Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-560/2022 25.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi, ev 1, mənzil 14-də yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən 1032029,00 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" QSC Bankda olan hesabından 03.12.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 1032029,00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 14.01.2022-ci il tarixli, EP №0030364 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, məhkəmənin icraatında olan N 3(004)-560/2022 saylı inzibati iş üzrə materiallardan göründüyü kimi, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında tənbehin tətbiq edilməsi ilə bağlı iş aparılır. İş materiallarında olan EP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs MMC tərəfindən 03.12.2019-cu il tarixində 1032029,00 (bir milion otuz iki min iyirmi doqquz) Rusiya rublu pul vəsaiti xaricə köçürülmüş, lakin vəsait hesabın alınan mallar ölkəyə idxal edilməmişdir. Qeyd etmişdir ki, həqiqətən 18.11.2019-cu ildə Şəxs MMC ilə “OOO B.A.A. EKOSTROY” şirkəti arasında ikitərəfli müqavilə bağlanmış və pul vəsaiti xaricə köçürülmüş, daha sonra malların bir qisminin ölkəyə daxil olması ilə bağlı bəyannamələr təqdim edilmişdir. Bununla bağlı məhkəməyə audit aktı məhkəməyə təqdim edilmişdir. Bundan başqa Şəxs MMC-nin direktor müavini digər əməkdaşlarla əlbir olaraq şirkətin külli miqdarda pul vəsaitini mənimsəmiş və Şəxs MMC-yə maddi ziyan vurmuşdur. Bununla bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət edilmişdir, lakin Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Mehman Ələsgərov “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəməninin icraatında olan N 3(004)-560 /2022 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında həmin MMC-nin inzibati xəta törətməməsini bildirsə də, iş materiallarında olan hazırkı protokolda göstərilən Azərbaycan Respublikasından kənara qabaqcadan edilmiş ödəniş barədə 03.12.2019-cu il tarixli (köçürmə sənədi) ödəniş tapşırığı məlumatlarına əsasən 1.032.029,00 (bir milion otuz iki min iyirmi doqquz) Rusiya rublu məbləğində valyuta ********* saylı, 18.11.2019-cu il tarixli müqavilə əsasında “OOO B.A.A. EKOSTROY” şirkətinə köçürülmüşdür. İş materiallarında olan audit rəyinə görə audit yoxlaması tərəfındən müəyyən olumuşdur ki, Şəxs MMC-nin ООО B.A.A EKOSTROY şirkəti ilə taxta materiallarının alınması və onların daşınması ilə bağlı 18.11.2019-cu il tarixdə ikitərəfli Müqavilə bağlanmışdır və həmin müqavilə əsasında ООО B.A.A EKOSTROY şirkətinə Şəxs MMC tərəfındən 210000.00 rubl pul vəsaiti köçürülmüşdür. Lakin, audit yoxlamasına məlum olmayan səbəblərdən ООО B.A.A EKOSTROY şirkəti 31.03.2020-ci il tarixdə yenidən Şəxs MMC ilə Müqavilə bağlayaraq həmin müqavilə əsasında (13.01.2020-ci il tarixli **********3858 nömrəli, **********2784 nömrəli və **********2831 nömrəli gömrük bəyannamələrinə əsasən) 1-ci müqavilə əsasında pul vəsaitinin köçürülməsinə baxmayaraq məhz 2-ci müqaviləyə əsasən 1934037.00 rubl məbləğində mai materialları göndərmiş və materialların daşımalarını həyata keçirmişdir. Nəticədə, ООО B.A.A EKOSTROY şirkəti tərəfindən Şəxs MMC-yə 165963.00 rubl, yəni 3273.10 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan köçürmə sənədinə əsasən 18.11.2019-cu il tarixdə bağlanmış müqavilə əsasında ООО B.A.A EKOSTROY şirkətinə 1032029,00 (bir milion otuz iki min iyirmi doqquz) Rusiya rublu pul vəsaiti xaricə köçürülmüşdür. İş materiallarında olan 13.01.2020-ci il tarixli **********3858 saylı, **********2784 nömrəli və **********2831 nömrəli gömrük bəyannamələri 22.01.2020-ci tarixdə bağlanmış müqavilə əsasında alınan mallarla bağlı olduğundan, bəyannamələrdə göstərilən müqavilə tarixi ilə köçürmə sənədində göstərilən müqavilə tarixi eyni deyildir. Beləliklə təqdim edilən bəyannamələr 18.11.2019-cu il tarixdə bağlanılan müqavilə əsasında 03.12.2019-cu il tarixində köçürülən 1032029,00 (bir milion otuz iki min iyirmi doqquz) Rusiya rublu qarşılığında alınan mallara aid deyildir. Bununla da Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, "xxxx" QSC-nin 09.12.2021-ci il tarixli, 008325 saylı məktubu ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 1.032.029,00 Rusiya rublunun 20% məbləğində, yəni 206.405,8 Rusiya rublu (iki yüz altı min dörd yüz beş rubl 80 kopeyk) (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-560/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-560/2022
25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver