Məhkəmə qərarları › İş №3(004)-5684/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5684/2022

03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5684/2022 03.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İnzibati protokol tərtib etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 iştirakları ilə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən X6 barəsində İXM-in 544.1-ci maddəsi ilə 17 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, ünvan 1 ünvanında fəaliyyət göstərən çörək istehsalı müəssisəsində X6 tərəfindən yoxlamanın aparılmasına şərait yaradılmamışdır. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi X5 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş hüquqi şəxsin barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmənin sualina cavab olaraq bildirdi ki, X4 yoxlamanın aparılması ilə bağlı bildirdiş göndərilmişdir, lakin həmin bildirişin çatdırılması ilə bağlı xəbərnamə mövcut deyildir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, obyektdə yoxlama aparılan zaman orada olmamışdır. Barəsində tərtib edilmiş protokoldan yalnız məhkəmə bildirişi ona poçt vasitəsilə təqdim edildikdən sonra xəbərdar olmuşdur. Yoxlama aparılarkən ona məlumat verilməmiş, hər hansı sənədin təqdim edilməsi tələb edilməmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin əməkdaşları ona yoxlama barədə məlumat verməmişlər, bundan əlavə isə barəsində inzibati icraat aparılan zaman öncədən məlumatlandırılmamışdır. Ona yoxlamanın aparılması ilə bağlı bildirdiş göndərilməmişdir. Əlavə olaraq bildirmişdir ki, ona məxsus obyektdə istənilən zaman yoxlama aparılmasına şərait yarada bilər. Çünki onun obyektində hər şey qanunamüvafiqdir. X6 göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, protokola əsasən inzibati xətanın X6 tərəfindən törədilməsi qeyd edilmişdir. Protokolda törədilən inzibati xəəta kimi qeyd edilmişdir ki, ünvan 1 ünvanında fəaliyyət göstərən çörək istehsalı müəssisəsində X6 tərəfindən yoxlamanın aparılmasına şərait yaradılmamışdır. Aşağıdakılara əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs İXM-nin 544.1-ci maddəsindəki inzibati xətanın subyekti deyildir. Belə ki, İXM-nin 544.1-ci maddəsinə əsasən İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə əsasən yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsi və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmaması, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsi əməli inzibati xəta kimi müəyyən edilmişdir. Lakin protokolda göstərilib ki, “şərait yaradılmayıb”. Məhkəmə bununla bağlı qeyd edir ki, yoxlama yerinə buraxılmama və qanuni tələblərinin yerinə yetirilməmə əməli başqadır, şərait yaratmama əməli başqadır. yoxlama yerinə buraxılmama və qanuni tələblərinin yerinə yetirilməmə qəsdlə törədilir, şərait yaratmama hərəkətsizliklə törədilir. Hər bir halda maddənin dispozisiyasında “şərait yaratmama” əməli inzibati xəta kimi müəyyən edilmədiyinə görə, protokolda göstərilən şəxsin bununla bağlı əməli inzibati xəta kimi müəyyən edilə bilməz. Göründüyü kimi, faktiki olaraq inzibati xəta haqqında protokolda maddənin dispozisiyası formal olaraq yazılmışdır. Şəxs tərəfindən təqsirli sayılan və törədilmiş əməlin mövcudluğu qeyd edilməmişdir, bu barədə sübutlar təqdim edilməmişdir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İnzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə işə baxarkən protokolda qeyd edilən əməlin (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Konkret əməl (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) protokolda göstərilmədiyi üçün, məhkəmə səlahiyyətli orqan tərəfindən müəyyən edilməmiş əmələ görə şəxsi inzibati məsuliyyətə cəlb edə bilməz. Səlahiyyətli orqanın protokol tərtib edərkən, şəxsin bu və ya digər hər hansı bir dəqiq göstərilməyən qeyri-müəyyən əməli törətməsini nəzərdə tutmasını məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, protokolda konkret inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibini yaradan əməl qeyd edilmədiyindən, şəxsin törətdiyi inzibati xətanın mahiyyətinin nədən ibarət olması göstərilmədən, inzibati xəta haqqında protokolda göstərilməyən hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-in inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Protokolda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması protokolda öz əksini tapmalıdır. Konkret göstərilməyən, dəqiqləşdirilməmiş əməlin düzgün olub-olmamasını yoxlamaq da mümkünsüzdür. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə tərtib edilmiş protokolla şəxsin təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməli (hərəkət və ya hərəkətsizlik) qeyd edilməmişdir, onun məhz hansı əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması qeyd edilməmişdir. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib olunmuş 17 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar