Məhkəmə qərarları › İş №3(004)-5525/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5525/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5525/2022 29.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi X6 X1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 14 iyun 2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər idarəsinin 14 iyun 2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin xx.xx.2019-cu il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə onun barəsində 5000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin tənbeh tədbiri qeyri-qanunidir. Çünki həmin cəriməni ona təyin edən orqan hadisənin mahiyyətini nəzərə almamışdır. Həmin obyektdə iş görülərkən onunla sifarişçi arasında bağlanmış müaviləyə əsasən kranı idarə edəcək şəxs sifarişçi tərəfindən təmin edilməli olmuşdur. Sifarişçi ilə onun arasında 15 fevral 2019-cu il tarixli YM/04 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən icarəyə verənin öhdəlikləri texnikanı icarəyə verməkdir. Yəni həmin texnikanı idarə etmək icarəçinin vəzifəsinə daxil olmamışdır. Belə ki, ilk qərar çıxarılarkən onun izahatına əhəmiyyət verilməmiş, qərar qanunsuz və ədalətsiz olmuşdur. İnzibati xəta haqqında qərarda təsvir olunan gün doğrudan əmək müqaviləsi olmadan işçi çalışmış, lakin həmin işçi yalnız bir gün əmək müqaviləsi olan və daimi çalışan işçini xəstəlik səbəbindən işə çıxmadığı üçün əvəz etmişdir. Eyni zamanda həmin işçi də əmək müqaviləsi olmaqla başqa iş yerində işləmişdir. Beləliklə burada hər hansı şəxsin məsuliyyətdən yayınma halları baş vermımiş, həmçinin dövlət ödəmələrindən yayınma halları olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 14 iyun 2019-cu il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, həmin vaxt kranı idarə edən işçinin ona heç bir aidiyyatı olmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 14 iyun 2019-cu il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi X9 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq öz izahatında bildirmişdir ki, vətəndaş X10 16 may 2019-cu il tarixdə X8 tərəfindən əmək müaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X8 ilə "xxxx" MMC arasında bağlanmış xüsusi texnikanın icarəyə verilməsi barədə müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, icarəyəverən icarəyə verilən xüsusi texnikanın idarə olunması üzrə xidmət göstərir, həmin müqavilənin 1.3-cü bəndində isə qeyd edilmişdir ki, xüsusi texnikanın idarə olunması üzrə xidmət haqqı müqavilədə nəzərdə tutulmuş icarə haqqına daxil olmaqla hesablanır. Göstərilənlərə əsasən qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş X11 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, kran operatorudur. X5 ilə tanışlığı olsa da, onu yaxından tanımır. X8 barəsində qərarın qəbul olunmasına əsas olmuş səbəbdən cox vaxt keçdiyindən o hadisəni dəqiq xatırlamır. Bir müddət bundan əvvəl “Bakı İnşaat” şirkətində işləmiş, sonradan həmin şirkətdə işlərin dayanması səbəbindən məşğulluq idarəsindən qeydiyyatdan keçmiş və həmin vaxt bir günlük işlər olduqca gedib işləyərək pul qazanmışdır. Həmçinin müəyyən vaxtlarda kran işçilərinin “WhatsApp” sosial şəbəsində olan ümumi qrupları vasitəsilə işlərin görülməsi üçün çağırılmışdır. Təxminən 3 il əvvəl Yasamal rayonunun ərazisində yerləşən tikintiyə üç-dörd günlük işləmək üçün çağırılmış, gedib işlədikdən sonra pulunu almışdır. Həmin vaxt o Əyyara məxsus kranı idarə etmək üçün kim tərəfindən çağırıldığını və xidmət haqqının ona kim tərəfindən ödənildiyi onun yadında deyil, lakin təxmin edir ki, onun xidmət haqqı "xxxx" MMC tərəfindən ödənilmişdir. İş üzrə şahid qismində dindirilmiş X17 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o "xxxx" MMC-nin direktorudur. Həmin şirkət bağlanmış podrat müqaviləsinə uyğun olaraq sifarişçi qismində müqavilədə nəzərdə tutulmuş işləri yerinə yetirir. Əyyarı tanımasa da, ona məxsus olan texnika "xxxx" MMC-nin icarəsində olmuşdur. Onların bütün işlək kranları tikinti başa çatana qədər işləmiş, Əyyara məxsus texnika isə həmin MMC-də az müddətdə fəaliyyət göstərmişdir. Kran bahalı və təhlükəli texnika olduğundan kranın sahibi həmin kranı idarə etmək üçün işçi ilə özü təmin edir. X8 "xxxx" MMC-yə icarəyə verdiyi kranı işçi ilə özü təmin etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 03 iyun 2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə protokoluna əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə və Ayna Sultanova küçələrinin kəsişməsi ünvanında xx.xx.2019-cu il saat 13:59-da X11 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 14 iyun 2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə və Ayna Sultanova küçələrinin kəsişməsi ünvanında X11 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X8 barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. 15 fevral 2019-cu il tarixli YM/04 nömrəli müqavilədən görünür ki, “icarəyəverən” hazırki müqavilənin şərtlərinə uyğun olaraq, icarəçiyə müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavəsində göstərilən texnikanı müvəqqəti istifadəsinə verir, həmin “xüsusi texnika”nın idarə olunması üzrə xidmət göstərir, icarəçi isə müqavilədə müəyyən olunmuş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür. “Xüsusi Texnika”-nın idarə olunması üzrə xidmət haqqı (idarə edən operatorların əmək haqqısı) müqavilədə nəzərdə tutulmuş icarə haqqına daxil olmaqla hesablanır. "xxxx" MMC tərəfindən inşa olunan tikinti obyektlərində həyata keçirilmiş monitorinqin nəticələrinə dair arayışdan görünür ki, tikinti obyektində fiziki şəxs X8 (VÖEN: **********) tərəfindən işə cəlb edilmiş 1 şəxslə əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə bağlanılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş video görüntüdən görünür ki, ASAN Xidmətin əməkdaşları tərəfindən "xxxx" MMC-nin tikinti apardığı əraziyə baxış keçirilmişdir. X11 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, "xxxx" MMC-nin işçisidir. Həmin ərazidə Əyyar Abdullayeva məxsus kranda operator işləyir. Onu həmin işə Əyyar cəlb edib. Əyyarla MMC-nin arasında müqavilə bağlanıb, lakin Əyyarla onun arasına müqavilə bağlanıb bağlanmamasından xəbəri yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin məcəllənin 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, X11 ilə əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 192.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər idarəsinin 14 iyun 2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X8in verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı şəhər idarəsinin 14 iyun 2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar