Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5446/2025 20.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə 11 avqust 2025-ci tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2025-ci il saat 08:05 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində Şəxs MMC-yə məxsus sərnişin daşınmasını yerinə yetirən “Hyundai” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, xx.xx.2025-ci il saat 08:05 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində Şəxs MMC-yə məxsus sərnişin daşınmasını yerinə yetirən “Hyundai” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 326-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında çıxış edərək MMC-nin heç bir təqsirinin olmadığını, sözügedən nəqliyyat vasitəsinin MMC-yə mülkiyyət hüququ ilə məxsus olduğunu və həmin nəqliyyat vasitəsindən kommersiya məqsədi ilə istifadə etmədiklərini, fəaliyyət istiqamətlərinin başqa olduğunu bildirmiş və göstərilənlərə əsasən Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 11 avqust 2025-ci tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il saat 08:05 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində Şəxs MMC-yə məxsus sərnişin daşınmasını yerinə yetirən “Hyundai” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” 11 avqust 2025-ci il tarixli aktdan görünür ki, 11 avqust 2025-ci il saat 08:05 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində Şəxs MMC (VÖEN - **********) mülkiyyətində olan “Hyundai” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Nümayəndə3 Azərbaycan Respublikasının NK-nin 2009-cu il 24 aprel tarixli 71 №-li qərarı ilə təsdiq edilmiş, avtomobil nəqliyyatı ilə sərnişin daşımaları yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasının 2.2, 3.2-ci bəndlərinin tələblərini pozduğu aşkar edilmişdir. Tərtib edilmiş protokolun Şəxs MMC-yə göndərilməsi ilə bağlı bildirişdən görünür ki, protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə, surəti isə Şəxs MMC-yə göndərilmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən reysqabağı texniki müayinə məntəqələrinin siyahısı, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin edən tibb müəssisələrinin və tibbi müayinə məntəqələrinin ünvanlarının siyahısı, Bakı Regional İdarəsinin Yük daşımaları şöbəsinin inspektorunun vəzifə təlimatı ilə bağlı zəruri sübutlar, həmçinin müxtəlif şirkətlərin AR İXM-nin 326-cı maddəsi ilə mövcud məhkəmə qərarları məhkəməyə təqdim edilmişdir. Şəxs MMC tərəfindən verilmiş yol vərəqəsindən görünür ki, sürücü Nümayəndə3 idarə etdiyi “Hyundai” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 01.08xx.xx.2025-ci il tarixlərində sazdır, parkdan çıxma vaxtı xx.xx.2025, parka qayıtma vaxtı xx.xx.2025-ci il tarixdir. BB723885 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 90JN025 dövlət qeydiyyat nişanlı avtomobil Şəxsnə mülkiyyət hüququ ilə mənsubdur. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, 90JN025 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Nümayəndə3 Şəxsndə sürücü vəzifəsində işləyir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun (01 aprel 2008-ci il tarixli, №556-İİİQ) 26.3-cü maddəsinə görə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarla "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası” təsdiq edilmişdir. Həmin “Qayda”nın 1.1-ci bəndinə görə, bu Qayda “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasını müəyyən edir. “Qayda”nın 1.2-ci bəndinə görə, bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımaları, taksi minik avtomobilləri ilə sərnişin daşımaları, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4.-cü maddəsinə görə avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar dedikdə sərnişin və ya yük daşınması müqaviləsi, yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar başa düşülür. Qanunun təhlilindən də müəyyən edilir ki, İXM-in 326-cı maddəsi kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm daşımalara şamil edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə isə avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar dedikdə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalar başa düşülür. Hansı ki, bu cür daşımalar üçün istifadə olunan avtonəqliyyat vasitələri həmin hüquqi şəxslərin və ya fərdi sahibkarların işçiləri tərəfindən idarə olunmalıdır. Bundan başqa, Qanunun 1.0.9-cu maddəsinə görə daşıyıcı dedikdə daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar başa düşülür. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə görə, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar sərnişin və yük daşımaları haqqında müqavilə, sərnişin və yük daşımalarının təşkil olunması haqqında müqavilə, icarə (kirayə) müqaviləsi, habelə avtomobil daşıyıcıları ilə avtomobil nəqliyyatı ilə daşımaların sifarişçiləri (sərnişinlər, yükgöndərənlər, sərnişin və yük avtomobil daşımalarının təşkilatçıları) arasında bağlanan digər müqavilələr əsasında yerinə yetirilir. Həmin Qanunun 28.1-ci maddəsində, avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsinə görə daşıyıcı, sərnişini və onun baqajını yola düşmə yerindən təyinat məntəqəsinə çatdırmağı, sərnişin isə daşınma haqqını ödəməyi öhdəsinə götürür. Nəzərə almaq lazımdır ki, eyni müddəa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 842-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 326-cı maddəsinə əsasən, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və təqdim edilmiş sənədləri hərtərəfli araşdırmışdır. Məlum olmuşdur ki, Şəxs MMC-nin əsas fəaliyyət istiqaməti nəqliyyat vasitələrinin idarə edilməsindən gəlir əldə etmək deyil, müəssisənin daxili təsərrüfat fəaliyyəti çərçivəsində işçilərin iş yerlərinə daşınmasını təmin etməkdir. Bu halda müəssisənin fəaliyyəti kommersiya xarakterli daşımaları təşkil etmir və İXM-in 326-cı maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət üçün tələb olunan kommersiya məqsədi mövcud deyildir. Təqdim edilmiş yol vərəqəsi və digər iş materiallarından görünür ki, sürücü Nümayəndə3 idarə etdiyi “Hyundai” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtobus yalnız işçilərin iş yerinə çatdırılması məqsədilə istifadə edilmişdir. Beləliklə, daşımalar yalnız müəssisənin təsərrüfat ehtiyacları üçün və öz hesabına həyata keçirilmişdir ki, bu da “Avtomobil nəqliyyatı haqqında” Qanunun 1.0.5-ci maddəsində nəzərdə tutulmuş təsərrüfat daşımalarına uyğundur. Bundan başqa, avtobus MMC-yə mülkiyyət hüququ ilə aid olmuş, yəni nəqliyyat vasitəsi müəssisənin balansında olmuş və kənar şəxslər üçün kommersiya məqsədli daşımalar həyata keçirilməmişdir. Sürücü isə həmin MMC-nin əməkdaşı olmuş və avtobusu öz vəzifəsi çərçivəsində, müəssisənin daxili ehtiyacları üçün idarə etmişdir. Bu faktlar sübut edir ki, MMC-nin fəaliyyəti daşıyıcı kimi kommersiya məqsədli sərnişin daşımalarına aid deyildir. Qanunun 1.0.9-cu maddəsinə görə daşıyıcı yalnız daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin daşımalarını həyata keçirən hüquqi şəxs və ya fərdi sahibkar sayılır. İş materialları və təqdim edilmiş sənədlər göstərir ki, burada belə müqavilə və ödəniş mövcud olmamış, əksinə həmin avtobusun mülkiyyətçisinin MMC olduğu və idarə edən şəxsin isə əmək müqaviləsi ilə həmin MMC-də sürücü işlədiyi məlum olmuşdur. Nəticədə MMC-nin fəaliyyəti qanuni tələblər çərçivəsində həyata keçirilmiş və İXMin 326-cı maddəsinə əsaslanan inzibati məsuliyyət tərkibi yaranmamışdır. Yuxarıda göstərilən hallardan çıxış edərək məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi müəyyən edilməmişdir və iş üzrə icraata xitam verilməsi qanunauyğun, əsaslı və ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş 11 avqust 2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs MMC-nin əməlində İXM-in 326-cı maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-5446/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5446/2025
20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver