna ünvanlanan SX002182093AZ saylı sifarişli xəbərnaməli məktub xx.xx.2023-cü il tarixində 122 saylı poçt şöbəsində (PŞ) qəbul olunaraq ünvanı üzrə göndərilmişdir. Həmin məktub xx.xx.2023-cü il tarixdə xidmət ərazisi üzrə 143 saylı PŞ-yə daxil olmuşdur. Lakin zərfin üzərində qeyd edilən ünvanda sözügedən təşkilat fəaliyyət göstərmədiyi üçün mövcud qaydaların tələblərinə uyğun sənədləşdirilərək geri qaytarılmışdır. Göründüyü kimi, Yasamal RPİ-nin DYPŞ-nin “SX002182093AZ” ştrix kodlu sifarişli xəbərnaməli məktubu ünvan sahibinə çatdırılmamış və göndəriciyə geri qaytarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, məktubun hüquqi şəxs tərəfindən qəbul edilməsinə dair iş materiallarına əlavə edilmiş xəbərnamə sübut olaraq qəbul edilə bilməz. Protokol tərtib etmiş qurum tərəfindən isə bunun əksini sübut edən hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Həmin sorğunun qeyd edilən hüquqi şəxsə çatdırılmasına dair iş materiallarına poçt xəbərnamədəki imzanın kimə məxsus olması (soyadı, adı), xəbərnaməyə imza etmiş fiziki şəxsin həmin hüquqi şəxsə aidiyyəti (işçisi, səlahiyyətli nümayəndəsi olub-olmaması) müəyyən edilə bilinmir. Bununla da qeyri müəyyən poçt xəbərnaməsi ilə hüquqi şəxsin inzibati məsuliyyətə səbəb olan və səlahiyyətli orqanın sorğusunun qəbul edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Sorğunun hüquqi şəxsə çatdırılması tam təsdiq edilmir, bununla da təqsirliliklə bağlı zidiyyətli və şübhəli məqamlar vardır. Həmçinin nəzərə alınmalıdır ki, xəbərnamədə yalnız soyad göstərilməklə imza edilmişdir, imza edən şəxsin adı və cəmiyyətlə bağlılığı qeyd edilməmişdir. Belə bir vəziyyətdə həmin xəbərnamənin kimin imzaladığını müəyyən etmək qeyri-mümkündür. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. X3 haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası İXM-nin 57-ci maddəsi ilə tənzimlənmişdir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İXM-nin 57.3-cü maddəsinə əsasən ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Beləliklə, 5 gün ərzində cavablandırılması tələb edilən sorğunun hüquqi şəxsə İXMnin 57-ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir. Təqdim edilmiş protokolun əsaslılığına dair hər hansı digər bir sübut təqdim edilməmişdir. Belə bir vəziyyətdə rəsmi qaydada çatdırılması təsdiq edilməyən sorğuya cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş 02 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol və materialları araşdıraraq hesab edir ki, protokol İXM-nin 339.1-ci maddəsinə münasibətdə düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyildir. Belə ki, həmin protokolda şəxsin törətdiyi əməl dəqiq göstərilməmişdir. Bununla da qərarda ümumiyyətlə şəxsin törətməsi ehtimal edilən hadisə, inzibati xətanın mahiyyəti göstərilməmişdir, şəxsin hansı əməlinin İXM-in 339.1-ci maddəsinin tərkibini yaratdığı, əməlin tövsifi göstərilməmişdir. Belə ki, İXM-nin 339.1-ci maddəsinə əsasən aşağıdakı əməllərin törədilməsi həmin maddə ilə inzibati xəta hesab edilir: - Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə - və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, - yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozması. Protokolda sadəcə İXM-nin həmin maddəsinin yalnız nömrəsi göstərilməklə, həmin maddənin tələblərinin pozulduğu göstərilmişdir. Lakin həmin maddədə bir neçə pozuntu əlamətləri, əməllər, yəni inzibati məsuliyyətə səbəb ola biləcək bir neçə əlamətlər və hallar (dispozitiv əlamətlər) müəyyən edilmişdir. Halbuki, İXM-in 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmçinin İXM-in 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. İnzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə protokol tərtib etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə inzibati xəta haqqında protokola baxarkən, həmin protokolda qeyd edilən əməlin (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Konkret əməl (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) protokolda göstərilmədiyi üçün, məhkəmə belə bir qeyri müəyyən əmələ görə tərtib edilmiş protokol əsasında işə baxa bilməz. Səlahiyyətli orqan protokol tərti edərkən, şəxsin bu və ya digər hər hansı bir dəqiq göstərilməyən qeyri-müəyyən əməli törətməsini nəzərdə tutmasını məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, protokolda konkret inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibini yaradan əməl qeyd edilmədiyindən, şəxsin törətdiyi inzibati xətanın mahiyyətinin nədən ibarət olması göstərilmədən, inzibati xəta haqqında protokolda göstərilməyən hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-in inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Protooklda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması protokolda öz əksini tapmalıdır. Konkret göstərilməyən, dəqiqləşdirilməmiş əməlin düzgün olub-olmamasını yoxlamaq da mümkünsüzdür. Çünki protokolda mövcud olmayan bu və ya digər əməli, inzibati məsuliyyətə səbəb olman məhz hansı əməl kimi səlahiyyətli orqanın nəzərdə tutmaq istəməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törətməsi və məhz həmin əməlin İXM-lə inzibati xəta kimi nəzərdə tutulması protokolda səlahiyyətli orqan tərəfindən müəyyən edilməmişdir, yazılmamışdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən tərtib olunmuş 02 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət inzibati xəta haqqında 02 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5382/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5382/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver