Məhkəmə qərarları › İş №3(004)-5569/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5569/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5569/2023 07.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 11 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 11 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, ehtimal edilən inzibati xətanın törədildiyi vaxtda hərəkət sıxlığını və asval üzərindəki xətlərin ideal vəziyyətdə olduğu nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin tərtib etdiyi 11 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş 11 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 11 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 01 sentyabr 2023-cü il tarixdə saat 13:55-də Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi ilə Tbilisi prospektinin kəsişməsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, “Chevrolet Optra” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi ilə Tbilisi prospektinin kəsişməsində svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinin 3-cü hissəsinin 5-ci bəndinə əsasən qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 11 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar