Məhkəmə qərarları › İş №3(004)-58/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-58/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-58/2024 01.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X9 iclas katibliyi ilə Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X3, X1nın vəkili Vəkil iştirakları ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 15 noyabr 2023cü il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X6 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 15 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, X14 "xxxx" MMC-nin (VÖEN: **********) hazırda qanuni təmsilçisi və direktorudur. Şirkətin müştərilərinin fərdi sorğuları üzrə onların əməkdaşları üçün "Panel operatoru” mövzusunda təlim-qiymətləndirmənin keçirilməsinə dair zərurət yarandığından Şirkət ilə X12 [VÖEN: **********) arasında 21 fevral 2022-ci il tarixli, PL/04-22 saylı Xidməti Müqavilə bağlanılmışdır. Daha sonra müştərilərin Təlimlə bağlı sorğularının artması səbəbindən Kərimli Elçin tərəfindən yenidən 02 dekabr 2022-ci il tarixli, Öl-VX/22 saylı Xidməti Müqaviləsi tərəflər arasında bağlanılaraq aralarındakı əməkdaşlıq yenilənmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin Kərimli Elçinin müraciəti əsasında qəbul etdiyi 15 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında" qərarına əsasən Məmmədova Gülbəniz Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra "İXM") 192.1-ci maddəsinə müvafiq olaraq 4.000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Qərarın dəlilləri tam qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir: 1) Şirkət ilə Kərimli Elçin arasında əmək münasibətləri deyil, mülki hüquq münasibətləri olmuşdur. a) Hər iki Müqavilə bərabər hüquqlu tərəflər arasında bağlanılmışdır və Müqavilələrin predmetini dövrü olaraq göstərilən Təlim xidməti təşkil edir. Əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisə daxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət- tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s. ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Mülki-hüquqi müqavilələrin predmetiyerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır”. Hər iki Müqavilənin 2.1 və 2.2-ci maddələrinə əsasən, İcraçı Sifarişçinin tələbləri üçün bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan "Panel operatoru" mövzusu üzrə təlim keçir və Sifarişçi İcraçıya bu Müqavilə üzrə göstərdiyi müvafiq xidmətlərə görə nəzərdə tutulan şərtlərə əsasən xidmət haqqı ödəyir. Bundan əlavə, Kərimli Elçinin fəaliyyət qrafiki Şirkətin müştəriləri və Kərimli Elçin ilə razılaşdırılmış fərqli saatlar üzrə tərtib edilmişdir. Xidmətlərin görülməsinə dair Kərimli Elçinə fərdi sahibkar olaraq şirkət tərəfindən elektron qaimələr təqdim edilmiş, göstərdiyi xidmətlər qarşılığında xidmət haqqı ödənilmişdir. Bundan əlavə, hər iki Müqavilənin 7.8-ci maddəsinə əsasən, bu Müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq hazırlanıb və tərəflərin hüquqları qüvvədə olan qanunvericiliklə qorunur. b) Hər iki Müqavilənin müddəti və ləğv olunmasının əsasları tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmişdir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, "Əmək Məcəlləsinin 70-ci maddəsi isə əmək müqaviləsinin məhz işəgötürən tərəfindən ləğv olunmasının əsaslarını müəyyən etmişdir. Göründüyü kimi, işçi ilə əmək müqaviləsi yalnız onunla əmək müqaviləsini bağlamış işəgötürən tərəfindən qanunvericiliyə müvafiq olaraq ləğv oluna bilər”. Bundan əlavə, Konstitusiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli Qərarına əsasən, "Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır”. Əmək münasibətlərindən fərqli olaraq, hər iki Müqavilənin 5 və 7-ci maddələrində Kərimli Elçin və Şirkət Müqavilələrin müddətini və xitamı əsaslarını özləri sərbəst iradələri ilə müəyyən etmişdirlər. Belə ki, Müqavilələrin 7.1-ci maddəsinə əsasən, bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və (6) altı ay müddətində qüvvədə qalır. Müqavilələrin 7.2-ci maddəsinə əsasən, bu müqavilənin bitməsinə 30 (otuz) gün qalmış ona xitam vermək haqqında hər hansı bir Tərəfin rəsmi müraciətləri olmadıqda bu Müqavilə 7.1-ci maddədə müəyyən olunmuş müddətdə uzadılmış hesab olunur. Müqavilələrin 5.1-ci maddəsinə əsasən, İcraçı bu müqavilə xitam vermək istədikdə müqavilə üzrə öhdəliklərin bitməsinə ən azı 15 gün qalmış Sifarişçiyə bu barədə yazılı məlumat verməlidir. Müqavilələrin 5.3 və 5.3.1-ci maddələrinə əsasən, Sifarişçi İcraçının bu müqavilənin qüvvədə olduğu müddət ərzində əgər hər hansı bir öhdəliyi və ya yerinə yetirilməmiş öhdəliyi olmadıqda 15 təqvim günü ərzində müqaviləyə xitam verə bilər. c) Hər iki Müqavilənin tərəfləri öz hüquq və öhdəliklərini hüquqi və fiziki şəxslərə ötürə bilərlər. Konstitusiya Məhkəməsi 20 oktyabr 2023-cü il tarixli Qərarında bildirmişdir ki, "...Mülki müqavilə tərəfləri qismində istər fiziki, istərsə də hüquqi şəxslər çıxış edə bildiyi halda, əmək müqaviləsində bir tərəf (işçi) yalnız fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur...Əmək müqavilələrində işçi əmək funksiyasım şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir". Əmək münasibətlərindən fərqli olaraq, hər iki Müqavilənin 7.6-cı maddəsinə əsasən, tərəflər öz hüquq və öhdəliklərini qarşılıqlı razılıqları ilə ötürə bilərlər. Müqavilələrdəki bu müddəa onu təsdiqləyir ki, Kərimli Elçin Şirkətin razılığı ilə Müqavilədə razılaşdırılan xidmətlərin göstərilməsini digər fiziki və hüquqi şəxsə ötürə bilər. d) Şirkət və X18 üzrə tam maddi məsuliyyət daşımalarına dair razılığa gəlmişdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 17 iyul 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, "...Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda tam maddi məsuliyyətə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və s.” Hər iki Müqavilənin 5.8-ci maddələrinə əsasən, heç bir tərəf müqavilənin tələblərindən kənara çıxmaqla [Müqaviləni] birtərəfli şəkildə ləğv edə bilməz, əks təqdirdə o bununla digərinə dəyən zərər və itirilmiş mənfəət üçün məsuliyyət daşıyır. e) X15 üzrə öhdəliklərinə görə yalnız maddi məsuliyyət daşıyır. Qeyd edilən Konstitusiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, "Əmək müqavilələrində işçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olduğu və onları pozduqda intizam tənbehinə məruz qaldığı halda, mülki-hüquqi müqavilələr üçün bu cür tənbehlər xas deyil...Beləliklə, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır”. Tərəflər Mülki Məcəllənin müddəalarına uyğun olaraq Müqavilə üzrə yarana biləcək maddi məsuliyyətə dair qarşılıqlı razılığa gələrək öz sərbəst iradələri əsasında hər iki Müqaviləni bağlamışdırlar. Şirkət ilə Kərimli Elçin arasındakı əməkdaşlıq hər iki tərəfin sərbəst iradəsi əsasında bağlanılmış xidmət müqaviləsi çərçivəsində mülki hüquq münasibətləri olub əmək münasibətlərindən kəskin şəkildə fərqlənməkdədir. 2) İdarə obyektiv və tam araşdırma aparmadan qərar qəbul etmişdir. Belə ki, İdarə tərəflər arasında mülki yoxsa əmək münasibətinin olub-olmaması ilə bağlı tam araşdırma aparmamış, təqdim olunan iş materialları qeyri-obyektiv qiymətləndirmişdir. İdarə Qərarda işə baxarkən müəyyən etdiyi hallar kimi qeyd etmişdir ki, "Böyüklər üçün təhsil", yəni müntəzəm məktəb təhsili və ya təhsil sistemlərində oxumayan insanlar üçün olan təhsil Şirkətin əlavə fəaliyyət növlərindən biridir, bundan əlavə Şirkətdə təlim və işə qəbul üzrə aparıcı mütəxəssis vəzifəsi vardır. X16 Şirkətin qeyd olunan əlavə fəaliyyəti göstərməyini təsdiqləyən hər hansı mötəbər sübutu yoxdur və olsa belə, bu hal X19 ilə bağlanılan xidmət müqaviləsi əsasında qeyd edilən fəaliyyəti göstərməsini istisna etmir. Kərimli Elçinin göstərdiyi təlim xidmətinin Şirkətdə mövcud olan "təlim və işə qəbul üzrə aparıcı mütəxəssis” vəzifəsinin əmək funksiyaları ilə əlaqəsi belə yoxdur və İdarə bunun əksini təsdiqləyəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, Şirkətin "təlim və işə qəbul üzrə aparıcı mütəxəssis" vəzifəsi üzrə işlərin əsas məzmununa sifarişçi şirkətlərə insan resurslarının idarə edilməsi ilə bağlı məsləhətlərin verilməsi, bununla bağlı köməklik göstərilməsi və təlimlərin təşkil edilməsi zamanı bütün koordinasiya işlərinin təmin edilməsi daxildir. İdarənin araşdırma aparan zaman aşkar etdiyi halların heç biri Şirkət ilə Kərimli Elçin arasında mülki yox məhz əmək münasibətinin olmasım təsdiqləyəcək hüquqi əsası yoxdur. Bundan əlavə, X2 iştirakı olmadan iş üzrə materialları qiymətləndirmiş və protokol tərtib etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 20 oktyabr 2023-cü il tarixli Qərarında işin faktiki hallarının qiymətləndirilməsinin əhəmiyyətini vurğulamışdır. Qərarda Konstitusiya Məhkəməsi bildirmişdir ki, "...Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olubolmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir". Buna baxmayaraq, İdarə sadəcə Kərimli Elçinin irəli sürdüyü “dəlillər”ə istinad edərək araşdırma aparmış, tərəflər arasındakı münasibətin faktiki halları və Müqavilələrin xarakterini obyektiv qiymətləndirməmiş və nəticədə tərəflər arasında əmək münasibətlərinin olduğu qənaətinə gəlmişdir.Yekun olaraq o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsi tərəfindən barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsilə olan 15 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1nın vəkili Vəkil şikayətin dəlillərinə uyğun izahat verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 15 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərar əsassız və qanunsuz olduğundan onu ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X4 şikayət ərizəsinə etiraz edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 15 noyabr 2023cü il tarixli MN seriyalı ******* nömrəli qərar qanuni olduğundan qüvvəsində saxlanılmasını şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş edilmiş 15 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X6 barəsində tərtib edilmiş 06 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati 4000 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. İş materiallarında olan müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə fərdi sahibkar X12 (VÖEN **********) arasında 21 fevral 2022-ci il tarixdə, PL/04-22 saylı xidmət müqaviləsi bağlanmışdır. "xxxx" ASC-nin köçürmə ərizələrindən görünür ki, "xxxx" MMC tərəfindən X10 göstərdiyi xidmətlərə görə müxtəlif məbləğlərdə ödənişlər edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-5932/2024 saylı qərarına əsasən "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialla əsasən, vətəndaş X12 "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törəldilmişdir. Fərdi sahibkar E.S.Kərimli "xxxx" MMC tərəfindən qeyri-rəsmi əmək münasibətlərinə cəlb edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə obyektiv, tam və hərtərəfli araşdırma aparılmamış, nəticədə inzibati xətanın subyekti düzgün müəyyən edilməmiş və yanlışlıqla "xxxx" MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-320/2024 nömrəli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-5932/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra, "Konstitusiya Məhkəməsi") "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 111 və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 20 oktyabr 2023-cü il tarixli Qərarında şəxslərin fərdi azad seçimi ilə mülki hüquq münasibəti əsasında işləri və xidmətləri görə bilmələrini vurğulamışdır. Belə ki, Qərarda qeyd olunur ki, "Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür...Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir...Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 7-ci maddəsinin 2-1-ci bəndinə əsasən Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 7-ci maddəsinin 2-2-ci bəndinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. 2-3-ci maddəsinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1-ci maddəsinə əsasən müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2-ci maddəsinə əsasən bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3-ci maddəsinə əsasən tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4-ci maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5-ci maddəsinə əsasən tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6-ci maddəsinə əsasən yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7-ci maddəsinə əsasən yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8-ci maddəsinə əsasən müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. 2-4-ci maddəsinə əsasən Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə X12 arasında mülki hüquq müqaviləsi bağlanmış və göstərilən xidmətin qarşılığında müvafiq haqq ödənilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən isə "xxxx" MMC-nin direktoru X5 əməlində inzibati xətanın əlamətlərinin olmasını müəyyən edildiyindən sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 15 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək 4000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etmişdir. Lakin "xxxx" MMC ilə X12 arasında yaranmış hüquq münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci bəndində göstərilən şərtlər daxilində olmamışdır. Bununlada məhkəmə hesab edir ki, "xxxx" MMC ilə X12 arasında əmək müqaviləsinin bağlanmasına ehtiyac olmamışdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddənin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X11 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, X5 əməlində inzibati xəta tərkibinin əlamətləri yoxdur və bu səbəbdən onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X5 şikayəti təmin olunsun. X6 barəsində qəbul edilmiş 15 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 15 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Mərkəzi İnformasiya sistemində X5 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar