Məhkəmə qərarları › İş №3(004)-5471/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5471/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5471/2024 07.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X2 və tələbkar X3 iştirakları ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-162/2014 saylı icra sənədində qeyd olunan tələbi üzürsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)- 162/2014 saylı icra sənədinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X4 məxsus ikinci mərtəbəsindəki otağına olan pilləkan və əvvəlki giriş-çıxış qapıları, 1-ci mərtəbədəki sahənin, ümumi istifadədə olan köməkçi sahənin texniki pasporta uyğun olaraq bölünüb mövcud halında qeydiyyata alınması nəzərdə tutulsa da bu 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tam icra edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru, X5 bilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)- 162/2014 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün cavabdeh bildiriş göndərilmişdir. Lakin tələb düzgün icra edilməmişdir. Belə ki, icra vərəqəsində sözügedən əmlak paylı mülkiyyətdir və həmin mülkiyyətin texniki pasportuna istinadən qeydiyyata alınmalı olan bir otaqlı yaşayış sahəsi, anbar kimi qeyd olunan sahə qeyri-yaşayış sahəsi, ümumi istifadədə olan sahənin iddiaçıya aid hissəsi çıxarışda öz əksini tapmamışdır. Belə ki, texniki pasportda göstərilən qeydlər iddiaçıya məxsus əvvəldən mövcud olan bir və iki otaqlı yaşayış sahələrinin tərkibində köməkçi sahə olmaqla əlavə olunaraq göstərilmişdir. Bu hal qanuna zidd olmaqla iddiaçının qanunu maraqlarına və hüquqlarına toxunmaqla icra edilmişdir. Eyni zamanda Ali Məhkəmənin qərarına aid icra vərəqəsinin tələbi üzrə, tələbkarın əmlakının qeydiyyata alınmalı ikinci mərtəbədəki otağı və birinci mərtəbədəki sahənin çıxarışında – texniki pasportdakı mövcud haldakı fərqin göstərilməsi üçün mütəxəssisin iştirakına zərurət yarandığından xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə “mütəxəssisin dəvət edilməsi haqqında” qərarlar qəbul olunaraq cavabdeh quruma göndərilməsinə baxmayaraq hər iki halda mütəxəssislər məsələnin aydınlaşdırılması üçün Yasamal rayon icra şöbəsinə gəlməmişlər. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-162/2014 saylı icra sənədi Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə ləğv edilib qət etdi hissəsi dəyişdirilmiş və xx.xx.2024-cü il tarixdə yenidən icraya yönəldirilmişdir. Lakin həmin tarixdən indiyədək icra sənədi üzrə tələb cavabdeh qurum tərəfindən tam şəkildə yerinə yetirilməmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus 1 (bir) otaqlı fərdi yaşayış evi və qeyri-yaşayış sahəsi çıxarışda, əvvəlki 2 (iki) otaqlı və 1 (bir) otaqlı fərdi yaşayış evlərinin köməkçi sahələrinin üzərinə əlavə olunmaqla göstərilmiş və bununla da icra vərəqəsi natamam icra olunmuşdur. Halbuki icra vərəqəsinə əsasən qeyd olunan fərdi yaşayış evinin 1-ci mərtəbəsindəki 15.3 kv.m qeyri- yaşayış sahəsi və 2-ci mərtəbəsində yerləşən 14.3 kv.m 1 otaq, 3.5 kv.m mətbəxt, 2.1 kv.m sanitar qovşağı, 60 kv.m açıq eyvan hissəsi olmaqla 1 otaqlı fərdi-yaşayış evi çıxarışda ayrıca qeyd olunmaqla göstərilməli idi. Bununla bağlı cavabdeh quruma dəfələrlə müraciətlər olunsa da icra vərəqəsinin düzgün qaydada icrası təmin edilməmişdir. Buna görə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasınin yeri və vaxtı barədə lazımı qaydada dəfələrlə xəbərdar edilməsinə və onların iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclaslarını təxirə salınmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)- 162/2014 saylı icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-162/2014 saylı icra sənədinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin X4 məxsus ikinci mərtəbəsindəki otağına olan pilləkan və əvvəlki giriş-çıxış qapıları, 1-ci mərtəbədəki sahənin, ümumi istifadədə olan köməkçi sahənin texniki pasporta uyğun olaraq bölünüb mövcud halında qeydiyyata alınması qət edilmişdir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışdan görünür ki, icra vərəqəsi üzrə qeydiyyata alınmalı olan, X4 aid 1 (bir) otaqlı fərdi yaşayış evi və qeyriyaşayış sahəsi çıxarışda, əvvəlki 2 (iki) otaqlı və 1 (bir) otaqlı fərdi yaşayış evlərinin köməkçi sahələrinin üzərinə əlavə olunmaqla göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********82-10301 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, X4 aid tikilinin 2-ci mərtəbəsində yerləşən 1 (bir) otaqlı fərdi yaşayış evi köməkçi sahələri və eyvanı ilə birlikdə və 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi ayrıca əmlakdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 2(004)-162/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə ləğv edilib qət etdi hissəsi dəyişdirilmiş və xx.xx.2024-cü il tarixdə icra vərəqəsi yenidən icraya yönəldildiyindən plan cizgiyə istinadən birinci mərtəbədəki 15.3 kv.m qeyri- yaşayış sahəsinin, ikinci mərtəbəsində yerləşən 14.3 kv.m 1 otaq, 3.5 kv.m mətbəxt, 2.1 kv.m sanitar qovşağı, 60 kv.m açıq eyvan hissəsi olmaqla 1 otaqlı fərdi-yaşayış evini mövcud halında göstərilməklə qeydiyyata alınmasının təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan X3 Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədir Nigar Alimovaya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ali Məhkəmənin qərarına aid icra vərəqəsinin tələbi üzrə əmlakının çıxarışında texniki pasportdakı mövcud halın göstəricilərinə uyğun, ikincı mərtəbədəsindəki bir otaqlı fərdi-yaşayış evinin köməkçi sahələri və eyvanı ilə birlikdə ayrıca olmaqla göstərilməsi, eləcə də birinci mərtəbədəki qeyri-yaşayış sahəsi ayrıca olmaqla göstərilərək qeydiyyatın tamamlanmasına dair göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-162/2014 saylı icra sənədinin icrası ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən mütəxəssislərin dəvət edilməsi qərara alınmış və bununla bağlı bildiriş səlahiyyətli orqana təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-dən və onun 1 saylı Bakı Ərazi İdarəsindən müvafiq olaraq X4 və Bakı şəhəri Yasamal Rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinə dair mövcud olan sənədlər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-162/2014 nömrəli icra vərəqəsi əsasında qanunamüvafiq qaydada tərtib olduğu qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri Yasamal Rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, tədqiqat obyektinə müayinə edilməsi üçün İdarənin müvafiq şöbəsinin mühəndis-inventarlaşdırıcısı X1 (əlaqə nömrəsi: 070 717-71- 73) iştirakı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təmin ediləcəkdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ali Məhkəmənin qərarına aid icra vərəqəsinin tələbi üzrə, tələbkarın əmlakının qeydiyyata alınmalı ikinci mərtəbədəki otağı və birinci mərtəbədəki sahənin çıxarışında – texniki pasportdakı mövcud haldakı fərqin göstərilməsi üçün mütəxəssisin iştirakına zərurət yarandığından xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə “mütəxəssisin dəvət edilməsi haqqında” qərarlar qəbul olunaraq cavabdeh quruma göndərilməsinə baxmayaraq hər iki halda mütəxəssislər məsələnin aydınlaşdırılması üçün Yasamal rayon icra şöbəsinə gəlməmişlər. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla məhkəmə qətnaməsinin icra edilməsinə əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). Məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin təqsiri üzündən icra sənədi tam icra edilməmişdir və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra sənədinin icra edilməməsi, Konvensiyanın 6-cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əmlak vəziyyəti və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar