Məhkəmə qərarları › İş №3(004)-5447/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5447/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5447/2024 23.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, X2 nümayəndəsi, vəkil X4 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsinin 01 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsinin 01 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, X18 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolunda qeyd edilənlərə əsasən “Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilən ərazilərə iş icazəsi alınmış X7 adına Nazirliyin “Əmək və Məşğulluq” altsistemində qüvvəyə minmədən müəyyən edilmiş ərazilərə işlərin yerinə yetirilməsinə cəlb edilməsi” müəyyən edilmiş, Protokola əsasən "xxxx" MMC-nin direktoru X12 tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəticəsinə gəlinmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara görə şirkətin ("xxxx" MMC-nin) direktoru X12 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməlin (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) törədilməsinə görə təqsirli hesab olunmuşdur, (protokol və qərarın surəti əlavə edilir.) Həmçinin eyni əsasla X18 Xidmətinin Bakı şəhər İdarəsinin X6 direktoru olduğu hüquqi şəxs "xxxx" MMC barəsində qəbul etdiyi inzibati xəta haqqında MN ******* nömrəli və xx.xx.2024-cü il tarixli protokolu Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-4853/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsinə geri qaytarılmışdır (qərardad əlavə edilir). Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, DƏMX tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, DƏMX-in "xxxx" MMC-yə ünvanlandığı məktubda qeyd olunanın əksinə, bildiririk ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmır. Azərbaycan Respublikasında iş icazəsi yalnız əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün alınır və o da, xüsusi ərazi ilə məhdudlaşmır. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə şəxslərin adı, həmin əraziyə maneəsiz giriş-çıxış məqsədilə daxil edilir. DƏMX-nin BŞİ tərəfindən "xxxx" MMCyə göndərilən xx.xx.2024-cü il tarixli, 3-17-5/2-53784/2024 nömrəli bildirişdə qeyd olunmuş siyahıda əmək müqaviləsi olmadan işlədiyi iddia edilən şəxslər X8, Quliyev Özbək əzbər oğlu, X15, X13, X14, X19, X9, X16 olmuşdur. Belə ki, "xxxx" MMC tərəfindən müvafiq orqanın təqdim etdiyi bildirişə etiraz məktubunda siyahıda qeyd edilən 8 nəfərdən sonuncu şəxs istisna olmaqla digərləri "xxxx" MMC ilə əmək müqaviləsi bağlayan, lakin bir müddətdən sonra əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilən şəxslər olduğu bildirilmişdir. Müvafiq şəxslər “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə əmək müqaviləsi qüvvədə olan dövrdə daxil edilmiş və əmək müqaviləsinə xitam verildikdən sonra isə şəxslərin sistemdən çıxarılmasına dair müraciət edilmişdir. Siyahıda qeyd edilən X7 isə şirkətimizlə hər hansı bağlılığı yoxdur və həmin şəxsin siyahıda və portalda hansı səbəbdən bizə aid göstərilməsi naməlumdur. Buna baxmayaraq müvafiq qurum tərəfindən hüquqi şəxsin barəsində MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol qəbul edilmiş, X7 etirazımızda şirkətimizlə heç bir əlaqəsi olmadığı bildirilsə də, sonuncunun əmək müqaviləsi olmadan işğaldan azad edilmiş ərazilərdə işlərin yerinə yetirilməsinə cəlb edilməsi müddəası ilə inzibati xətanın törədilməsi nəticəsinə gəlinmiş, lakin hüquqi şəxsin məsuliyyəti müəyyən edilməmiş və sənədlər müvafiq quruma geri qaytarılmışdır. Hörmətli Məhkəmə, adı çəkilən orqan məhkəmə tərəfindən hüquqi şəxsin məsuliyyətə cəlb olunmadığını görməzdən gələrək vəzifəli şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qeyd edilənlər təsdiq edir ki, müvafiq orqanın niyyəti heç bir əsas olmadan vəzifəli şəxsi sadəcə məsuliyyətə cəlb etmək olmuşdur. X1 şirkətimizlə hər hansı bağlılığı olmadığı dəfələrlə bildirilsə də, “protokol yazılmalı yönümlü” niyyətindən irəli gələrək hüquqi şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin məhkəmə tərəfindən geri qaytarılmış, buna məhəl qoymayan və məqsədi vəzifəli şəxsi inzibati qaydada tənbeh etməkdən ibarət olan müvafiq orqan vəzifəli şəxsin barəsində qəbul etdiyi protokol əsasında qərar qəbul etmişdir. Məlumdur ki, protokolda inzibati xətanın harada törədilməsi, yəni həmin fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hansı yerdə (iş yerində) və hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi qeyd edilməlidir. Lakin bu qaydaya müvafiq orqan əməl etməmişdir və bu situasiya bir daha sübut edir ki, X7 şirkətimizlə əlaqəsi olmadığı həmin orqana məlum olsa da, heç bir əsaslandırma edə bilməməsinə, sübutlar təqdim edə bilməməsinə rəğmən vəzifəli şəxsə münasibətdə inzibati tənbeh vermə haqqında əsası olmayan qərar qəbul etmişdir. Həmçinin Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli səkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Belə ki, yuxarıda sadalanan hər bir hal göstərir ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan sənəddir, bu səbəbdən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üçün əsas kimi qəbul edilə bilməz və bu hal qəbul edilmiş qərarı da əsassız edir. Odur ki, səlahiyyətli orqan tərəfindən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminin məlumatlarını ətraflı təhlil etmədən və dəqiq araşdırma aparmadan sadəcə ümumi görünüş üçün protokol tərtib edilmiş və bu da əsassız yerə vəzifəli şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbulu ilə nəticələnmişdir. Üstəlik səlahiyyətli orqan hüquqi şəxs barəsində eyni əsasla tərtib edilmiş protokolun sübutedici qüvvəsinin və əhəmiyyətinin olmaması ilə bağlı müvafiq məhkəmənin qərarına məhəl qoymamışdır. Yuxarıda qeyd edildiyi kimi, X1 bizə məlum olmayan səbəblərdən şirkətimizin adma göstərilməsi səlahiyyətli orqana dəfələrlə bildirilmişdir. Belə ki, sonuncu ilə bərabər adı siyahıda qeyd edilən şəxslərə münasibət bildirilmişdir, lakin sonuncu, yəni X7 şirkətə bağlılığının olmaması və bizə naməlum olması inzibati xəta üçün əsas deyil. Odur ki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Əlavə olaraq diqqətinizə çatdırmaq istəyirik ki, "xxxx" MMC-yə partnyor şirkət olan "xxxx" MMC barəsində də İXM-nin 192.1-ci maddəsi ilə adı çəkilən səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 3(005)-2134/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində MN seriyalı ******* nömrəli, 05 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir. Müvafiq orqan tərəfindən apellyasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1730/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, Nərimanov rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Yenə də buna məhəl qoymayan müvafiq orqan tərəfindən eyni əsasla vəzifəli şəxs barəsində qəbul edilmiş protokol əsasında qərar qəbul edilmiş, vəzifəli şəxs tərəfindən şikayət ərizəsi verilmiş və Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1797/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən vəzifəli şəxsin şikayəti təmin edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. (nümunə üçün əlavə edilir). Məlumat üçün bildirir ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar X23 vasitəsilə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir (poçt göndərişinin izlənməsinə dair məlumat vərəqəsi əlavə olunur). Bütün yuxarıda sadalanan hallar sübut edir ki, X12 tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olan əməl törədilməmişdir. Qeyd olunanları nəzərə alaraq, X18 Xidməti tərəfindən X12 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək inzibati xəta üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin direktoru X6 nümayəndəsi, vəkil X10 şikayətin məzmununa uyğun çıxış edərək X18 Xidmətinin Bakı Şəhər İdarəsinin 01 oktyabr 2024-cü il tarixli, MN ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarının hüquq normalarının pozulması ilə qəbul edildiyindən, bu səbəbdən də əsassız və qanunsuz olduğundan ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati material yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsinə qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş 03 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X7 adına Nazirliyin “Əmək və Məşğulluq” altsistemində qüvvəyə minmədən müəyyən edilmiş işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmiş, nəticədə "xxxx" MMC-nin direktoru X12 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsinin 01 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X7 adına Nazirliyin “Əmək və Məşğulluq” altsistemində qüvvəyə minmədən müəyyən edilmiş işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmiş, nəticədə "xxxx" MMC-nin direktoru X12 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 3000 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-4853/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsinə geri qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1797/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1730/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-2134/2024 saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Poçt göndərişlərinin izlənməsinə dair məlumat vərəqəsindən görünür ki, SS915073335AZ izlənmə kodundan görünür ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 01 oktyabr 2024-cü il tarixli, MN ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış hesab edilir. Göründüyü kimi, dövlət orqanlarından (qurumlarından) məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir və inzibati araşdırmanın tələb olunduğu halda, inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs bu barədə qərardad qəbul edib işin bütün hallarını araşdırmalıdır. X18 Xidməti isə Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni "xxxx" MMC tərəfindən icazəsi istənilən, məlumatda adı qeyd edilən şəxsin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməməsini, həmin rayonlara getmişsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamasını araşdırmamışdır. Belə olan vəziyyətdə, X16 hansı tarixlərdə qeyd edilən rayonlara gedib-getməməsi, icazə almaqla həmin ərazilərə getmişsə orada "xxxx" MMC tərəfindən işlərin görülməsinə cəlb edilib-edilməməsi müəyyənləşdirilməli idi. Həmin şəxs üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onun əməyə cəlb edilməsi anlamına gəlmir. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, 01 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarda isə hüquqi şəxs "xxxx" MMC-nin direktoru X12 tərəfindən qərarda adı qeyd edilən şəxsin əməyə cəlb edilməsi göstərilsə də, araşdırma natamam şəkildə aparıldığından və yuxarıda qeyd olunan xüsusatlar aydınlaşdırılmadığından, iş materiallarında bu barədə hər hansı sübut mövcud deyildir. Həmçinin, o da qeyd edilməlidir ki, Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası X18 Xidmətinin əmək müfəttişi X20 tərəfindən "xxxx" MMC-nin direktoru X12 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərini kobud şəkildə pozmaqla qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-3-cü maddəsinə əsasən Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 192.1-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 192.1-ci, 477-1.1.2-ci, 477- 1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X18 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru X6 İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı material üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X6 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X6 şikayəti qismən təmin edilsin. "xxxx" MMC-nin direktoru X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar