Məhkəmə qərarları › İş №3(004)-5548/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5548/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5548/2024 14.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi , Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin İXP ******* nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2024cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin İXP ******* nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 20 sentyabr 2024-cü il tarixdə şəxsə işıqforun qadağanedici siqnalında keçməyinə görə tətbiq edilən inzibati cəriməni qanunsuz və hüquqi əsassız hesab edir. Belə ki, "Yol Hərəkəti haqqında" (YHQ) qanunun 59-cu maddəsinin 3-cü bəndində qeyd edilir ki, hərəkətin qadağan edilməsi ilə bağlı qanunvericilik imperativ göstərici müəyyən etməməklə yanaşı, qanunvericiliyin 60-cı maddəsi sarı işıqda keçmənin konkret vəziyyətini aşağıdakı kimi müəyyən etmişdir: Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. O, müvafiq ərazidə svetoforun yanından keçərkən müvafiq yaşıl işıq göstəricisi sarı işığa keçid etmişdir. Məhz bu anda kəskin tormozalamadan istifadə edib sarı işıqda keçid etməsə idi, daha böyük nəqliyyat hadisəsinə səbəb olardı. Bundan əlavə, “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın 23-cü maddəsinə əsasn qeyd edilir ki, sarı işığın tək yanması bildirir ki, nəqliyyat vasitəsinin svetofora yaxın olması səbəbindən hərəkətin təhlükəsizliyi tələbləri nəzərə alınmaqla dayanma xəttinin və ya svetoforun qarşısında dayanması mümkün olmayan hallar istisna edilməklə, heç bir nəqliyyat vasitəsi dayanma xəttini və ya svetoforu keçməməlidir. O, yolayrıcına daxil olarkən artıq işıqforun yaşı işığı yanıb - sönürdü və artıq işıqforu keçdikdən sonra sarı işıq yanmış, qeyd olunan səbəbdən də DYP əməkdaşı hüquqi əsassız olaraq cərimə tətbiq etmişdir. Onun sarı işıqda yolayrıcında olma məqsədi məhz qanunvericiliyin tələblərinə uyğun olaraq kəskin tormozlama etməmək məqsədilə yarana biləcək nəqliyyat hadisəsinin qarşısını almaq idi. O, DYP əməkdaşına da bildirmişdir ki, onun arxasınca gələn avtomobil sürətlə hərəkət edirdi, eyni zamanda yolayrıcına daxil olan zaman yaşıl işıq yanıb söndü və kəskin tormozlama nəticəsində dayanmağı avtoqəzaya səbəb olacaqdı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəlləsinin 122.1-ci maddəsinə əsasən məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Müvafiq inzibati protokolun yazılmasına səbəb olan hadisə ilə bağlı hər hansı foto və ya video görüntü şəxsi kabinetinə yerləşdirilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş şikayətçi X2 və qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin şikayətçi X2 ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılıb şikayətinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə şikayətçi X1 və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin İXP ******* nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarının “Asan Ödəniş” portalı üzərindən əldə edilmiş çıxarışından görünür ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 08:40 radələrində idarə etdiyi **-NR-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi, 10, Qurd qapısı dairəsi ərazisində nəqliyyat vasitəsini idarə edərkən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş (səlahiyyətli orqan tərəfindən təqdim edilmiş) inzibati xəta hadisəsinin baş vermə görüntülərini özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirilən zaman Azərbaycan Respublikası DİN BDYPİ-nin İXP ******* nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında göstərilən hallar öz təsdiqini tapmışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsində qeyd edilmişdir ki, Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar:1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. Dəmiryol keçidlərində svetoforun yanıb-sönən qırmızı siqnalı ilə bərabər, keçiddən keçməyin qadağan olunması barədə hərəkət iştirakçılarına əlavə məlumat vermək üçün səs siqnalı da tətbiq oluna bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 08:40 radələrində idarə etdiyi **-NR-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi, 10, Qurd qapısı dairəsi ərazisində nəqliyyat vasitəsini idarə edərkən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında İXP ******* nömrəli protokol əsasında xx.xx.2024-cü il tarixli TP6777853 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilən hallar eyni zamanda səlahiyyətli inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş hadisənin video görüntülərini özündə əks etdirən diskə baxış keçirilən zaman tam sübuta yetirilmişdir. Bununla da şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Əksinə səlahiyyətli inzibati orqan qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını göstərən sübutu məhkəməyə təqdim etmişdir. Həmçinin şikayətdə göstərilən hallar inzibati xətanı istisna edən hallar deyildir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilənlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Formal əsasları işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu kimi qəbul etmək yolverilməzdir. Formal əsaslara görə qərar ləğv edilə bilməz. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Beləliklə, Məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası DİN BDYPİ-nin İXP ******* nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2024-cü il tarixli TP6777853 saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin İXP ******* nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2024cü il tarixli tarixli TP6777853 saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar