Məhkəmə qərarları › İş №3(004)-54/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-54/2021

01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-54/2021 01.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx xxxxxx 1997-ci il tarixdə Qəbələ rayonu, Soltan Nuxa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qəbələ rayonu, Soltan Nuxa kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində özünə məxsus 36-A-324 dövlət qeydiyyat nişanlı motosikletlə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə Kaktus restoranı istiqamətindən Asan xidmət istiqamətinə saatda 45- 50 km/saat sürətlə hərəkət edərkən, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən yolu keçən piyada ilə toqquşmuşdur. O, hadisə nəticəsində yıxılmış və bir neçə saniyə yerdə qalmışdır. Hadisə şahidləri ona köməklik etmişlər, ayağa qalxmış, qarşı tərəfin xəsarət aldığını görüb dərhal X6 Stansiyasına zəng etmişdir. Piyada özünə gəlib ayağa qalxmış, təlaşa heç bir lüzum olmadığını bildirmiş, o isə TTYS-ni gözləməsini inadla həmin piyadaya bildirmişdir. Zərər və xəsarəti ilə bağlı heç bir şikayəti yoxdur. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, 8/1927 nömrəli ekspert rəyi ilə razı deyildir. Çünki hadisənin qarısını almaq üçün əlindən gələni etmişdir, həmin anda hadisənin qarşısını almaq ümumiyyə mümkün deyildir və özünü təqsirli bilmir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİnin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə zərərçəkmiş şəxsin və Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın tərkibi olduğu üçün qərarın surəti Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 19:22 radələrində “ZS150-68” (motosikl) markalı, 36-A-324 dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan sağlamlığa zərər vurmanın təyini ilə bağlı 852 nömrəli ekspert rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər-ənsə nahiyəsinin əzilmiş yarası və sağ budun qançırı küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəxsin göstərdiyi şəraitdə yəni xx.xx.2020-ci ildə piyada qismində olarkən hərəkətdə olan motosikletin hissələrinin dəyməsindən törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin x xxxxxx 2020-ci il tarixli 8/597 nömrəli ekspert rəyindən görünür ki, ZS150-68 markalı, 36-A-324 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs X1 ifadəsindən görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 19:30 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsində, Kaktus restoranının yanında yolu qarşı tərəfə keçərkən fikirli olduğuna görə ətrafa dəqiq baxmamış, buna görə də, həmin küçə ilə üzü Kaktus restoranı istiqamətinə hərəkət edən moped onu vurmuşdur. Daha sonra o, həmin mopedin sürücüsü ilə yolun kənarında dayanıb söhbət edən zaman hadisə yerinə TTYS-nin ekipajı getmiş və onu xəstəxanaya aparmışdır. Orada müayinə olunduqdan sonra evə buraxılmışdır. O, hadisə zamanı cuzi xəsarət almış, həmçinin, hadisə onun ehtiyatsızlığından baş verdiyinə görə məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Barəsində protokol tərtib olunmuş şəxs Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs özünə məxsus ZS150-68 markalı 36-A-324 dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2020-ci il tarixdə saat 19:22 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində Kaktus restoranının yaxınlığında hərəkətdə olarkən, ehtiyatsızlıq edərək 1958-ci il təvəllüdlü X2 vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs təqsirini etiraf etməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə yardım göstərməsini və zərərçəmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, hadisədən sonra zərərçəmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar