Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5528/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1988-ci ildə Krasnoselsk rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsində hərəkətdə olan zaman avtobus zolağına çıxaraq qarşıda hərəkətdə olan **-AP-*** dövlət nömrə nişanlı avtomobildən yol verməsini tələb etmiş, həmin avtomobilin sürücüsü ona irad bildirərək avtomobilin polisin xidməti maşını olduğunu bildirdikdə, o, həm sürücünün həm də ümümilikdə polis orqanının əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlətmişdir. Polis əməkdaşı onu nizam-intizama dəvət etsə də o, ünvansız söyüşlər söyməyə davam etmişdir və ətrafdakı insanların diqqətini cəlb etmişdir. Polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər, polis şöbəsində o, nalayiq ifadələr işlətmiş, aqressiv hərəkətlər nümayiş etdirərək polis əməkdaşları ilə mübahisə etmiş, polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də, polislərin tələblərinə tabe olmamışdır, səs küy salaraq ətrafdakı insanların diqqətini cəlb etmiş, ictimai qaydanı pozaraq polis əməkdaşlarının ünvanına da nalayiq ifadələr işlətmişdir. Bununla da o, ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs İXM-in 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin sahə inspektoru X5 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, protokolu müdafiə edir. Belə ki, təqsirləndirilən şəxs Şəxs həm yolda nəqliyyat vasitəsi idarə olunarkən polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmiş, daha sonra Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirildikdən sonra həmin bölmədə müavinin otağında yenidən xuliqanlıq hərəkətləri etmiş, polis zabitini təhqir etmiş və yumruqla gözünün altından vurmuşdur. Əməkdaşın aldığı xəsarətlərin dərəcəsi təyin edilmir, lakin buna baxmayaraq hesab edir ki, Şəxs barəsində ən ciddi tədbir görülməldir. Bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan əlavə polis bölməsində olarkən polis əməkdaşları ilə kobud şəkildə davranmış, vətəndaşları narahat etmədiyini bildirərək polisin göstərişlərinə tabe olmayacağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, özünü qismən təqsirli bilir. BM X5 markalı, **- KN-*** dövlət nömrə nişanlı avtomobil onun qardaşına məxsusdur. Yasamal rayonu ərazisində həmin nəqliyyat vasitəsini idarə edərkən, Şıxəli Qurbanov küçəsi ilə yuxarı gedirdi sağ zolaq ilə, Abdulla Şaiq küçəsi istiqamətində, qarşısında Daxili İşlər Nazirliyinə məxsus **-AP-*** nömrəli nəqliyyat vasitəsinə siqnal etmişdir. Lakin polis əməkdaşı tərəfindən nəyə görə siqnaldan istifadə etdiyi ilə bağlı irad bildirilmişdir. O, isə polis əməkdaşına “yaxşı edirəm” deyə cavab vermişdir. Daha sonra nəqliyyat vasitələrini hər ikisi saxlamış, yolda mübahisə olmuşdur. Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirildikdən onunla çox pis davranmışlar, onu təhqir etmişlər və hədə qorxu gəlmişlər. Daha sonra bölmənin müavinin otağında Toğrul adlı polis əməkdaşını vurduğunu etiraf edir. Həmin an o özündə olmamış, çox əsəbi olmuşdur. Məhkəmə iclasında iştirak edən Daxili İşlər Nazirliyi Bakı şəhəri, Yasamal RPİ-nin 26-cl polis bölməsinin əməliyyat müvəkkili X1 izahatında bildirmişdir ki, Daxili İşlər Nazirliyinə məxsus **-AP-*** nömrəli nəqliyyat vasitəsini dünü özü idarə etmişdir, çünki əməliyyatda olmuşdur. BM X5 markalı, **-KN-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü davamlı olaraq ehtiyac olmadan siqnal verirdi. Hətta elə bildi ki kimsə tanışdı. Həmin şəxsdən soruşdu ki, “niyə siqlan verirsən”. Cavabında sərt qaydada Şəxs “yaxşı edirəm” ifadəsini işlətdi. Bundan sonra aralarında mübahisə baş tutub və o, polis bölməsindən kömək çağırmışdır. Daha sonra polis bölməsində şəxs xuliqanlıq hərəkətlərini davam etdirmiş və 102-yə zəng etmişdir. Mübahisəni bitirməyə və barışığa gəlmək üçün polis bölməsinin rəis müavinin otağında şəxsə belə hərəkətlərə yol verməməsi izah olunan zaman Şəxs qəflətən durub onu ağır sözlərlə təhqir etmiş və yumruqla sifətindən vurmuşdur. Ekspert tərəfindən gecə müayinə olunmuş, dərəcəsi təyin edilməyən xəsarətləri var. Şəkilləri məhkəməyə təqdim edə bilər. Onu vuranda otaqda özü, Anar, Samir və Tural müəəlim olmuşdur. Məhkəmə iclasında iştirak edən Daxili İşlər Nazirliyi Bakı şəhəri, Yasamal RPİ-nin 26-cl polis bölməsinin əməliyyat müvəkkili X4 izahatında bildirmişdir ki, dünən polis bölməsində olarkən X1 tərəfindən zəng gəlmiş və o xidməti avtmobil ilə dərhal hadisə yerinə getmişdir. Orada müəyyən edildi ki, təqsirləndirilən şəxs onun iş yoldaşı Toğrul ilə mübahisə etmiş, onu təhqir etmişdir. Bundan sonra Şəxs Polis bölməsinə gətirilmişdir. Polis bölməsində olarkən şəxs qanunsuz hərəkətlərinə son qoymamış, yenə də polisin ünvanına nalayiq ifadələr söyməyə davam etmişdir. Sonda şəxsi sakitləşdirmək məqsədi ilə polis bölməsinin rəis müavini Tural müəllimin otağına gətirmişlər, orada özü, Anar, Toğrul və Tural müəllim olmuşdur. Anar qəflətən Toğrulu təhqir edərək onu yumqula sifət nahiyəsinə vurmuşdur. Toğrul təqsirləndirilən şəxsi vurmamış onu təhqir etməmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinəaid edilmişdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının digər hüquqları ilə yanaşı, hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın 13.13-cü bəndinə əsasən qanun pozuntusunun sənədləşdirilməsi zamanı hərəkət iştirakçısı YPX inspektorunun qanuni tələbini icra etməkdən imtina etdikdə, habelə əsassız iddialar və tələblər irəli sürməklə konfliktli vəziyyət yaratdıqda rəhbər vəzifəli əməkdaşın hadisə yerinə dəvət olunması məqsədi ilə YPX inspektoru növbətçi hissəyə və birbaşa rəisinə məlumat verir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama və xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı, yuxarıda qeyd edilən Raportla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2024-cü il tarixli tutma protokoluna əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:10 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 16 oktyabr 2024-cü il tarixdən saat 20:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-5528/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5528/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver