Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-556/2023 14.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətli nümayəndəsi X1, Barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nin vəkili Vəkil iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 3166 məhəllə Şəxs MTK (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MTK barəsində AR İXM-in 447.0.9-cu maddəsi ilə xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MTK tərəfindən Bakı şəhəri, xx-xx-2023-cü il tarixli, 000765 nömrəli müqaviləyə istehlakçıların hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri daxil edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi X2 bildirmişdir ki, vətəndaş X3 Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin elektron poçt ünvanına daxil olmuş xx.xx.2022-ci il tarixli müraciətinin araşdırılması zamanı Şəxs MTK-nın vətəndaşla bağladığı xx.xx.2022-ci il tarixli, 000765 nömrəli müqavilədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin mövcud olduğu müəyyən edilmişdir. Belə ki, Şəxs MTK tərəfindən vətəndaş Asif Ələsov ilə bağlanmış müqavilənin 4.1-ci bəndinə su, elektrik, qaz sayğaclarının və detektorlarının quraşdırılması və sazlanması üçün əlavə ödəniş edilməsi tələbinin daxil edilməsi istehlakçının hüquqlarını məhdudlaşdıran şərtdir. Şəxs MTK-nin su, elektrik, qaz sayğaclarının və detektorlarının quraşdırılması və sazlanması ilə bağlı fəaliyyət göstərməsi üçün lisenziyası yoxdur. Su, elektrik, qaz sayğaclarının və detektorlarının quraşdırılması ödənişsiz olaraq müvafiq sahəvi təşkilatlar tərəfindən quraşdırılır. Belə ki, həmin məsələləri tənzimləyən qanunvericilik aktlarında bu kimi hallar öz əksini tapmışdır. Vətandaş şikayətinin araşdırılması zamanı aşkar edilmişdir ki, Şəxs MTK tərəfindən qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlər müqaviləyə daxil edilmişdir. Bununla da müqavilədə payçı hüquqları pozulmuşdur. Bu səbəbdən də MTK barəsində qeyd edilən protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Həmçinin bildirmişdir ki, inzibati xəta vətəndaşın şikayətindən sonra aşkar edildiyindən, İXM-nin 38.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti bitməmişdir. Uzanan hüquqpozmalara aiddir. Çünki, qeyd olunan bənd hal-hazırda müqavilənin şərtində göstərilməkdədir, yəni müqavilədən çıxarılmamışdır. Güman edirlər ki, bundan sonra bağlanan müqavilələrdə də yazılacaqdır. Bundan başqa, bir çox vətəndaşla belə tipli müqavilələr bağlanmışdır, onların da hüquqları pozulmuşdur. Bu səbəbdən də inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkili Vəkil bildirmişdir ki, onlar bütün vətəndaşlarla belə müqavilə bağlamışlar. Müqavilənin 4.1-ci bəndinə su, elektrik, qaz sayğaclarının və detektorlarının quraşdırılması və sazlanması üçün əlavə ödəniş edilməsi tələbinin daxil edilməsi ilə onlar vətəndaşı ödəniş etməyə məcbur etməmişdirlər. Həmin bənddə quraşdırmağı yox, quraşdırmaq üçün xidmət göstərilməsi haqqı kimi göstərilmişdir. Məsələn onlar vətəndaşın əvəzinə gedib su, elektrik, qaz xətlərinin quraşdırılması üçün dövlət orqanlarına müraciətlər edirlər, ərizələr yazırlar, onları çağırırlar, onlar da gəlib quraşdırırlar. Yəni MTK olaraq müqavilə azadlığı prinsipinə əsasən müxtəlif xidmətlər göstərə bilərlər və bu xidmətin göstərilməsi üçün alınan xidmət haqqı kimi yazılmışdır, məhz protokolda qedyd edildiyi kimi həmin sayğacları quraşdırmaq üçün deyil. Hazırda müqavilədə həmin şərt göstərilməsinə baxmayaraq, vətəndaş tərəfindən icra edilməyərək hərəkətsiz saxlanılan bənd kimi müqavilədə qalmışdır. Eyni zamanda qeyd etmişdir ki, sözügedən müqavilənin 4.1.1-ci bəndinə nəzər yetirilsə məlum olar ki, həmin bənd “payçının” hüququ kimi göstərilmişdir, yəni payçının iradə ifadəsi olarsa həmin işlərin təşkil edilməsini MTK-ya həvalə edə və onun qarşılığında müvafiq ödənişlərin edilməsini özündə ehtiva edir. Qeyd edilənlərdən də göründüyü kimi Şəxs MTK-nın əməllərində inzibati xətanın tərkibi yoxdur, barəsində tərtib edilmiş inzibati protokol qanunsuz və əsassızdır. Bundan başqa bildirmişdir ki, hətta inzibati xətanın törədilməsi halının baş verməsi qəbul olunsa belə, yenə də Şəxs MTK inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən məsuliyyətə cəlb edilə bilməz. Protokolda qeyd olunan xəta uzanan inzibati xətalara aid deyildir. Onlar hər dəfə bu maddəni çıxarıb vətəndaşın qabağına qoymamışdır. Bir dəfə olub, tərəflərin razılığı ilə müqavilə tərtib edilmişdir. Müddət müqavilə bağlandığı tarixdən hesablanmalıdır. Belə olduğu təqdirdə həmin tarixdən artıq 4 aydan çox vaxt keçmişdir. Bu səbəbdən də inzibati məsuliyyətə cəlb etmə müddəti bitmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan vətəndaş X3 Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin elektron poçt ünvanına daxil olmuş şikayətində bildirmişdir ki, Şəxs MTK-nın vətəndaşla bağladığı xx.xx.2022-ci il tarixli 000765 nömrəli müqavilədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər mövcud olmuşdur. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi bildirmişdir ki, həmin inzibati xəta vətəndaşın müraciətindən sonra araşdırma zamanı aşkar edildiyi üçün, inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir və bunu İXM-nin 38.2-ci maddəsi ilə əlaqələndirmişdir. Məhkəmə inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb olmuş “Payçı müqaviləsi” tərəflər arasında 15 iyul 2022-ci il tarixində bağlandığından törədilməsi istinad edilən inzibati xəta da məhz həmin tarixdə törədilməklə baş vermiş sayılmalı və nəzərə alınmalı hal odur ki, hazırda həmin vaxtdan 06 aydan çox bir müddət keçmişdir. Buna görə də məhkəmə hesab edir ki, bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə ilkin olaraq diqqət yetirilməli, hüquqi qiymət verilməklə əsaslandırılmalı və baş vermiş inzibati xətanın törədilmə üsulu və mahiyyəti nəzərə alınmaqla hansı tarixdə baş verməsi göstərilməlidir. Digər tərəfdən, məhkəmə hesab edir ki, sözügedən inzibati xəta uzanan hüquqpozma kimi qiymətləndirilə bilməz və bu qənaətə gələrkən məhkəmə aşağıda qeyd edilən Konstitusiya Məhkəməsinin Qərarını rəhbər tutur. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “Uzanan hüquqpozuntuları” (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Lakin hazırkı iş üzrə inzibati xəta uzunan inzibati xətalara aid deyildir, yəni inzibati xəta kimi də ifadə oluna bilməz. Çünki hazırkı inzibati xəta konkret vaxtda törədilməklə bitir. Belə ki, hazırkı halda törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi konkret vaxtla bağlıdır. Yəni müqavilənin bağlanması tarixi ilə bağlıdır. Bu iş üzrə tarixin əhəmiyyəti vardır. Bundan əlavə, törədilməsi ehtimal edilən inzibati xəta aşkar inzibati xətadır və müqavilənin predmeti olan mənzilin payçının mülkiyyətinə verilməsi halı mübahisəsiz olaraq aşkardır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri bilir ki, nəzərə almaq lazımdır ki, İXMnin 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır kimi müddəa olsa da, həmin müddəanın tətbiqi ixtiyari bir inzibati xəta üçün və ixtiyari bir formada tətbiq üçün müəyyən edilməmişdir.
1. Həmin maddə yalnız uzanan inzibati xətalara münasibətdə əhəmiyyət kəsb edir.
2. Həmin maddə inzibati xətanın səlahiyyətli orqana aşkar olduğu vaxtı ehtiva etmir.
3. Həmin maddə inzibati xətanın səlahiyyətli orqanın aşkar etdiyi vaxtı da ehtiva etmir. Çünki səlahiyyətli orqan işi araşdırıb, müəyyən araşdırmadan sonra 1 ay, 5 ay və yaxud 2 ildən sonra da həmin xətanı aşkara çıxara bilər. Bu zaman bu hal heç də həmin inzibati xətanın araşdırmasının bitdiyi qeyd edilən 1 ay, 5 ay və yaxud 2 ildən sorakı həmin aşkarlanma tarixində aşkarlanmış hesab edilməsini göstərmir. Belə olduğu təqdirdə inzibati məsuliyyətə cəlb etmə müddətini tənzimləyən İXM-nin 38-ci maddəsinin və həmin cəlb etmə müddətinin bitməsi zamanı qəbul edilməli olan qərara dair İXM-nin 53.1.6-cı maddəsinin mənasını əhəmiyyətsiz edər. Belə ki, misal üçün vətəndaş beş il sonra hər hansı bir halla bağlı müraciət edir və müvafiq inzibati orqan inzibati xəta haqında protokol tərtib edərək fiziki və ya hüquqi şəxsi inzibati məsuliyyətə cəlb edir. Başqa sözlə desək qanunverici tərəfindən inzibati tənbeh vermə müddətinin (cəlb etmə müddətinin) konkret olarq 4 ay və ya 1 il müəyyən edilməsinin bir mənası və anlamı olmazdı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinun dispozitiv şərtlərindən göründüyü kimi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın baş verməsi anı “istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi” halı ilə şərtləndirilir. Bu xəta üzanan inzibati xəta hesab edilə bilinmir, ona görə ki, “şərtlərin müqaviləyə daxil edilməsi” tərəflər arasında yalnız bir dəfə bağlanan müqaviləyə daxil edilmişdir, sonradan təkrarlanmamışdır, hər iki tərəfə o, cümlədən üçünçü şəxslərə münasibətdə aşkar olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən inzibati xəta uzanan inzibati xəta kimi həmdə ona görə səciyyəlləndirlə bilməz ki, bu inzibati xəta bir dəfə olmaqla hərəkətsizliklə deyil hərəkətlə törədilən inzibati xətadır. Halbuki yuxarıda qedyd edilən Konstitusiya Məhkəməsinin plenumunun qərarından görünür ki, inzibati xəta - hərəkətsiz formada həyata keçirilərsə uzanan inzibati xəta kimi qiymətləndirilə bilər. Digər tərəfdən məhkəmə qeyd edir ki, plenumun məlum qərarına əsasən uzanan inzibati xətanın əsas əlaməti onun fasiləsizliyində, kəsilməzliyində ifadə olunur ki, hazırkı halda da bu öz təsdiqini tamır. Belə ki, Şəxs MTK ilə A.Ələsov arasında xx.xx.2022-ci il tarixdə “Payçı maqaviləsi” bağlanmışdır və həmin müqavilənin 4.1.1-ci bəndinə su, elektrik, qaz sayğaclarının və detektorlarının quraşdırılması və sazlanması üçün əlavə ödənişin edilməsi bəndi daxil edilməklə inzibati xəta xx.xx.2022-ci il tarixdə törədildiyi aydın olur və belə olan halda inzibati xətanın kəsilmədən davam etməsi halı müəyyən olunmur. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə baş verməsi ehtimal edilən inzibati xəta ümumiyyətlə “Uzanan hüquqpozuntular”la bağlı inzibati xəta hesab edilmir. Oxşar münasibətlər üzrə yuxarı instansiya məhkəməsinin oxşar təcrübəsi də formalaşmışdır. Həmçinin oxşar münasibətlər üzrə Konstitusiya Məhkəməsinin də qərarı mövcuddur. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Yəni bu cür inzibati xətalarda, xətanın səlahiyyətli orqanın aşkar edildiyi vaxtdan deyil, inzibati xətanın törədilmə vaxtından hesablanmaqla, inzibati məsuliyyətə cəlb etmə müddəti hesablanır. Beləliklə yuxarıda sadalanan bütün halları ümumiləşdirərək, məhkəmə qeyd edir ki, həmin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-nin 38.1-ci maddəsinin 1-ci cümləsində müəyyən edilən 04 aylıq inzibati məsuliyyətə cəlbetmə ilə bağlı ümumi qaydada tənzimlənməlidir. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 04 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 04 ay müəyyən edilmişdir. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Şəxs MTK-nın barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Rəşad Cavadzadə