Məhkəmə qərarları › İş №3(004)-549/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-549/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-549/2023 27.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Müslüm Fariz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Goranboy rayonunun, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Goranboy rayonunun, Zeyvə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili X2 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 26 yanvar 2023-cü il tarixdə Yasamal rayonu, C.Cabbarlı küçəsində ünvansız təhqiramiz ifadələr işlədərək xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 protokolu müdafiə edərək bildirmişdir ki, 26 yanvar 2023-cü il tarixdə saat 17 radələrində ərazidə xidmətdə olarkən Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində Şəxs yüksək səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozduğunu görüb ona yaxınlaşaraq, nizamintizama dəvət etmişlər. X5 polis əməkdaşlarını gördükdə daha da aqressivləşmiş öz qanuna zidd hərəkətlərinə davam edərək polisin qanuni tələblərini yerinə yetirməmişdir. Bu səbəbdəndə Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdirlər. Lakin o polisin qanuni tələbinə tabe olmayaraq idarəyə getməkdən imtina etmiş, lakin onun polis idarəsinə gətirilməsi təmin edilmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində saat təxminən 17 radələrində əsəbi olduğundan ucadan ünvansız nəlayiq söyüşlər söymüşdür. Bu vaxt ona iki nəfər şəxs yaxınlaşıb özlərini və xidməti vəsiqələrini təqdim etmişlər. Polis əməkdaşları olduqlarını bildirərək onu nizam-intizama, sakit olmağa dəvət etmiş, lakin o polis əməkdaşlarının iradına məhəl qoymadan öz əməlini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu baş mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə dəvət etmişlər. Lakin o yenədə onların qanuni tələbinə tabe olmamışdır. Buna baxmayaraq polis əməkdaşları onu saxlayıb polis idarəsinə gətirmişlər. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər 25 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, 26 yanvar 2023-cü il tarixdə saat təxminən 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində bir nəfər şəxsin yüksək səslə nəlayiq ifadələr işlətdiyini və ünvansız söyüşlər söydüyünün şahidi olmuşdur. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onların polis əməkdaşı olduğunu gördükdə daha da aqressivləşərək öz qanunsuz əməllərinə davam edərək onların qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdəndən onlar sonradan adını bildiyi Şəxs şəxsiyyətinin müəyyən edilməsi məqsədilə onu Azərbaycan Respublikası Daxili İşlər Naziriyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdir. Lakin o polisin qanuni tələbinə tabe olmayıb polis şöbəsinə getməkdən imtina etmişdir. Buna baxmayaraq onlar tərəfindən onun polis idarəsinə gətirilməsi təmin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili X2 tərəfindən həmin idarənin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində iş yoldaşı BMCMİ-nin əməliyyat müvəkkili polis leytenantı X3 ilə birlikdə xidməti zərurət ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən Nizami metrosunun qarşısında olarkən bir nəfər şəxsin ictimai yerdə özünü aqressiv aparmaqla ünvansız nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşmış, özlərini təqdim edib ictimai qaydanı pozmamağı xahiş etmişlər. Lakin həmin şəxs özünü daha da aqressiv aparmaqla onların qanuni tələblərinə qəsdən tabe olmaqdan imtina etmiş və öz hüquqazidd hərəkətlərini davam etdirmişdir. Qeyd olunan şəxs saxlanılaraq Baş İdarəyə gətirildikdən sonra onun xx.xx.1979-cu ildə Goranboy rayonunda anadan olmuş Şəxs olması müəyyən edilmişdir. İnzibati xəta törətmiş şəxsi tutmaq barədə 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:15-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasənXırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 26 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində səs-küy salıb nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş və ərazidə xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 26 yanvar 2023-cü il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 26 yanvar 2023-cü il tarixdən saat 17:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası zərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar