Məhkəmə qərarları › İş №3(004)-5600/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5600/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5600/2022 19.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılzadə Turan Tahir qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Ruhin” dönər evindən 54 manat pul və 16 manat dəyərində sərinləşdirici içkilər oğurlamışdır. Bundan əlavə xx.xx.2022-ci il tarixdə polis bölməsində olan zaman polis əməkdaşlarına tabesizlik göstərərək, polisin ünvanına küçə söyüşləri söymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X5 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:00-dan xx.xx.2022-ci il tarixdə 08:10-dək olan müddət aralığında ünvan 3 ünvanında yerləşən “Ruhin" dönər evindən vətəndaş X2 məxsus 54 manat pul və 16 manat dəyərində sərin içkilər olmaqla ümumilikdə 70 manat dəyərində əmlakını gizli yolla talayaraq oğurlamışdır. Bundan başqa 18 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılıb 29-cu polis şöbəsinə gətirilmiş və burada etiraz edərək səs-küy salmış, polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları dəfələrlə Şəxs nizam-intizama dəvət etsədə o, buna məhəl qoymayaraq aqressiv şəkildə öz qanuna zidd hərəkətlərinə davam edərək polisin qanuni tələbini yerinə yetirməmişdir. Bununlada 29-cu polis şöbəsinin normal iş fəaliyyətini pozmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikasının İXM-nin 227 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, “kakos” adlanan narkotik vasitədən istifadə edir. Heç bir yerdə işləmir, maddi vəziyyəti ilə əlaqədar oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən “Ruhin” dönər evindən 54 manat pul və 16 manat dəyərində sərinləşdirici içkilər oğurlamışdır. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq 29-cu polis şöbəsinə aparılmışdır. Orada olarkən bədənində ağrılar olduğu üçün səs-küy salaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və onların tələblərinə tabe olmamışdır. Əməlindən peşmandır. Yekun olaraq əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, o, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. İş materiallarında olan: Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Taryel Qaffarov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 avqust 2022-ci il tarixli qərardan görünür ki, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci sahədə kirayədə yaşayan X6 06.08 2022-ci il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə saat 22:00-dan xx.xx.2022-ci il tarixdə 08:1 O-dək olan müddət aralığında ünvan 2 ünvanında yerləşən “Ruhin" dönər evindən 54 manat pul və 16 manat dəyərində sərin içkilər oğurladığını bildirmişdir. Toplanmış materialda qeyd olunan bu ziyan az əhəmiyyətli olduğundan oğurluq, yəni. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkib əlamətlərini yaratmır. Göstərilənlər nəzərə alınaraq əməldə cinayət tərkibi olmadığından baş vermiş hüquqa zidd əməl cinayət kimi deyil, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan xırda talama kimi qiymətləndirildiyindən cinayət işinin başlanması rədd edilməlidir. ƏÇPA-nın 6-cı PB-nin polis nəfərləri Sadıq Mütəllimov, Elməddin Şabanzadə və Taleh Novruzov tərəfindən həmin polis şöbəsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, inzibati ərazidə xidmət aparan zaman xx.xx.2022-ci il tarixdə saat təxminən 19:40 radələrində Şəfəq 4-ün məlumatı əsasında Həsən bəy Zərdabi “3 tac” binaları deyilən yerə yaxınlaşmış və sahə müvəkkilinin göstərişi ilə 4 nəfər şübhəliu bilinən şəxsi 29-cu PŞ-yə dəvət etmişlər. PŞ-də məlum olmuşdur həmin şəxslər X7, X4, X3 və Şəxsdur. Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşı Sərxan Quliyev tərəfindən həmin polis şöbəsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022ci il tarixdə saat 20:05 radələrində 29-cu PŞ-yə şübhəli şəxs qismində gətirilən Şəmiyev Sənan və İskəndərov Rauf adlı şəxs şöbənin həyətində polisin ünvanına təhqiramiz ifadələr işlədərək aqressiv hərəkətlər nümayiş etdirmişlər. O həmin şəxslərə xəbərdarlıq etməyinə baxmayaraq həmin şəxslər etmiş olduqları hərəkətləri davam etdirmiş və ünvanlarına təhqiramiz ifadələr işlətmişlər. Həmin şəxslər növbətçi hissənin iş rejimini pozaraq qanuni tələblərinə tabe olmamışdır. Həmin şəxs 29-cu PŞ-nə təmin edilmiş və onun Şəxs olması müəyyən edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:05-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in227 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xırda talama etməsi və xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafedici izahatından başqa, məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-cu maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq hərəkətləri İXM-in 227-ci maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də İXM-nin 227 və 535.1-ci maddəsində nəzərdə tutulmuş həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2022-ci il tarixdə 29-cu polis şöbəsində polisin qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 227 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf edərək peşman olmasını əməlini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən halların olmama və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 227 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 18 oktyabr 2022-ci il tarixdən saat 19:40-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 227 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 01 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 18 oktyabr 2022-ci il tarixdən saat 19:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar