Məhkəmə qərarları › İş №3(004)-5854/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5854/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5854/2024 18.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 3166-cı məhəllə ünvanında olan Şəxs ASC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs ASC-nin ünvanına daxil olmuş xx.xx.2024-cü il tarixdə **********3516 sorğu nömrəli bəyannaməsi ilə ümumi gömrük dəyəri 22896.96 manat olan müxtəlif yüklər 04 (dörd) ay müddətinə müvəqqəti saxlanca götürülmüş, gömrük baxışı zamanı bəyannamədə qeyd edilən 22 ədəd “süni bədən hissələri:linzalar” adlı yüklərin yerində olmadığı məlum olmuşdur. Bununla bağlı Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İXM- nin 491.1-ci maddəsi ilə Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 07 oktyabr 2024-cü il tarixli 00800-00854/24 saylı protokol tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi və vəkili Nümayəndə2 bildirmişdir ki, inzibati xətanın törədilməsini etiraf edirlər. Belə ki, tibbi əməliyyatların vaxtında aparılması üçün süni bədən hissələri və linzalardan istifadə olunur. Bu üzrlü səbəbdir, çünki insanlar əməliyyat olunmalıdır və gözləyə bilmirlər. Göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan **********3516 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, bəyannamə xx.xx.2024-cü il tarixdə gömrük orqanına təqdim edilmişdir. İş materiallarında olan e-fatura çıxarışından görünür ki, “süni bədən hissələri:linzalar” adlı məhsulun miqdarı 22 ədəd müəyyən edilmişdir. İş materiallarında olan 09 sentyabr 2024-cü il tarixli gömrük baxışının keçirilməsi haqqında protokoldan görünür ki, **********3516 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən 22 ədəd “süni bədən hissələri:linzalar” adlı məhsul cərrahiyyə əməliyyatları zamanı həkimlər tərəfindən istifadə edildiyi faktı müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs ASC İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində törətdiyi inzibati xətanın obyekti olmuş 22896.96 manat məbləğində vəsaitin otuz faizi miqdarında, yəni 6869,08 (altı min səkkiz yüz altmış doqquz manat 08 qəpik) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar