Məhkəmə qərarları › İş №3(004)-545/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-545/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-545/2024 23.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili “Universal” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 01 yanvar 1963-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş 23 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(103)-6839/2022 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6839/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qətnaməsi əsasında verilmiş 25 iyun 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 62.000 manat məbləğində pul tutularaq iddiaçı X6 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə Suraxanı rayon İcra Şöbəsində 10 iyul 2023-ci il tarixli qərarla icraata başlanılmışdır. Suraxanı rayon İcra Şöbəsi tərəfindən bildirişlə borclu Şəxs icra sənədinin qanunla müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra etməməsinə görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət barədə xəbərdarlıq edilmiş və bildiriş ona 19 iyul 2023-cü il tarixdə şəxsən imza etdirilməklə təqdim edilmişdir. Daha sonra icra işi aidiyyəti üzrə Yasamal rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X3 tərəfindən icraata başlama haqqında qərar qəbul edilmişdir. İş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatında olduğu müddətdə hər ay 1000 (bir min) manat olmaqla Şəxs tərəfindən icra sənədi üzrə 2.000 (iki min) manat ödəniş edilmişdir. İcra işi Yasamal rayon İcra şöbəsinin icraatına daxil olduqdan sonra isə əlavə olaraq 6000 manat ödəniş edilmişdir. Beləliklə, ümumilikdə icra sənədi üzrə 8000 (səkkiz min) manat ödəniş həyata keçirilmişdir. Verilmiş suallara əsasən icra məmuru bildirir ki, borclu Şəxs onun bütün çağırışlarına vaxtlı-vaxtında gəlir, hər ay ödənişlər etməsinə baxmayaraq icra sənədi üzrə borcu tam şəkildə ödənilməsini təmin etməmişdir. Buna baxmayaraq Təlabkar borcun tam şəkildə ödənilməsini tələb edir. Sonuncu dəfə borclu tərəfindən 17 yanvar 2024-cü il tarixdə icra sənədi üzrə 3000 manat ödəniş həyata keçirilmişdir. Məcburi icra tədbirlərinin təmin edilməsi məqsədilə borclunun əmlak vəziyyəti və bank hesab vəziyyəti yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlakı və ya bank hesabında vəsaiti aşkar edilməmişdir. Göstərilənlərə əsasən X3 tərəfindən tərtib edilmiş protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(103)-6839/2022 nömrəli icra sənədinə əsasən ondan 62.000 manat məbləğində pul tutularaq iddiaçı X8 verilməlidir. O, öz öhdəliklərini dərk edir və icra sənədini aldıqdan sonra hər ay bacardığı qədər ödəniş edir. Belə ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində anbardar kimi işləyir və aylıq əməkhaqqı məbləği 1.126 (bir min bir yüz iyirmi altı) manatdır. Əmək haqqından müvafiq tutulmalar aparıldıqdan sonra ona çatan məbləğ 1.000 (bir min) manatdan aşağıdır. O, öhədlikliyini icra etmək üçün işdən sonra “Bolt” və “Uber” şirkətləri vasitəsilə taksi fəaliyyəti ilə məşğul olaraq əldə etdiyi qazanc hesabına ümumi məbləği 1.000 manata tamamlamaqla hər ay ödəniş edir. Sonuncu dəfə isə "xxxx" ASC-dən 5.000 manat məbləğində kredit götürmüş və onun 3.000 manatını Yasamal rayon İcra şöbəsinin depozit hesabına 27 yanvar 2023-cü il tarixdə icra sənədinin icrası ilə bağlı ödəmişdir. Borcdan qalan hissəsini ödəməyi öhdəsinə götürür. O, məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmır, maddi vəziyyətinin aşağı olması səbəbindən hazıradək borcunu ödəyə bilməmişdir. Hal-hazırda ailəlidir 2 övladı var. Verilmiş suallara əsasən əlavə olaraq bildirir ki, o, pandemiya dövründə nəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olmuş, lakin sonradan sahibkarlıq fəaliyyətində durğun yarandığı üçün müflis olmuş və bütün nəqliyyat vasitələrini dəyərindən aşağı qiymətə satmağa məcbur qalıb borclarını bağlamışdır. X5 isə faiz olaraq borc götürmüş, hazırkı borcun ödənilməsini sübut edə bilmədiyi üçün əlavə xərcə məruz qalmışdır. Hazırda isə ailəsinin də zəruri maddi ehtiyaclarını ödəmək məcburiyyətindədir. Aylıq əmək haqqını alan kimi icra şöbəsinin depozit hesabına ödəyir, taksi fəaliyyətindən qazanclarını isə ailəsinin təminatı üçün sərf edir. Borcu birdəfəlik şəkildə ödəməyə əmlakı və ya digər vəsaiti yoxdur. İcra sənədinin icrasından boyun qaçırmır və hissə-hissə ödənişi üzrlü heasb edilməsini xahiş edir. Odur ki, Şəxs göstərilən hallar nəzərə alınaraq barəsində tərtib edilmiş protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X7 öz izahatında bildirmişdir ki, tərtib edilmiş protokol əsassızdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol o halda tərtib edilə bilərdi ki, borclu borcunu üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməsin və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməsin. İşin faktiki hallarından göründüyü kimi, borclunun maddi vəziyyəti çətinləşmişdir, buna baxmayaraq aldığı əmək haqqını hər ay əmək haqqının verilməsi tarixlərindən asılı olaraq stabil olaraq tam şəkildə icra şöbəsinin depozit hesabına ödəyir. Hətta icra sənədinin icrasının təmin edilməsi üçün bankdan kredit götürüb sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə 3.000 manat məbləğində ödəniş etmişdir. İcra məmurunun özünün də qeyd etdiyi kimi, borclunun əmlak vəziyyəti yoxlanılmış və onun həmin borcu tam şəkildə ödəməyə imkan verən nə əmlakı, hə də digər vəsaiti aşkar edilməmişdir. Hətta borclu Şəxs Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən borcun əməkhaqqına yönəldilməsi ilə bir neçə dəfə icra şöbəsinə müraciət etmiş, lakin təmin edilməmişdir. Bundan başqa o, icra məmurunun çağırışlarına hər dəfə vaxtında gəlir. Ailədə işləyən yeganə şəxsdir. Odur ki, göstərilən hallar nəzərə alınaraq, yəni İXM-nin 528.1-ci maddəsinin dispozisiyasında qeyd olunduğu kimi borclu tərəfindən üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icra edilməməsi və ya icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsi halı mövcud olmadığından, Şəxs əməlində inzibati xətanın tərkib əlamətlərinin olmaması əsası ilə onun barəsində tərtib edilmiş protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə icra sənədi üzrə tələbkar X8 qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru X3 məlumat verərək bildirdi ki, icra işi üzrə tələbkar X10 məhkəmə iclası barədə məlumatlı olmasına baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(103)-6839/2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 62.000 manat məbləğində pul tutularaq iddiaçı X6 xeyrinə ödənilməlidir. İcra işi materiallarında olan Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rövşən Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmış və qərar Şəxs şəxsən imzalatmaqla rəsmi qaydada təqdim edilmişdir. İcra işi materiallarında olan 10 iyul 2023-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən müəyyən edilir ki, həmin bildiriş borclu Şəxs ünvanına göndərilmişdir. Bildirişdə tələbin könüllü icrası üçün 10 gün müddət müəyyən edilmiş və həmin müddətdə tələb icra edilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq qeyd edilmişdir. Lakin qeyd olunan bildirişin borclu Şəxs rəsmi qaydada təqdim edilməsinə dair icra işi materiallarında hər hansı sübut aşkar edilmədi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, icra işinin aidiyyəti üzrə Yasamal rayon icra şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(004)-199/2023 saylı qərardadından müəyyən edilir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməmişdir. İcra işi materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən müəyyən edilir ki, borclu tərəfindən icra sənədinin icrası ilə bağlı avqustdekabr ayları üzrə hər aya 1000 manat olmaqla 5000 manat, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə 3000 manat olmaqla, ümumilikdə 8000 (səkkiz min) ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İnkasso Sərəncamından müəyyən edilir ki, borclu Şəxs bank hesabına icra sənədi üzrə İnkasso Sərəncamı verilmişdir. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan müəyyən edilir ki, borclunun yaşadığı mənzilə baxış keçirilmiş və ona məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. İş materiallarında olan şəxsiyyətə dair məlumatlar üzrə çıxarışdan müəyyən edilir ki, Şəxs evli olmaqla himayəsində iki azyaşlı olmaqla, xx.xx.2018-ci il təvəllüdlü Fidan Məmmədova və xx.xx.2020-ci il təvəllüdlü Mehman Məmmədov adında övladları vardır. İcra işi materiallarında olan sorğulardan, eləcə də elektron icra sistemində aparılan yoxlama məlumatlarından müəyyən edilir ki, Şəxs və onunla evli olan Lalə Məmmədovanın mülkiyyətində tələbin yönəldilə biləcəyi daşınar və ya daşınmaz əmlak və ya bank hesabında olan vəsaitləri yoxdur. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(004)2023 saylı qərardadından müəyyən edilir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarında olan Şəxs Yasamal rayon İcra şöbəsinə ünvanlanmış məktubundan müəyyən edilir ki, o, icra sənədinin əmək haqqından tutulması üçün iş yerinə göndərilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəyə görə Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəyə görə İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3-cü maddəyə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Həmin Qanunun 70.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 70.3-cü maddəyə görə Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Həmin Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir Həmin Qanunun 84.1-ci maddəsinə görə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla) Həmin Qanunun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə işin hallarını və sadalanan normaların tələbini nəzərə alaraq hesab edir ki, araşdırması nəticəsində borclu Şəxs əməlində icra sənədi üzrə üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi halı, yəni onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilməmişdir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dizpozitiv şərtləri özlüyündə, icra sənədinin icra məmurunun tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsini və ya icra məmurunun icra sənədinin icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsini ehtiva edir. Belə olan halda müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəbləri, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsi araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək araşdırılmalıdır. Hazırkı işin hallarından müəyyən edilir ki, icra sənədi üzrə Suraxanı rayon İcra şöbəsində xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmışdır. Qərar borcluya 19 iyul 2023-cü il tarixdə şəxsən imza etdirməklə ona təqdim edilmişdir. Qeyd olunan qərarda tələbin könüllü icrası üçün 10 günlük müddət müəyyən edilmişdir. Lakin qeyd təyin edilmiş müddətin pozulmasının nəticələri ilə bağlı bildirişin borcluya rəsmi qaydada təqdim edilməsinə dair iş materiallarında hər hansı sübut aşkar edilməmişdir. Eləcə də buna dair icra məmuru tərəfindən məhkəməyə hər hansı sübut verilməmişdir. Belə ki, İcra haqqında Qanunun 8-ci maddəsinin tələblərinə səsasən həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirişdə göstərilməli və həmin bildiriş borcluya təqdim edilməlidir. İXM-nin 528.1-ci maddəsinin dizpozitiv şərtindəki icra sənədinin icra məmurunun tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi ilə bağlı imperativ tələbinə münasibətdə məhkəmə hesab edir ki, hazırkı iş üzrə borclunun icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə icrasənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsi hal müəyyən edilməmişdir. Belə, əvvəla müddətin müəyyən edilməsi ilə bağlı bildirişin borcluya təqdim edilməsinə dair iş materiallarında sübut yoxdur. Digər tərəfdən isə işin halları ilə təsdiq edilir ki, borclu icra sənədi ilə bağlı məlumatlı olduğu vaxtdan aylar üzrə stabil olaraq əmək haqqının tam həcmində ödənişlər etmiş, hətta tələbin təmin edilməsi üçün bankdan kredit götürmək məcburiyyətində qalmışdır. Eyni zamanda icra işi materiallarından görünür ki, borclunun və onunla nikahda olan arvadının mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakı, bankda hesabı yoxdur. Bu xüsusat iş materiallarında olan akt, sorğulara cavablar və Elektron İcra İnformasiya Sistemindən aparılmış yoxlama məlumatları ilə öz təsdiqini tapır. Görünən hal odur ki, borclu maddi imkanı olmadığından tələbin hissə-hissə ödənilməsi ilə bağlı aidiyyəti məhkəməyə müraciət etmiş, lakin tələbkarın razılığı olmadığından ərizəsi təmin edilməmiş. Əlavə olaraq o, tələbin əmək haqqına yönəldilməsi üçün icra şöbəsinə müraciət etmiş, müraciətinin təmin edilməməsinə baxmayaraq aylar üzrə əmək haqqı məbləğini tam şəkildə borc tələbinin təmin edilməsi üçün icra şöbəsinin depozit hesabına ödəmişdir. xx.xx.2024-cü il tarixdə isə götürdüyü kredit hesabına 3000 manat ödəniş etmişdir. Dolayısı ilə borclu öhdəliyinə laqeyid yanaşmayaraq mümkün olan tədbirləri görməyə cəhd göstərmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam olaraq icra etməyə obyektiv səbəblərə görə imkanı olmamış, barəsində inzibati xəta haqqında protokol tərtib edilənə qədər isə icra sənədi üzrə borcdan 8.000 manat ödəniş həyata keçirmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq qeyd edir ki, borclu tərəfindən icra məmurunun tərəfindən müəyyən olunmuş müddətdə tələbin icra edilməməsi səbəblər üzrlü sayılmalıdır. İXM-nin 528.1-ci maddəsinin dizpozitiv şərtinin ikinci hissəsindəki icra məmurunun icra sənədinin icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsini ilə bağlı imperativ tələbinə münasibətdə məhkəmə hesab edir ki, icra işi materiallarından görünür ki, borclu dəfələrlə icra şöbəsinə gələrək izahatlar vermiş, eyni zamanda məhkəmə iclası zamanı icra məmuru izahatında bildirmişdir ki, borclu vaxtlı-vaxtında onun çağırışlarına gəlmişdir. Həmçinin icra işi materiallarından borclunun icranın gedişatına maneçilik yaratması halları aşkar edilməmişdir. Məcburi icra tədbiri olaraq onun ölkədən çıxışı məhkəmə qərardadına əsasən müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Məhkəmə iclasında icra məmuru borclunun onun hansı qanuni tələbini yerinə yetirməməsi mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Göründüyü kimi, borclu Şəxs əməlində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməsi və ya icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi halı mövcud deyildir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, şəxsin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qəsd və qərəzli olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar