Məhkəmə qərarları › İş №3(004)-552/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-552/2021

15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-552/2021 15.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov Şikayətçi “xxxx” MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şahmirov “xxxx” MMC şikayətlə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2020ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının tamamilə ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda qeyd edilən şikayət məhkəməyə xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Şikayətdən görünür ki, inzibati tənbeh qərarı xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə şikayət verən şəxsə göndərilsə də, həmin qərardan ilk olaraq Bakı İnzibati Məhkəməyə şikayət etmişdir. Bundan sonra hazırkı şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla da qərarın tənbeh verilmiş şəxsə rəsmi qaydada çatdırıldığı vaxtdan 04 ay sonra məhkəməyə şikayət edilmiş olur. Belə olduğu təqdirdə qərardan məhkəməyə şikayət vermə müddəti buraxılıb. İXM-in 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-in 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İXM-in 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə hazırkı iş üzrə məhkəməyə şikayət vermək üçün müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı üzürlü səbəblərlə əlaqədar deyildir, şikayətçinin öz mülahizəsinə əsasən birinci digər məhkəməyə şikayət verdiyi üçün müddət buraxılmışdır. Ona görə də şikayətvermə müddəti buraxıldığı üçün və həmin müddət bərpa edilmədiyi üçün, bu hallar qərardan verilmiş şikayət üzrə işin icraatını rədd edən hal kimi qiymətləndirilərək şikayətə baxıla bilmir, şikayətə baxıla bilmədiyi üçün geri qaytarılmalıdır. Bundan əlavə inzibati qərar X1 barəsində qəbul edilib. Lakin şikayətdə göstərilir ki, həmin qərardan şikayət “xxxx” MMC tərəfindən verilir. Belə olduğu təqdirdə vəzifəli şəxs barəsində çıxarılmış qərardan hüquqi şəxs tərəfindən şikayət verilə bilməz. Fiziki şəxs barəsində çıxarılmış qərardan şikayəti fiziki şəxs, vəzifəli şəxs tərəfindən çıxarılmış qərardan şikayəti həmin şəxsin özü, hüquqi şəxs barəsində çıxarılmış qərardan şikayəti isə hüquqi şəxs tərəfindən verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilir ki, qərardadda göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmiş ərazi üzrə məhkəmə aidiyyəti qaydalarına əməl etməklə məhkəməyə şikayət verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar