Məhkəmə qərarları › İş №3(004)-5468/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5468/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5468/2024 15.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X5 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə 09 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, 09 oktyabr 2024-cü il tarixdə saat 15:00-da Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 99/101 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı sertifikatsız tibbi fəaliyyəti (ümumi cərrah X6) aşkar edilmiş, nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X9 izahat verərək bildirmişdir ki, o, Azərbaycanda ən ağır əməliyyatları keçirmiş həkimlərdən biridir. Doktor Hacıbabayev də həmçinin bir çox uğurlu əməliyyatlar keçirmiş cərrahdır. Onların klinikalarında onkoloji xəstəliklər üzrə çalışırmış. Həmçinin onun bir sıra uroloji sahə üzrə sertifikatları vardır. Onlar həmin sənədləri hazırda məhkəməyə təqdim etmişlər. Hacıbabyev hazırda onların klinikasında çalışmır, onun işdən çıxma səbəbi isə iş yerini dəyişməsidir. Məhkəməyə təqdim olunmuş məqalələr dünyanın səhiyyə sahəsində qabaqcıl ölkələrin ABŞ, İngiltərə, Fransa, İrlandiya kimi ölkələrdə çap olunan məqalələlərdir və orada göstərilir ki dünyada sünnət əməliyyatları ailə həkimləri, ümumi cərrahlar, uroloqlar, hətta ginikoloqlar tərəfindən həyata keçirilə bilər. Həmçinin Hacıbabayev Azərbaycanda, Türkiyədə, Rusiyada dəfələrlə rotasiyadan keçmişdir. Xeyriyyə məqsədi ilə yüzlərlə uşağı sünnət etmişdir. İndi bir bədbəxt hadisəyə görə onu inzibati məsuliyyətə cəlb etmək düzgün deyil. Göstərilən tibbi əməliyyatın yalnız uroloqlar tərəfindən aparılmasını göstərən hər hansı akt mövcud deyildir. Odur ki, Şəxs MMC barəsində tərtib olunmuş inzibati protokol əsassız və qanunsuzdur. Göstərilənləri nəzərə alaraq barələrində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs kilinikasında çalışan həkimin sertifikatı urologiya olmadığına görə onun “sünnət” cərrahi əməliyyatını keçirməsi qanunsuzdur. Bunu tənzimləyən hər hansi bir normativ akt olmasa da bu beynəlxalq qəbul olunmuş normadır. Həmin əməliyyat tibbi olaraq uroloji əməliyyat hesab edildiyi üçün ümumi cərrahın bu əməliyyatı icra etməsi qanunsuzdur. Bu səbəbdən də hüquqi şəxs Şəxs MMC barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 Avropa Səhiyyə təşkilatının qəbul etdiyi akta əsasən uroloji əməliyyatların ümümi cərrahlar tərəfindən keçirilməsinə yol verilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş X6 izahatında bildirmişdir ki, ATU-nun "Urologiya" kafedrasında rotasiya dövrünü uğurla keçmişdir. Rusiyada da, Azərbaycanda da bir çox elmi dərəcəsi olan mütəxəssislər urologiya üzrə ən həcmli əməliyyatları icra etsələr də ola bilər ki, onların "uroloq" ixtisası üzrə sertifikasiyası yoxdur. Azərbaycanda da elmi vəzifələrdə çalışan uroloqların çoxu sertifikasiya prosesinə cəlb olunmayıb və hal-hazırda gündəlik praktiki fəaliyyətlərini davam edirlər. Elə tip xəstəliklər var ki, orada bir neçə mütəxəssis eyni tibbi proseduranın öhdəsindən gələ bilər, Kriptorxizm( yerinə enməmiş xaya) xəstəliyinə görə əməliyyatı uşaq cərrahları da, uroloqlar da, ümümi cərrahlar da aparır. Xaya qasıq kanalında və ya kanalın çıxışında olduğu halda uşaq cərrahı və ya uroloq bunun öhdəsindən gələ bilər. Lakin xaya bəzən qarın boşluğunda olur, heç qasıq kanalına da daxil olmur. Bu zaman xayanın elementləri qısa olduğu üçün burada əməliyyatları icra etmək üçün laparoskopiyaya daha yaxşı hakim olan ümumi cərrah və hətta damar cərrahı cəlb oluna bilər ki, o xayanın damarı xüsusi əlavə bir damar parçası ilə uzadılsın ki, xaya xayalığa çatdırılsın. Bu tip əməliyyatlar bir neçə mütəxəssis tərəfindən icra oluna bilər. Tibbdə professor Kirpatovski tərəfindən xaya transplantasiyası aparılmışdır. Professor Kirpatovski bir ümumi cərrah, transplantoloq- cərrah olmuşdur. O, İstanbul Universitində rotasiyada olarkən pediatrik transplantasiya qrupunda çalışmışdır. Uşaq cərrahları qarın boşluğuna çox əməliyyatlar icra edə bilsələr də, qaraciyərə aid bir çox mürəkkəb əməliyyatları çəkməkdə çətinlik çəkə bilərlər. Onların qaraciyər əməliyyatlarında təcrübəsi nisbətən az olduğu üçün onlar əməliyyatı ümumi cərraha həvalə edirlər. Və yaxud böyrək şişlərində olan tromblar aşağı boş venaya keçəndə, qaraciyər venaları səviyyəsindən yuxarı çıxdıqda bu tromblar ümumi cərrah və transplantoloqların işə cəlb olunmasını tələb edir. Tromb xüsusilə ürəyə çatdıqda müştərək əməliyyat tələb olunur: ürək -damar cərrahı əməliyyata cəlb olunur və süni qan dövranı şəraitində bu əməliyyat müştərək briqada tərəfindən aparılır. Onkourololoji sahədə böyük təcrübə var. Xarici və daxili sidik-cinsiyyət orqanlarının törəmələri ilə uzun müddətdir müddət məşğul olmuş və əməliyyatlarını icra etmişdir. Milli Onkoloji Mərkəzin çalışdığı dövrdə bu mərkəzin tarixində ilk olaraq tam çıxarılmış sidik kisəsi əvəzinə nazik bağırsaqdan süni sidik kisələrinin yaradılması əməliyatlarını aparmışdır. Hərbi-səhra cərrahiyyəsi üzrə ixtisaslaşma haqqında setifikatı və təcrübəsi var. Bu sənəd onlara bütün aspektdə təcili cərrahi və uroloji cərrahi patologiyaları əməliyyat etmək ixtiyar verir. Və elə bir normativ akt yoxdur ki, bu sahədə hərbi- səhra cərrahına məhdudiyyət qoysun. Ölkənin bütün periferik hərbi hospitallarında ümumi cərrah vəzifəsini daşıyan mütəxəssislər ümümi cərrahi və uroloji yardımı göstərirlər. Məhkəməyə təqdim olunan analitik ekspertiza əməkdaşlarının tutduğu akta onlar qeyd ediblər ki, guya mütəxəssissin uroloq sertifikatı olmalı idi, lakin cərrah sertifikatı var. Əslində onların da yanaşması ilə əgər o aktı onların məntiqinə uyğun düzgün yazılsaydı, o zaman bu haqda hətta uşaq cərrahının sertifikatının tələb olunduğunu da yazmaq lazım gələrdi. Bəlkə uşaq cərrahı bu cür məhkəmə işi ilə bağlı burada olsaydı bu zaman ondanda uroloq sertifikatı mı istənərdi? Bu bir qüsurlu yanaşmadır. Bu aktın tərtib olunmasında prosesual qayda pozulmuşdur, təyin olunmuş aktlaşdırma aparılması üçün təyin olunmuş 3-cü şəxs naməlum səbəbdən iştirak etməmişdir və onun niyə olmaması barəsində Real Hospital MMC-yə heç bir sənəd təqdim edilməyib. Praktiki fəaliyyətlə məşğul olan həkimlər 5 ildən bir sertifikasiyadan keçirlər. Sual olunur, praktiki həkimlər haqqında hər hansı bir akt tutan işçilər özləri hansı sertifikasiyandan keçiblər. Onun fikrincə onların tərtib etdiyi bu akt məhkəmə üçün heç bir əsas kimi qəbul edilə bilməz. Sünnət prosedurasının Azərbaycan Respublikası ərazisində kimin apara biləcəyini tənzimləyən heç bir normativ sənəd bu günə qədər tibb müəssisələrinə təqdim olunmamışdır. Gözəl bilinir ki, ölkəyə daxil edilən dərmanlar analitik ekspertizadan keçirildiyi halda onların sonrakı müayinəsi zamanı tərkibilərində bəyan edilmiş əsas təsiredici maddənin yetərsiz miqdarda olması, bəyan edilən tərkibə uyğun olmaması səhiyyə üçün böyük bir problemdir. Özəl tibb müəssisələrinin sertifikasiyası İqtisadiyyat Nazirliyi tərəfindən hal-hazırda aparıldığı üçün Səhiyyə Nazirliyinin Analitik ekspertiza əməkdaşlarının hər hansı bir sertifikat istəməyi tam uyğun da deyil. Əlavə olaraq qeyd etmişdir ki, onun da öz övladına özü şəxsən Real Hospitalda sünnət proseduru etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7nin Tibbi mütəxəssisi X10 tərəfindən tərtib olunmuş 09 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 09 oktyabr 2024-cü il tarixdə saat 15:00-da Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 99/101 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı sertifikatsız tibbi fəaliyyəti (ümumi cərrah X6) aşkar edilmiş, nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7nin 09 oktyabr 2024-cü il tarixli 612 nömrəli plandankənar (növbədən kənar) yoxlama aktından görünür ki, xx.xx.2024-cü il tarixdə müraciət əsasında Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 99/101 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama aparılmış, yoxlamanın birinci sualı üzrə X1 (tibbi qeydiyyat) Yasamal Rayon Prokurorluğunda olduğu üçün baxışa təqdim edilməmiş, yoxlamanın ikinci sualı üzrə X6 uroloji iş və fəaliyyəti həyata keçirməsi üçün sertifikasiya şəhadətnaməsindən keçməmişdir (ixtisası ümumi cərrahdır). Yoxlamanın üçüncü sualı üzrə X6 əmək müqaviləsinin bildirişi üzrə ümumi cərrah kimi işə qəbul olunmuşdur. X2 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Aktın sahibkarın izahatı, iradı və ya etirazı hissəsində MMC-nin direktoru vəzifəsində çalışan X9 araşdırılan məsələ ilə bağlı Şəxsda uşağın sünnət olunmasına xəstəxananın anesteziloqunun imtina verdiyini, səbəb kimi uşağın yemək yeməsi və çox kiçik olması ilə əlaqədar olduğunu, həkim və uşağın valideynləri arasında olan şəxsi münasibətlərə görə sünnət əməliyyatının lokal yerli anesteziya altında icra edildiyini bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7 tərəfindən plandankənar (növbədən kənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-28-1/3-2-1125/2024 saylı qərardan görünür ki, Bakı səhəri, Yasamal rayonu, Zahid Xəlilov 99/101 ünvanında yerləşən Şəxs MMC-də AEM-nin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X11, AEM-nin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X10, AEM-nin Tibbi Nəzarət şöbəsinin baş hüquq məsləhətçisi X14 tərəfindən plandankənar (növbədən kənar) yoxlamanın keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli KY242191530 seriyalı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 99/101 ünvanında yerləşən Şəxs MMC-də xx.xx.2024-cü il tarixli 3-28-1/3-2-1125/2024 saylı Qərar əsasında plandankənar (növbədən kənar) yoxlamanın keçirilməsi barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Diplomun surətindən görünür ki, X6 N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsini bitimişdir. Diplomun surətindən görünür ki, X6 2011-ci ildən 2016-cı ilədək Azərbaycan Tibb Universitetində ümumi-cərrahiyyə ixtisası üzrə rezidenturada təhsil almışdır. AH 044992 nömrəli “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi”nin surətindən görünür ki, X6 10 may 2022-ci il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşöul olmaq üçün icazə verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 Şəxs MMC-də xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi üzrə ümumi cərrah kimi işə qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2 Şəxs MMC ilə olan əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “X7” Publik hüquqi şəxsinə daxil olmuş Şəxs MMC-nin məlumatından görünür ki, Şəxs MMC-nin ixtisas növləri üzrə gördüyü işlərin siyahısında uroloji işlər də olmuşdur. 088762 nömrəli lisenziyanın surətindən görünür ki, Şəxs MMC-yə özəl tibb fəaliyyəti həyata keçirməyə icazə verilmişdir. 088762 nömrəli lisenziyanın əlavəsindən görünür ki, Şəxs MMC-yə bir sıra sahələrdə, eləcə də otorinolarinqologiya sahəsində ambulator tibbi xidmət göstərməsinə icazə verilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, aparılan araşdırma zamanı X3 Şəxs MMC-də keçirdiyi sünnət əməliyyatından sonra ölməsi faktında heç bir cinayət tərkibi əlamətləri aşkar olunmadığından 236-C-24 nömrəli araşdırma materialı üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC-yə məxsus klinikada sertifikasiya şəhadətnaməsi olmadan tibbi praktiki fəaliyyətlə məşğul olma qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ünvan 3 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən plandankənar yoxlama zamanı sertifikatsız tibb fəaliyyəti (ümumi cərrah X6) faktının aşkar edilməsini əsas gətirərək hüquqi şəxs barəsində 09 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin iş materiallarından görünür ki, hüquqi şəxs Şəxs MMC-yə məxsus klinikada işləmiş X4 Azərbaycan Respublikasının ərazisində ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Göstərilən əməliyyat spesifik xüsusiyyətə məxsus (olan əməliyyat məs: göz, beyin əməliyyatları və.s) olmayan əməliyyat hesab olunduğundan ümumi cərrah tərəfindən icra oluna bilməsi ilə bağlı qadağalar və ya yalnız uroloq tərəfindən icra olunmasını göstərən hər hansı akt mövcud olmamaqla məhkəməyə təqdim olunmamışdır. Bundan savayı, məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X9, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 və X6 izahatlarında ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olan həkimin sünnət əməliyyatını həyata keçirə bilməməsi ilə bağlı və ya yalnız uroloq həkimin sünnət əməliyyatını apara bilməsinin hər hansı normativ hüquqi aktla tənzimlənmədiyini mübahisəsiz qaydada təsdiq etmişlər. Həmçinin konkret olaraq göstərilən tibbi əməliyyatın yalnız uroloqlar tərəfindən aparılmasını göstərən hər hansı akt Azərbaycan Respublikası qanunvericilik siteminə daxil olan aktlarda mövcud olmadığından hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar məsuliyyətə cəlb edilməsi hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarar. Hüquqi şəxs Şəxs hüquqi aktla tənzimlənməyən hər hansı hərəkət və ya hərəkətsizliyə görə inzibati məsuliyyətə cəlb oluna bilməz. Beləliklə məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin tələblərini, əməldə AR İXM-nin 215.4-cü maddəsinin tərkibinin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar