Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5450/2022 03.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi ilə, Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə saat 13:20 radələrində idarə etdiyi “Opel Vita” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsilə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə Nizami metrostansiyası istiqamətində hərəkət edirmiş. “İst oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında 3 işıqfor var idi. Hər üçü yaşıl yandığından birinci və ikinci işıqfordan keçmiş, üçüncü işıqfordan yaşıl rəngdən keçmiş, o, keçən zaman işıqforun yaşıl rəngi sarı rəngə keçmişdir. O, işıqforu keçəndən sonra Bakı şəhər BPİ-nin DYPİ-nin YPX-nin inspektoru onu saxlamış. Xidməti vəsiqəsini təqdim etmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə barəsində inzibati protokol tərtib etmiş, bu zaman ona məlum olmuş ki, Bakı şəhər DYPİ-nin YPX-nin inspektoru polis baş serjantı X2 tərtib etdiyi TP-4916699 nömrəli qərarla barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin hadisə avtomobilində olan “AZDOME” markalı videoregistrator vasitəsi ilə qeydə alınmış və tərəfindən görüntü 1 ədəd diskə köçürülərək ərizəyə əlavə edilmişdir. Barəsində tərtib edilmiş Bakı şəhər DYPİ-nin YPX-nin inspektoru polis mayoru X3 tərtib etdiyi xx.xx.2022-ci il tarixli TP4916699 nömrəli qərar ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Ərizə əlavə edilən diskdəki görüntüdən görünür ki, hadisə yerində svetofor və ya nizamlayıcı yoxdur, 3.1 “Giriş qadağandır” yol nişanı yoxdur, hadisə zamanı mən sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydaları pozmamışam, çünki orada yolayrıcı yoxdur. Hadisə zamanı mən nəqliyyat vasitəmlə yanacaqdoldurma məntəqəsinə daxil olmamışam. Hadisə yerində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət edilməməsi, sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə hallarınada yol verilməmişdir. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlanmadan bu maddənin ikinci və üçüncü hissədə müəyyən edilən yerlərdə saxlaya biləcək sürücülərə hərəkəti davam etməyə icazə verilir. Görüntüdə göründüyü kimi, üçüncü işıqforu keçəndən sonra piyada zolağı mövcuddur. O, yaşıl işıqda keçəndə işıqfor sarı yanmış və o, kəskin piyada zolağının üzərində tormozlanma apara bilməzmiş. Bundan əlavə İXM-nin tələblərinə görə bütün şübhələr vətəndaşın xeyrinə həll edilməlidir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, protokolun bütün qrafaları o cümlədən inzibati xətanın texniki vasitələrdən qeydə alınması hissədi boşdur. Protokol tərtib edilərkən inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqlarım yəni Azərbaycan Respublikasının Konstitusiyasında, İnsan Hüquqları haqqında Avropa Konvensiyasında və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları pozulmuşdur. Yəni hüquqların təmin edilməsi proseduruna əməl etməmişdir. YPX inspektorunun hər hansı bir sübutu video görüntüsü var idisə, bu xx.xx.2022-ci il tarixli protokolda öz əksini tapmalı idi. Heç bir texniki vasitəsi ilə qeydə alınmış videogörüntü protokola əlavə edilməmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxı barədə proses iştirakçılarına lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Şikayətçi A.N.Əliyeva isə məhkəməyə ərizə ünvanlayaraq, hazırda səhhəti ilə əlaqədar Zaqatala rayonunda olduğunu və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, A.N.Əliyeva xx.xx.2022-ci il tarixdə, saat 13:21-də “Opel Vita minik” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Tbilisi prospektində svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Ona görə də o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, A.N.Əliyeva xx.xx.2022-ci il tarixdə, saat 13:21-də “Opel Vita minik” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Tbilisi prospektində svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Qeyd olunan qayda pozuntusu YPX əməkdaşı tərəfindən bilavasitə qeydə alınmış, həmin nəqliyyat vasitəsi YPX əməkdaşı tərəfindən saxlanılmış, sürücü barəsində Bakı şəhəri BPİ DYPİ-nin YPX-nin inspektoru polis baş serjantı X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və daha sonra bu barədə Bakı şəhəri BPİ DYPİ-nin polis mayoru X6 tərəfindən xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, A.N.Əliyevanın əməli düzgün olaraq Bakı şəhəri BPİ DYPİ-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbinin pozuntusu kimi qiymətləndirilərək onun barəsində 60 manat məbləğində inzibati cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan A.N.Əliyevanın verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-5450/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5450/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver