Məhkəmə qərarları › İş №3(004)-5497/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5497/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5497/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Bərdə filialının müdiri Yusif Vahidi inzibati xəta haqqında iş üzrə qərarla bağlı məhkəməyə ünvanlandığı şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Bərdə filialının müdiri Yusif Vahidi inzibati xəta haqqında iş üzrə ərizə ilə məhkəməyə müraciət edərək, İXM-nin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığına görə həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, şikayətdə onun barəsində qəbul edilmiş inzibati xəta haqqında qərardan şikayət edilməmiş, qərarın ləğv edilməsi tələb edilməmişdir. Şikayətdəki tələb “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin İXM-nin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığına görə həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməsi barədə qərar çıxarılması olmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, “X1 Olmayan Kredit Təşkilatı” MMC əvvəllər də məhkəməyə sorğu ilə müraciət etmiş, sorğuya cavab olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli məktubla “X1 Olmayan Kredit Təşkilatı” MMCnin İXM-nin 347-ci maddəsi ilə hər hansı material daxil olmamışdır. Halbuki, qanunvericilikdə inzibati tənbehvermə haqqında qərardan məhkəməyə şikayət verilə bilməsi nəzərdə tutulmuşdur. Şikayət dedikdə isə qərardan narazılığın ifadə edilməsi, bu narazılığın əsasları qərarda qeyd edilməli, sonda isə həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi xahiş edilməlidir. Əgər şəxs qərarın ləğv edilməsini və ya dəyişdirilməsini istəmirsə, onda məkəmə öz təşəbbüsü ilə bü cür qərarlardan birini çıxara bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilibedilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129-cü maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılması nəticəsində məhkəmənin çıxara biləcəyi qərarlar İXM-nin 134-cü maddəsində qeyd edilmişdir. Şikayətə baxılaraq məhkəmə İXM-nin 134-cü maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İXM-in 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilən məsələlərdən biri də İXM-in 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmamasını yoxlamaqdır. Bununla da inzibati tənbehvermə haqqında qərarın qanunsuzluğu və həmin qərarın ləğv və ya dəyişdirilməsi məhkəmədən xahiş edilmədiyi üçün, protokolla bağlı məhkəməyə ünvanlanmış şikayətdə yalnız məhkəmədən bu işə baxılması xahiş edildiyindən, məhkəmə isə yalnız qərardan şikayətə baxa bildiyi üçün, həmin şikayət qərardan şikayət kimi qəbul edilə bilmir. Qeyd edilənlərə əsasən hazırkı şikayət əsasında işə baxılması mümkün olmadığından, şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Bərdə filialının müdiri Yusif Vahidinin inzibati xəta haqqında iş üzrə şikayəti və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət və ya prosest verilə bilməz. Hakim, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar