Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5438/2025 04.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə X2 Bakı şəhər DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 08 avqust 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 08 avqust 2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin vəzifəli şəxsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2025-ci il tarixdə TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılaraq 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bundan sonra qanunvericiliyə əsasən şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. İşə baxan məhkəmənin hakimi Rəşad Cavadzadə tərəfindən çıxarılmış qərar əsasında şikayət ərizəsi qismən təmin edilmiş, Azərbaycan Respublikası DİN BDYPİ xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilmişdir. Həmçinin həmin inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində barəsində yerləşdirilmiş inzibati cərimə silinmişdir. Lakin iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərildiyi üçün DİN BDYPİ işi yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, iştirakı ilə yenidən əsaslı qərar qəbul etməli olduğu halda bunu etməmiş, Azərbaycan Respublikası adından çıxarılmış qərarı əhəmiyyətsiz hesab etmişdir. Bu cür yanaşma dövlət orqanının öz dövlətinə, onun qanunlarına hörmətsiz yanaşmasıdır. Beləliklə DİN BDYPİ xx.xx.2025-ci il tarixdə yenidən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Heç bu haqda sms bildiriş, poçt ünvanına məlumat göndərilməmiş, bu haqda təsadüfən YPX əməkdaşı tərəfindən məlumat əldə etmişdir. Hesab edir ki, bu özbaşınalıqlar nə vaxtsa aradan qaldırılacaq və ümumiyyətlə bu qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, xx.xx.2025-ci il tarixdə 08:50 radələrində mülkiyyətində olan Hyundai Sonata markalı 05BH389 dövlət qeydiyyat nişanlı avtomobili ilə Landau küçəsindən keçməklə Qurban Xəlilov küçəsinə, N.Nərimanov heykəli istiqamətində hərəkət etmişdir. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin qarşısında mövcud olan işıqfordan sağa yaşayış məhəlləsinə daxil olub orada geriyə dönmə edərək, yenidən Qurban Xəlilov küçəsinə çıxmaqla sola Landau küçəsi istiqamətində hərəkətini davam etdirmişdir. Bu zaman Qurban Xəlilov küçəsi ilə Landau küçəsi istiqamətində YPX-nin patrul avtomobilində hərəkət edərək xidmət aparan inspektor ona avtomobilini saxlamaq əmrini verdi və saxlanmanın səbəbinin yol hərəkəti qaydasını pozmağı olduğunu bildirdi. O, qayda pozuntusunu izah edərək bildirdi ki, guya bilavasitə vizual olaraq aşkar etmişdir ki, o, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 4 saylı əlavəsində göstərilən 4.1.4 məcburi hərəkət istiqamət nişanının tələbini pozaraq sola dönmək qadağan edilmiş hissədən sola dönmə etmişdir. O, inspektora etirazını bildirmiş və sual ünvanlayaraq qeyd etmişdir ki, necə olur ki, onunla qarşı-qarşıya hərəkətdə olan YPX-nin patrul avtomobilində quraşdırılmış video müşahidə cihazı hadisəni qeydə almayıb? Məntiqi sualına cavab verə bilməyən inspektor protokol tərtib edəcəyini, narazı qaldığı halda şikayət etmək hüququmun olduğunu bildirməklə guya qanuni davranış nümayiş etdirdi. Lakin unutmuşdur ki, heç bir sübut olmadan subyektiv məqsəd üçün qərəzli şəkildə, şəxsi mülahizə və fərziyyə əsasında şəxsi məsuliyyətə cəlb etmək konstitutsion hüquq pozuntusudur, özbaşnalıq və süründürməçilikdir, insan və vətəndaş hüquqları və azadlıqlarının pozulmasıdır. Hətta onu da qeyd etmişdir ki, inzibati xəta haqqında protokolda inzibati xəta hadisəsinin yeri Landau küçəsi göstərilir. Halbuki, müvafiq yol nişanı Qurban Xəlilov küçəsində yerləşir. İnzibati Xətalar Məcəlləsinin 5.1-ci maddəsinə əsasən İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8, 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qanunvericiliyə əsasən inzibati xəta hadisəsi inzibati xəta haqqında iş üzrə sübut edilməli olan haldır. Bu iş üzrə yalnız inzibati xəta haqqında protokolu sübut növü hesab etməklə inzibati xəta hadisəsi törədildiyi qənaətinə gəlmək inzibati xəta qanunvericiliyinin təməl prinsiplərinə ziddir. İnzibati xəta haqqında protokol o zaman sübut növü hesab olunur ki, fakt digər sübutlarla (izahatlar, şahid ifadələri, video və foto qeydlər, ekspert rəyi və s.) təsdiq edilsin. İnzibati xəta haqqında protokol obyektiv, dolğun və dəqiq məlumatları əks etdirirsə mötəbər sübut hesab edilə bilər. Tək bir sübut-xüsusilə inzibati orqan tərəfindən tərtib olunmuş protokol şəxsin məsuliyyətə cəlb edilməsinə yeganə əsas ola bilməz. Bu obyektiv araşdırma tələbi və qərəzsiz qiymətləndirmə hüququ ilə ziddiyyət təşkil edir. İnzibati protokol hakimiyyət nümayəndəsinin baxış bucağını əks etdirir, lakın bu baxış digər sübutlarla yoxlanılmalıdır, əks halda, şəxsin təqsirsiz sayılma hüququ və ədalətli müdafiə hüququ pozulur. İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, inzibati xəta haqqında protokol Bakı şəhəri Yasamal rayonunun inzibati ərazisində tərtib olduğu üçün barəsində başlanmış inzibati xəta haqqında işə aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxılmalı, tərəfindən inzibati xəta hadisəsi törədilmədiyi üçün barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Odur ki, Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin vəzifəli şəxsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayəti müdafiə edərək, məhkəməyə qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən əlavə sübutların təqdim edilməsini, Bakı şəhər DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 08 avqust 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X3 barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 08 avqust 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ-nin polis kapitanı X1 tərəfindən qəbul edilmiş 08 avqust 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixində, saat 08:59-da Bakı, Landau Məhəllə 535, 535 ünvanında “Hundaı Sonata minik” markalı, 05BH389 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-3259/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X2 şikayətinin qismən təmin edilməsi, Azərbaycan Respublikası DİN BDYPİ xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİnə göndərilməsi, Azərbaycan Respublikası DİN BDYPİ xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimənin silinməsi qərara alınmışdır. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X2 yol nişanlarının tələblərinə riayət edilməməsi göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 08 avqust 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2025-ci il tarixində, saat 08:59-da Bakı, Landau Məhəllə 535, 535 ünvanında “Hundaı Sonata minik” markalı, 05BH389 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 327.1-ci maddəsində göstərilən heç bir tələbi pozmamışdır. Şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-5438/2025 saylı və xx.xx.2025-ci il tarixli, 3(004)-5438/2025 saylı məktubları ilə Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinə sorğu verilərək, qərarın qəbul edilməsinə əsas olan inzibati protokolu, inzibati qərarı, inzibati xətanın törədilməsi zamanı hadisəni özündə əks etdirən CD diski (video kamera görüntüsü və ya foto görüntü), inzibati xətanın mövcudluğunu təsdiq edən digər hər hansı bir sübutu, qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən həmin Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, İXM-nin həmin (yəni 16-cı) fəsili ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, həmin Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, yuxarı səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyətdə artıq İXM-nin 124.3, 124.4-cü maddələrinn, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz həmin şəxs tərəfindən törədilməsində şübhələr yaranır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə – qırx manat məbləğində cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində olan Bakı şəhər DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 08 avqust 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə də şəxsin təqsirli olmasını sübut edə biləcək (video-görüntü, foto və s.) heç bir sübut təqdim edə bilməmiş və həmçinin iş materiallarında olan sübutlarla da X3 tərəfindən yol nişanlarının tələblərinə riayət edilməməsi sübut olunmamış, həmçinin Bakı şəhəri Yasamal Rayon Rayon Məhkəməsinin 3(004)-3259/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar araşdırılmadan yenidən səlahiyyətli orqan tərəfindən eyni məzmunlu qərar qəbul edilmişdir ki, göstərilən bu kimi hallar inzibati xətanın X3 tərəfindən baş verməsini şübhə altına almış, bundan əlavə X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 08 avqust 2025-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və X2 AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 08 avqust 2025-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-5438/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5438/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver