Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5477/2022 29.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi İsmayılzadə Turan Tahir qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 464-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş 03 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə məcburi auditi aparılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 464-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 bildirdi ki, cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC-nin dövriyyəsi ******* manat, işçilərinin sayı isə 47 nəfərdir. Belə olduğu təqdirdə cəmiyyət kiçik sahibkarlıq subyektinə aid olduğundan onun barəsində protokol tərtib edilməsi qanunvericiliyə uyğun deyildir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə, işə qeyd olunan tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 19 sentyabr 2022-ci il tarixli MİHO/1.1-2-2022-5610 nömrəli bildirişdən görünür ki, Şəxs MMC 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 03 oktyabr 2022ci il tarixdə saat 09:30-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətinin Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov, ev 10, mənzil 16-dır. (VÖEN: **********) Şəxs MMC tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin çıxarışından görünür ki, həmin cəmiyyətin ümumi dövriyyəsi 965007.23 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 20 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, 2021-ci il üzrə Şəxs MMC kiçik sahibkarlıq subyektinə aid edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli 3(004)- 5477/2022 saylı qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilənərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 3(103)-2957/2022 saylı qərarından görünür ki, Şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 3(004)- 5477/2022 saylı qərarı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş 03 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının 16 sentyabr 1994-cü il tarixli 882 nömrəli Qanununun 2-ci maddəsinə əsasən “Audit-əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən “Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir. Həmin meyarlara əsasən işçilərinin sayı 1-10 nəfər və ya illik gəlirləri 200 000 (iki yüz min) manatdan aşağıda olan sahibkarlıq subyektləri mikro, işçilərinin sayı 11-50 nəfər və ya illik gəlirləri 3 000 000 (üç milyon) manatdan aşağı olan sahibkarlıq subyektləri kiçik sahibkarlıq subyektləri adlanırlar. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 03 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş 03 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5477/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5477/2022
29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver