Məhkəmə qərarları › İş №3(004)-558/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-558/2024

24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-558/2024 24.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 26-cı PB-nin polisi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 26-cı PB tərəfindən tərtib edilmiş 23 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, 23 yanvar 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikas İXM-nin 510 və 535-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin 26-cı PB-nin polis sahə inspektoru X4 izahatında bildirmişdir ki, keçən həftənin şənbə günündən, yəni xx.xx.2024cü il tarixdə təhkim olunduğu Yasamal rayonu ərazisi Nərimanov prospekti 205 ünvanında xidməti vəzifələrini icra edərkən həmin ərazidə mənzillərdən birinin eyvanında təmir işlərinin aparılmasını və eyvanın çıxıntısının standartlara uyğun olmadığını aşkar etmişdir. Qeyd olunan faktın araşdırılması ilə bağlı mənzilə yaxınlaşmış, həmin vaxt orada təmirbərpa işlərini aparan və özünü mənzil sahibi olaraq təqdim edən Şəxs eyvanın çıxıntısının standartlara uyğun olmadığını, bu səbəbdə işlərin dərhal dayandırılmasını tələb etmişdir. Şəxs özünü polis əməkdaşlarına mənzilin mülkiyyətçisi kimi təqdim etdiyindən ondan eyvanda dəyişiklik edilməsi ilə bağlı aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən verilmiş icazəsini təqdim etməsini təklif etmişdir. Lakin icazə olmadığı müəyyən edildiyindən, ona mənzilin eyvanının çıxıntısının standartlara uyğun olmaması barədə xəbərdarlıq edib müvafiq orqanlardan icazə aldıqdan sonra təmir-bərpa işlərinə davam etməsini bildirdirmişdir. Qeyd olunan xəbərdarlığı baxmayaraq bir gün sonra yəni xx.xx.2024-cü il tarixdə axşam radələrində yenidən mənzildə təmir işlərinin davam etdirilməsini görmüşdür. O, bu barədə mənzil istismar idarəsi ilə telefon vasitəsilə əlaqə saxlamış, müvafiq icazənin olmamasını öyrənib bilmiş, hətta mənzil istismar idarəsinin rəisi ondan şəxs barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Verilmiş suallara əsasən protokol tərtib etmiş X4 əlavə olaraq bildirdi ki, tərəfindən tərtib edilmiş raportun tərtib edilməsində MİSnin və ya rayon icra hakimiyyətinin nümayəndələri iştirak etməmiş, eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən polis bölməsinə hər hansı rəsmi müraciət daxil olmamışdır. İXM-nin 535 və 510-cu maddələri ilə ona görə protokol tərtib etmişdir ki, Şəxs polisin qanuni tələblərinə tabe olmamış və telefon vasitəsilə onları video çəkilişə qeydə almağa cəhd göstərmişdir. Həmçinin həmin vaxt səs-küy yaratmışdır. Lakin videogörüntüləri hazırda məhkəməyə təqdim edə bilmir. Buna görə görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. X1 bildirmişdir ki, tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edir və məhkəmədən Şəxs barəsində qanuna uyğun olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, İsmayıllı rayonu Ü.Hacıbəyov küçəsi dalan 2 ev 12 ünvanında qeydiyyatdadır və həmin ünvanda da yaşayır. O usta fəaliyyəti ilə məşğul olur. Bakı şəhərinə də gəlməsinin məqsədi Yasamal rayonu Nərimanov prospekti 205 ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzildə usta kimi fəaliyyət göstərməsi olmuşdur. Evin mülkiyyətçisini şəxsən tanımır, həmin mənzildə işləməsinə isə onun bacısı ilə evin mülkiyyətçisinin bacısı arasında olan tanışlıq səbəb olmuşdur. Barəsində protokol tərtib edilməmişdən bir neçə gün qabaq polis əməkdaşları ona yaxınlaşmış və mənzilin eyvanının çıxıntısının standartlara uyğun olmadığını bildirmişlər. Həmin andan Şəxs təmirbərpa işlərini dayandırdığını, 23 yanvar 2024-cü il tarixdə isə həmin mənzildə qalmış geyimlərini götürməyə gəldiyini bildirdi. Bu vaxt polis əməkdaşlarının onları görmüş və onların tikinti işlərini davam etdirməsini düşünərək aralarında anlaşılmazlıq yaranmışdır. Həmçinin telefon ilə polis video görüntülərini qeyd almaq niyyəti olmamış sadəcə qəflətən əli toxunaraq kamera açılmış, buna görə isə dəfələrlə polis əməkdaşlarından üzr istəmiş və onun tərəfindən hər hansı bir polis işçisinə qarşı tabesizliklə müşayiət olunan hərəkətlərə yol verilməmişdir. Verilmiş suallara əsasən əlavə olaraq bildirir ki, mənzilin mülkiyyətçisinin kim olması, eləcə də eyvanla bağlı icazənin olub-olmaması barədə məlumatı yoxdur. Lakin onlar təmir işlərinə başlayarkən eyvanın vəziyyəti əvvəlcədən çıxıntılı olmuş, yəni əvvəlki mülkiyyətçi tərəfindən edilmiş dəyişikliklərə müdaxilə edilmədən sadəcə təmir işlərini aparmışlar. Şəxs göstərilənlərə əsasən, əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokola əlavə edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, əvvəla qeyd edilməlidir ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş xətanın törədilməsi qeyd edilmişdir. Halbuki İXM-nin 535-ci maddəsi tövsifedici əlamətlərinə görə iki hissədən ibarət olmaqla, 535.1-ci maddəyə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, 535.2-ci maddəyə əsasən isə hərbi qulluqçu dövlət sərhədini mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bundan başqa protokolda xətanın mahiyyəti açıqlanmamış, şəxsin kimin və hansı qanuni tələblərinə tabe olmaması, onun qanuni tələblərə tabe olmaması və ya xırda xuliqanlıq kimi hərəkətlərinin nədə ifadə olunması, o cümlədən, xəta nəticəsində kimin zərər çəkməsi göstərilməmişdir. Yalnız iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli akt və eyni tarixli Yasamal RPİnin 26-cı PB-nin sahə inspektoru Mahir Xalıqov tərəfindən tərtib edilmiş raportdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sahə inspektoru Mahir Xalıqovun tikinti aparılması ilə bağlı qanuni tələblərinə məhəl qoymadığına görə və ona qarşı əl-qol hərəkətləri edərək ictimaiyyəti özünə cəlb etdiyindən, bununla da onun qanuni tələblərinə tabe olmadığından qeyd olunan müvafiq maddələr üzrə protokol tərtib edilmişdir. Göründüyü kimi Şəxs barəsində tərtib edilmiş 23 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Protokolda inzibati məsuliyyət müəyyən edən İXM-nin 535-ci maddəsinin norması dəqiq göstərilməmiş, şəxs tərəfindən törədilməsi ehtimal olunan xətanın mahiyyəti açıqlanmamışdır. Belə ki, İXM-nin 100-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilməlidir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Göstərilənlərlə yanaşı protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları və vəzifələri izahına dair qeydiyyat aparılmamış və buna dair bildiriş iş materiallarına əlavə edilməmişdir. Belə ki, İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində protokol İXM-nin tələbləri pozulmaqla tərtib edilmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində onun tərəfindən törədilməsi istinad edilən İXM-nin 535-ci və 510-cu maddəsinin tərkib əlamətlərinin olmadığı öz təsdiqini tapır. Məhkəmə protokolda törədilməsi istinad edilən İXM-nin 535-ci maddəsinə münasibətdə qeyd edir ki, qeyd olunan maddənin konkret olaraq norması yuxarıda qeyd edildiyi kimi göstərilməsə də, işə əlavə edilmiş sənədlərdən, eləcə də tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan müəyyən etmək olur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs tərəfindən 26-cı PB-nin sahə inspektoru X3 tikinti işlərinin dayandırılması ilə bağlı tələblərini yerinə yetirməmişdir. İXM-nin 535.1-ci maddəsinin dizpozitiv şərtlərinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın tələbinə görə polis işçisinin tələbi özü-özlüyündə qanuni olmalı, eyni zamanda tələb polis işçisinin ictimai qaydanın mühafizəsi vəzifələrinin icrası ilə bağlı olmalıdır ki, həmin tələbin yerinə yetirilməməsi xətanın tərkibini yaratsın. Məhkəmə iclası zamanı protokol tərtib etmiş 26-cı PB-nin sahə inspektoru X3 izahatından müəyyən edilir ki, Şəxs tərəfindən onun təmir işlərinin, yəni çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin çıxıntılı eyvanında aparılan təmirbərpa işlərinin dayandırılması ilə bağlı tələbi yerinə yetirilmədiyindən protokol tərtib edilmişdir. Şəxs onun qanuni tələbinin tabe olmamanın konkret olaraq hansı ictimai qaydanın mühafizəsi vəzifələrinin icrası ilə bağlı olduğunu əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vətəndaşların ictimai asayişin qorunması ilə bağlı fəaliyyəti hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısını almaq məqsədi ilə maarifləndirmə və təbliğat işinin aparılması, narkomaniyanın, alkoqolizmin, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası, habelə cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək üçün zəruri məlumatların polis orqanlarına verilməsi istiqamətləri üzrə həyata keçirilir. Polis haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinin İİ hissəsinə əsasən polisin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: 1) ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi; 2) cinayətlərin və digər xətaların qarşısının alınması və açılması; 3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi. Qanunun 14-cü maddəsinə əsasən ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri aşağıdakılardır: 1) Hər bir şəxsin təhlükəsizliyini təmin etmək; 2) Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq; 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda təhqiqat, istintaq orqanlarının, məhkəmələrin, müvafiq icra hakimiyyəti orqanının icra və probasiya qurumlarının qərarlarını icra etmək; 4) Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətlərdə tutulmuş və ya həbs edilmiş şəxsi müvəqqəti saxlama yerində saxlamaq; 5) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əşyaların, o cümlədən odlu silahın, döyüş sursatının, zəhərli maddələrin və sair zərərli materialların əldə edilməsi, saxlanması, gəzdirilməsi, daşınması üçün müəyyənləşdirilmiş qaydada icazə vermək, dövriyyəsinə nəzarət etmək, çoxaldıcı rəngli qurğuların (kseroksların) qeydiyyatını aparmaq; 6) Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilən fövqəladə və ya hərbi vəziyyət rejimini təmin etmək, epidemiya zamanı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iştirakı ilə epizootiya zamanı karantin tədbirlərinin həyata keçirilməsində iştirak etmək; 7) kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək; 7-1) kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək; 8) müvafiq dövlət orqanlarına və vəzifəli şəxslərə, yaxud qanuni sahiblərinə təhvil verilənədək sahibsiz əmlakın və dəfinələrin, habelə tapılmış və polisə təhvil verilmiş sənədlərin, əşyaların və digər əmlakın saxlanılmasını və mühafizəsini təmin etmək; 9) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda qeydiyyat və uçot işlərini aparmaq; 10) digər dövlət orqanları və ictimai təşkilatlarla birlikdə azyaşlılar arasında hüquq qaydasının pozulmasının və nəzarətsizliyin qarşısının alınmasında iştirak etmək; 11) cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsini təmin etmək; 12) hüquqi və fiziki şəxslərin əmlakını hüquqa zidd əməllərdən qorumaq; 13) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının aşağıdakı ümumi hüquqlarına hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək daxildir. Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının aşağıdakı hüquqları vardır: 1) inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək; 2) ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək; 3) inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq; 4) cinayət və ya inzibati xəta törətməkdə şübhələnilən hərbi qulluqçuları tutub hərbi patrullara, hərbi komendanta, qoşun hissələrinin komandirlərinə və ya hərbi komissarlara təhvil vermək; 5) ictimai yerlərdə sərxoş vəziyyətdə olan və müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ya ətrafdakılara zərər yetirə bilən şəxsi xüsusi tibb müəssisələrinə gətirmək; 6) inzibati qaydada həbs edilmiş, inzibati nəzarətdə olan, habelə polisdə profilaktika uçotunda olan şəxslərin fotoşəkilini çəkmək və qanunla müəyyən edilmiş hallarda barmaq izlərini götürmək; 7) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda və qaydada avaralıqla və ya dilənçiliklə məşğul olan şəxsi qəbuletmə-bölüşdürmə məntəqəsinə gətirmək; 8) ictimai təhlükəli əməllərə görə məhkəmənin qərarı ilə təyin olunmuş tibbi xarakterli məcburi tədbirlərdən yayınan ruhi xəstələri, xroniki alkoqolikləri, narkomanları tutmaq və xüsusi tibb müəssisələrinə gətirmək; 10) hüquqi və fiziki şəxslər tərəfindən odlu silahın, döyüş sursatının, zəhərli maddələrin və digər zərərli materialların saxlandığı və istifadə olunduğu yerlərə, habelə onların dövriyyədə olduğu obyektlərə (hərbi obyektlər istisna olmaqla) baxış keçirmək, bu cür əşyaların, maddələrin və materialların istifadəsi barədə müəyyənləşdirilmiş qaydaların pozulduğu aşkar edildikdə qüsurların aradan qaldırılması haqqında icrası məcburi olan yazılı göstərişlər vermək və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər tədbirləri görmək; 11) saxtalaşdırma əlaməti olan sənədləri, habelə mülki dövriyyədən çıxarılmış və xüsusi icazə olmadan saxlanılan əşyaları, maddələri, materialları və qurğuları götürmək, sahibsiz əmlakın saxlanılmasını təmin etmək və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada onlar barəsində məsələnin həll edilməsi üçün tədbirlər görmək. Beləliklə yuxarıda qeyd olunan normaların təhlilindən müəyyən edilir ki, qanunvericilikdə polis əməkdaşlarının ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində vəzifələrinə yaşayış sahəsində tikinti və ya təmir bərpa işlərinin aparılmasına nəzarət etmək və bu cür işlərin aparılmasını aşkar etdiyi təqdirdə dayandırılmasını tələb etmək hüququ və ya səlahiyyəti müəyyən edilməmişdir. Yalnız polis əməmkdaşının baxılması onun səlahiyyətinə aid edilməyən inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək vəzifəsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 395-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə şəxslərin inzibati məsuliyyətə cəlb olunması müəyyən edilmişdir. Həmin normanın dispozisiyasında da göstərildiyi kimi tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə alınmalıdır. İcazə oldığı təqdirdə məsuliyyət nəzərdə tutulmuşdur. Müvafiq icazələrin verilməsi isə qüvvədə olan qanunvericilik normalarına əsasən yerli icra hakimiyyəti orqanlarına və Mənzil İnşaatı Dövlət Agentliyinə verilmişdir. Həmin maddə üzrə əməlin Mənzil İnşaatı Dövlət Agentliyinin sərancamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə inzibati xəta haqqında işə baxmaq səlahiyyəti rayon məhkəmələrinə, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il 1256 Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na əsasən inzibati xəta haqqında işə baxmaq səlahiyyəti, eləcə də Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli 1361 saylı Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Sıyası” na əsasən İXM-nin 395-ci maddəsi il protokol tərtib etmək səlahiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazırliyinə, yəni polis əməkdaşlarına həvalə edilməmişdir. Elə olan halda qanunsuz tikinti işlərinin aparılmasını aşkar etmiş polis işçisinin inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, yəni aidiyyəti üzrə icra hakimiyyəti orqanına müraciət etmək vəzifəsi daşıyır. Hazırkı işin hallarından isə müəyyən edilir ki, törədilməsi ehtimal edilən hüquqpozuntusu ilə bağlı aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi ilə bağlı Yasamal RPİ-nin 26-cı PB-nə hər hansı rəsmi müraciət daxil olmamış, eləcə də ehtimal olunan hüquqpozuntusu ilə bağlı zəruri araşdırılmanın aparılmasının təmin edilməsi məqsədilə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına rəsmi müraciət edilməmişdir. Məhkəmə iclası zamanı protokol tərtib edən Mahir Xalıqov ona telefon vasitəsilə MİS-nin rəisi tərəfindən müraciət olunduğu bildirilməsinə baxmayaraq buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş raport və aktdan müəyyən edilir ki, qeyd olunan sənədlərin tərtibatında, yəni ehtimal edilən hüquqpozuntusunun aşkar edilməsində aidiyyəti icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakları təmin edilməmişdir. Göstərilənlərlə yanaşı, məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilmir ki, ümumiyyətlə aparılan təmir-bərpa işləri ilə bağlı icra hakimiyyəti orqanının icazəsi tələb olunurmu, yəni qeyd olunan işlərinin standartlara uyğun olmamasına dair mütəxəssis rəyi məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən mənzilin kimin mülkiyyətində olması, işlərin aparılması ilə bağlı mülkiyyətçi tərəfindən hansı tapşırıqların verilməsi yoxlanılmamış, buna dair sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mənzildə aparılan təmirbərpa işlərinin aparılmasının tələb olunması polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrinin icrası ilə bağlı qanuni tələblərinə daxil deyildir. Dolayısı ilə Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru Mahir Xalıqovun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təmir-bərpa işlərinin dayandırılması ilə bağlı tələbi qanuni olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yarana bilməz və o, qeyd olunan maddə üzrə inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə protokolda törədilməsi istinad edilən İXM-nin 510-cu maddəsinə münasibətdə isə qeyd edir ki, həmin maddənin dispozitiv şərtlərinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulur. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış Şəxs tərəfindən hansı ictimai qaydanı pozan hərəkətlərə yol verilmişdir. Əgər ictimai qayda pozuntusu tikinti işlərinin dayandırılmasının tələbi ilə bağlı olmuşdursa, o halda yuxarıda şərh verildiyi kimi qanuni olmayan tələbin icra edilməməsi fonunda yol verilən hərəkətlər özü-özlüyündə ictimai qaydanın pozuntusu kimi qiymətləndirilə bilməz. Məhkəmə iclası zamanı isə 26-cı PB-nın sahə inspektoru Mahir Xalıqov qeyd olunan halları izahatında əsaslandıra bilməmiş və bu xüsusata dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Eləcə də, məhkəmə hesab edir ki, hazırkı halda polis işçisinin tələbi ictimai qaydanın mühaifəsi sahəsində vəzifələrinin icrası ilə bağlı olmamışdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510cu maddəsinin tərkib əlamətləri yarana bilməz və o, qeyd olunan maddə üzrə inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadığı halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından Yasamal RPİ-nin 26-cı PB tərəfindən tərtib olunmuş 23 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan 23 yanvar 2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 19:40-da tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Yasamal RPİ-nin 26-cı PB tərəfindən tərtib olunmuş 23 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar