Məhkəmə qərarları › İş №3(004)-5713/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5713/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5713/2025 25.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 04 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda nəzərdə tutulmuş inzibati cərimənin ödənilmədiyi müəyyən edilmiş, nəticədə "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X4 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, sözügedən məktub MMC tərəfindən rəsmi şəkildə qəbul edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda nəzərdə tutulmuş inzibati cərimənin ödənilmədiyi müəyyən edilmiş, nəticədə "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 25 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaşlar X5, X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş, bununla da Şəxs tərəfindən AR Əmək Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmuş, nəticədə "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs tərəfindən İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə 3000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs ünvanlanmış 09 sentyabr 2024cü il tarixli, 3-17-5/2-61421/2024 nömrəli məktubdan görünür ki, məktubun mətni “Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra AR ƏƏSMN) yanında X6 Xidmətinə (bundan sonra DƏMX) daxil olmuş məlumatlara əsasən barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 192.1-ci maddəsi ilə 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsi barədə 25 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və qərar qanuni qüvvəyə minmişdir. AR İXM-nin 150.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 150.1ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Qeyd edilənlərə əsasən AR ƏƏSMN yanında DƏMX tərəfindən qəbul edilmiş 25 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar AR İXM-nin 150.5-ci və 150.6-cı maddələrinin tələbinə əsasən icra edilməsi məqsədilə Sizə göndərilir” məzmunda olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən "xxxx" MMC və MMC-nin vəzifəli şəxsi Şəxs ünvanlanmış 25 iyul 2025-ci il tarixli, 3-17-5/2-66431/2025 nömrəli məktubdan görünür ki, məktubun mətni “2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınan şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqavilələri aşkar edilməmiş, nəticədə "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmiş və qərar qanuni qüvvəyə minmişdir. Bildiririk ki, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarda qeyd olunan inzibati cərimə məbləğinin ödənilməsi ilə bağlı 3-17-5/2-61421/2024 nömrəli xx.xx.2024-cü il tarixli ilkin xəbərdarlıq məktubu göndərilmiş, lakin cərimə məbləği ödənilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə (Bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə) əsasən 3-17-5/2-41755/2025 nömrəli xx.xx.2025-ci il tarixli növbəti xəbərdarlıq məktubu göndərilmiş, lakin cərimə məbləğinin ödənilməsi təmin edilməmişdir. Yuxarıda qeyd olunanları və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmamasını nəzərə alaraq iş üzrə icraatın başlanması ilə əlaqədar 04 avqust 2025-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə (ünvan: AZ1113, Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova 107) dəvət olunursunuz. Əyani iştirakınız mümkün olmadığı təqdirdə aşağıdakı link üzrə onlayn qoşulmaqla iştirakınızı təmin etməyiniz xahiş olunur. Sizin və ya səlahiyyətli nümayəndənizin iştirakını (etibarnamə ilə) təmin etməyiniz və iş üzrə Sizdə olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır” məzmunda olmuşdur. "xxxx" MMC-nin elektron sisteminin “poçt göndərişlərinin izlənməsi” bölməsindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs ünvanlanmış məktub 14 sentyabr 2024-cü il tarixdə “ünvançı göstərilən ünvanda yoxdur, ünvançının müəssisəsi bağlıdır” cəhdi ilə göndəriciyə qaytarılmış, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 150.5-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən:150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; 150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İlk olaraq məhkəmə qeyd edir ki, İXM-nin 529.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, məhkəmədə toplanmış sübutlardan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən "xxxx" MMCnin vəzifəli şəxsi Şəxs barəsində İXM-in 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlamasına səbəb olmuş xx.xx.2024-cü il tarixli, 3-17-5/2-61421/2024 nömrəli məktubun icrası ilə əlaqədar göndərilmiş xəbərdarlıq xarakterli məlumatların Şəxs çatdırılması müəyyən edilmir. Çünki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-66431/2025 nömrəli məktubu ilə Şəxs müraciət göndərilərək inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar müvafiq tədbirlərin görülməsi, əks halda İXM-in 529.1-1-ci maddəsi ilə sonuncu barəsində inzibati icraatın başlanacağı göstərilsə də, ancaq həmin məktubun Şəxs göndərilməsi və çatdırılmasını təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Həmçinin o da qeyd edilməlidir ki, səlahiyyətli orqan tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tədbir görmək imkanı olması müəyyən edilmədən protokol tərtib edərək məhkəməyə göndərməklə kifayətlənmiş və faktın təsdiq edilməsi üçün kifayət qədər sübutlar toplanılmamışdır. Beləliklə, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından "xxxx" MMCnin vəzifəli şəxsi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar