Məhkəmə qərarları › İş №3(004)-5634/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5634/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5634/2025 07.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Protokol tərtib etmiş şəxs - Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, hüquqi şəxs Şəxs QSC-nin direktoru X2 iştirakları ilə Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 19 avqust 2025ci tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs QSC tərəfindən 12115.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 08 avqust 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 12115.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 09 avqust 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş sorğulara cavabla tanış olduqlarını, həmin orqanların sorğuda geniş formada açıqlama verməmələrinə baxmayaraq həmin orqanlara etimadlarının olduğunu, göstərilən malların vaxtında ölkə ərazisinə idxal edildiyini qəbul etdiklərini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin direktoru X3 məhkəmə iclasında bildirmişdir ki, müqavilədə göstərilən mallar müqavilənin bağlandığı tarixdən etibarən 2 il müddət keçmədən ölkə ərazisinə daxil olmuşdur. Bununla yanaşı, həmin malların idxalı ilə bağlı bəzi məlumatlar məxfi xarakter daşıdığından müvafiq gömrük bəyannaməsini təqdim etmək imkanları məhduddur. Qeyd edilən məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edilmişdir. Həmçinin dövlət orqanlarından gələn sorğular da bunu təsdiq edir. Göstərilənlərə əsasən Şəxs QSC-nin əməlində inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanın törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş 19 avqust 2025-ci tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 08 avqust 2023-cü il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 12115.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 08 avqust 2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 11 avqust 2025-ci il tarixli, RB-02/3617 nömrəli məktubdan görünür ki, hüquqi şəxs Şəxs QSC-in qabaqcadan ödənişlər aparıldığı gündən 02 il müddət tamam olmasına baxmayaraq malları ölkəyə idxal olunmamış, xidmətləri göstərilməmiş və qabaqcadan ödənilmiş məbləğləri geri qaytarmamışdır. İnzibati xəta haqqında 19 avqust 2025-ci tarixli, EP ******* saylı protokoldan görünür ki, Şəxs QSC tərəfindən 12115.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 08 avqust 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 12115.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 09 avqust 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 23 sentyabr 2025-ci il tarixli, 3100/24-01-69 m nömrəli məktubdan görünür ki, məktubun mətni “Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004) - 5634/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, məktuba əlavə olunan RD X7 Cəmiyyətinə məxsus gömrük bəyənnamələrinə dair yüklər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük idarəsinin Məxfi bölməsinin “VAİS-M” sistemində AR Nazirlər Kabinetinin xx.xx.2023cü il tarixli 300s nömrəli sərəncamına və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə RD Smart QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 10/052-006-23 nömrəli müqaviləyə əsasən rəsmiləşdirilmişdir” məzmunda olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən daxil olmuş 01 oktyabr 2025-ci il tarixli, 16/0220 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Şəxs QSC (VÖEN: **********) arasında müxtəlif dronların alışına dair müqavilə mövcud olmuş və həmin müqaviləyə əsasən mallar təchiz edilmişdir. Eyni zamanda dronların bəzi elementlərinin Çin mənşəli olduğunu təsdiqləyir, lakin bu barədə Şəxs QSC ilə Çin tərəfdaşları arasında bağlanmış müqavilə barədə məlumat mövcud olmadığından, sorğu edilən sənədlərin təqdim olunması imkan xaricindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs QSC tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüququ məsuliyyət müəyyən edilmişdir. İdxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özü-özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “AR İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair“ 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətamın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxsin inzibarti məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydaları ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər. (məsələn:forsmojor, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.) Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla, barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, inzibati protokol tərtib etmək səlahiyyəti olan orqan həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İXM-nin tələblərinə uyğun müəyyən etməlidir. Məhkəmə, Şəxs QSC barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs QSC tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Şəxs QSC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 23 sentyabr 2025-ci il tarixli, 3100/24-01-69 m nömrəli və 01 oktyabr 2025-ci il tarixli, 16/0220 nömrəli məktublardan görünür ki, RD X7 Cəmiyyətinə məxsus gömrük bəyənnamələrinə dair yüklər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük idarəsinin Məxfi bölməsinin “VAİS-M” sistemində AR Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 300s nömrəli sərəncamına və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə RD Smart QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 10/052-006-23 nömrəli müqaviləyə əsasən rəsmiləşdirildiyi, həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Şəxs QSC arasında müxtəlif dronların alışına dair müqavilənin mövcud olduğu və həmin müqaviləyə əsasən malların təchiz edildiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs QSC-nin 12115.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 08 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra 02 (iki) ildən artıq müddət keçmədən malların gəldiyinin müəyyən edilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs QSC-nin əməlində inzibati xəta hadisəsi olmadığından Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar