Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5548/2022 17.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən xx.xx.2022-ci il tarixdə daxil olmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyil. Ona görə də protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, protokolda şəxsin törətdiyi əməl kimi yalnız aşağıdakılar yazılmışdır: - Vət. Baxşıyeva Afət digər şəxs Rüstəmov Əliheydərə məxsus tikinti materialları mağazasından oğurluq etmişdir. Məhz həmin əmələ görə protokol 29-cu PŞ-nin sahə inspektoru Aqil Quliyev tərəfindən tərtib edilmişdir. Lakin protokolda hadisənin törədildiiyi tarix, vurulmuş ziyanın məbləği, zərərçəkmişin soyadı, adı, atasının adı göstərilməmişdir. Vurulmuş ziyanın məbləği ilə bağlı sübut toplanılmamışdır, ekspert rəyi də mövcud deyildir. Protokol tərtib etmiş şəxs iş üzrə zərərçəkmiş şəxsi dəvət edərək izahatını almamış və zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olub-olmamasını, onunla barışıb-barışmamasını, həmçinin dəymiş zərərin aradan qaldırılıb-qaldırılmamasını müəyyən etməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən həmin Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göründüyü kimi yuxarıda qeyd edilən hallar araşdırılmadan şəxs barəsində inzibati icraat başlanmışdır. Bundan əlavə işin mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmamışdır. Belə ki, protokolda qeyd edilmişdir ki, həmin protokol 29-cu PŞ-nin təhqiqatçısı Natiq Abdullayevin qərarı əsasında tərtib edilmişdir. Lakin iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29-cu PŞ-nin təhqiqatçısı Natiq Abdullayevin xx.xx.2022-ci il tarixli qərarına əsasən X1 Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-nə etdiyi müraciəti araşdırılmış, araşdırma zamanı yalnız X1 izahatı alınmışdır. Həmin qərardan görünür ki, Şəxs izahatı alınmamışdır. Həmçinin qərarda digər hər hansı bir sübut araşdırılmamışdır. Qərarda yalnız vurulmuş ziyanın məbləği 90 manat olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin qərara alınmışdır ki, inzibati xəta törədən şəxs müəyyən edilərək, İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxsin təqsirliliyinə dair nəinki kifayət qədər, ümumiyyətlə təqsirliliyə dair sübut toplanılmamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Sübutların kifayət qədər toplanmadığı təqdirdə işin məhkəmə baxışına verilməsi, son nəticədə məhkəmənin sübut toplamaq imkanı olmadığı üçün işə düzgün və vaxtında baxılmasında çətinliklər yaranacaqdır. Həmçinin şəxsin təqsirli bilindiyi İXM-in 227-ci maddəsinin sanksiyasında inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulduğundan, İXM-in 111.3-cü maddəsinə əsasən hazırkı inzibati xətalar haqqında işə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılmalıdır. Beləliklə hazırkı işə dərhal baxılmalı olduğundan, məhkəmə kifayət qədər sübut toplanmamış iş üzrə tərəflərə məhkəmə baxışında əlavə sübutlar təqdim etmək imkanı yarada bilməyəcəkdir. Çünki işə dərhal baxılmalı olduğundan, məhkəmə iclası sübut təqdim etmək üçün təxirə salına bilməyəcəkdir. Bundan əlavə protokolda zərərçəkmiş şəxsin şəxsiyyəti barədə məlumatlar göstərilməmişdir. Belə ki, protokolda ümumiyyətlə zərərçəkmiş şəxsin adı, yaşadığı yerin ünvanı göstərilməmişdir. Halbuki, İXM-nin 100.1.6-cı maddəsinə əsasən şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı inzibati xəta haqqında protokolda göstərilməlidir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanılmamasını (106.0.5) həll etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-ci Polis Şöbəsinə geri qaytarılsın. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-5548/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5548/2022
17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver