Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5489/2022 23.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 və Şəxs MMC-nin direktoru X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC 19870.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq 19870.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X5 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Əlavə olaraq məhkəmədə çıxışında bildirdi ki, Şəxs MMC tərəfindən Mərkəzi Banka təqdim edilmiş sənədlərdə uyğunsuzluğlar aşkar edilmişdir. Belə ki, 34.000 ABŞ dollar məbləğində xaricə avans şəklində köçürülən vəsait invoisda qeyd olunan malların Gürcüstan Respublikasından idxal olunan mallardan sonra köçürülmüşdür. Bundan əlavə invoisda qeyd olunan malların çeşidləri ilə idxal olunan malların çeşidlərin arasında əhəmiyyətli ziddiyətlər var. Məhz buna görə protokolun əsaslı və qanuni hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 bildirmişdir ki, Şəxs MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, həmin protokol tərtib edilərkən onlar dəvət edilməmişdir. Əks halda, müvafiq sənədləri təqdim edərdilər və protokol da tərtib edilməzdi. Şəxs MMC 19870.00 ABŞ dolları məbləğində pulu xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Həmin köçürməyə əsasən də xarici partnyorlardan almış olduqları mal Azərbaycan Respublikasına idxal olunmuşdur. Bu halı tədiq edən gömrük bəyannamələrini məhkəməyə təqdim edirlər. Göründüyü kimi Şəxs MMC-yə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Ona görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ŞəxsMMC-nin direktoru X6 öz çıxışında bildirdi ki, rəhbərlik etdiyi şirkət barəsində tərtib olunmuş protokol əsassızdır. Belə ki, Çin Xalq Respublikasına invois əsasında köçürülən 34.000 ABŞ dolları vəsaitə əsasən ordan onun adına Gürcüstan Respublikasına mallar göndərilmişdir. Həmin malların bir hissəsini o özü şəxsən Azərbaycan Respublikasına Şəxs MMC-nin ünvanına, digər hissəsini isə digər ölkəyə göndərmişdir. 19870 ABŞ dolları məbləğinə uyğun mallar ölkəmizə idxal olunmuşdur. Bunları təsdiq edən sənədləri məhkəməyə təqdim edərək, MMC barəsində Mərkəzi Bank tərəfindən tərtib olunan protokola əsasən inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC 19870.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq 19870.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəməyə təqdim edilmiş yük gömrük bəyannamələrini, invoisları, parking vərəqləri isə müvafiq avans köçürməsinin təyinatı və ya ödəniş sənədləri ilə eyniləşdirilməsi mümkün olmamışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həddində, yəni ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq 3974.00 ABŞ dolları məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-5489/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5489/2022
23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver