Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5859/2022 23.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2022ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini, o cümlədən, “AsanPay” ödəniş sisteminə yerləşdirilmiş cərimə balının, cərimə məbləğinin, eləcə də, gələcəkdə bu cərimə məbləğindən yaranmış ola biləcək hər hansı dəbbə məbləğinin xitamı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi Ü.R.Novruzov şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində YPX patrul maşını "Ağ şəhər" adlanan ərazidə idarə etdiyi **-SL-*** dövlət nömrə nişanlı avtomobili saxladı və Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı X4 onun bir neçə küçə o tərəfdə inzibati xəta törətdiyini, eləcə də dövlət qeydiyyat nömrə nişanının standartlara uyğun olmadığını iddia edərək, İXM-nin müvafiq 327.2 və 342.7-ci maddələri üzrə İXP ******* saylı protokol tərtib etdi və bu zaman nə iddia etdiyi qayda pozuntusuna aid video və ya foto görüntü təqdim etdi, nə də dövlət nömrə nişanının hansı standarta uyğun olmamasını izah etdi. Halbuki, nömrə saxta deyil, idarə etdiyi avtomobilə məxsus olub, DYP tərəfindən verilib və nömrənin bütün simvolları aydın seçilirdi. Sadəcə olaraq, həmin dövlət nömrə nişanında təbii köhnəlmənin müəyyən əlamətləri sezilirdi. Ancaq o, inspektora deyəndə ki, həm nömrə seçilir, bütün simvolları oxunur, həm də nömrədə “çip” var, polis baş serjantı dövlətin uyğun görərək bütün yeni dövlət nömrə nişanlarına tətbiq etdiyi həmin “çip”i “boş şey” adlandırdı ki, bu da xoş bir hal deyil. Bununla bağlı bütün danışıqlar YPX patrul maşınının mikrofonuna yazılmış olmalıdır, səs yazısını onlardan alıb dinləyə bilər. xx.xx.2022-ci il tarixində həmin protokola əsasən Bakı şəhər DYPİ-nin polis kapitanı X1 tərəfindən tərtib olunmuş TP ******* saylı qərar qüvvəyə minir. xx.xx.2022-ci il tarixində isə Bakı şəhər DYPİ-dən ona məktub ünvanlanır və bildirilir ki, “Araşdırma zamanı hərəkətlərinizdə AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barənizdə qəbul olunmuş TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarda Məcəllənin 327.2-ci maddəsi 327.1-ci maddəsi ilə əvəz olunmuşdur.” O, müvafiq qərarın yeni surətini əldə edən zaman isə məlum oldu ki, bununla bağlı xx.xx.2022-ci il tarixli TP ******* saylı tamamilə yeni qərar verilib. Yenə də, 327.2 maddəsi tətbiq edilən zaman olduğu kimi, 327.1 maddəsi ilə bağlı heç bir video və ya foto görüntü təqdim edilməyib. Şikayətləri aşağıdakılardır: Polis haqqında Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin 9-cu bəndinə (nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumatı olduqda, habelə nəqliyyat vasitəsinin idarə olunması ilə cinayət törədilməsinə real təhlükə yarandıqda nəqliyyat vasitəsini təqib etmək) zidd olaraq YPX patrul maşını arxamca bir neçə küçə gələrək onu təqib etmişdir. İnzibati xəta tərkibi barədə heç bir video və ya foto görüntü təqdim olunmayıb, nə 327.2 maddəsi üzrə, nə də 327.1. O, inzibati xəta törətmədiyinə əmindir. Ancaq, əgər hər-hansı bir qayda pozuntusu varsa, bunu ərazi üzrə quraşdırılmış kameralar qeydə alaraq onun yaşadığım ünvana sübutlarla birlikdə göndərə bilərlər. Bundan ötrü vətəndaşı təqib etmək düzgün deyil. O, polis serjantına deyəndə ki, əgər siz qayda pozduğunu düşünürsüzsə, bununla bağlı cərimə yazmazdan əvvəl ona xəbərdarlıq edə bilərsiniz, o dedi ki, İXM-də xəbərdarlıq yoxdur. Halbuki, İXM-in 22-ci bəndində inzibati tənbeh növləri aşağıdakı ardıcıllıqla sadalanır: 22.1.1 xəbərdarlıq; 22.1.2. inzibati cərimə və s. Yəni, qanunvericiliklə ona cərimə yazmaq əvəzinə yazılı xəbərdarlıq da vermək olardı. YPX inspektoru "nömrə standarta uyğun deyil" dediyi zaman bunu faktla, qanunvericiliklə izah edə bilmədi, halbuki, həmin standartlar barədə İXM-in və ya digər qanunun müvafiq maddəsini xəta tərkibi olaraq ona dəqiq bildirməli idi. İnzibati cərimə kiminsə subyektiv fikri əsasında tərtib edilməməlidir. xx.xx.2022-ci il tarixli TP ******* saylı qərara uyğun olaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: • 327.1 bəndinə uyğun olaraq 40 manat cərimə; • 342.7-ci bəndinə uyğun olaraq 60 manat cərimə və 4 cərimə balı yazılmışdır. İXM-nin 53.0 maddəsinin 53.0.1.-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2,-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini, o cümlədən, “AsanPay” ödəniş sisteminə yerləşdirilmiş cərimə balının, cərimə məbləğinin, eləcə də, gələcəkdə bu cərimə məbləğindən yaranmış ola biləcək hər hansı dəbbə məbləğinin xitamı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər BPİ-nin DYPİ-nə lazımı qaydada məlumat verilsə də, Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə şikayətçinin çıxışını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin qismən olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Ü.R.Novruzov “X8 minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə saat 12:06 radələrində Bakı şəhəri, Nobel pr., məhəllə 1240, 20c ünvanında hərəkətdə olan zaman yol nişanlarının tələblərinə riayət etməyərək, saxta və ya mövcüd standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə etmişdir. Ona görə də, Ü.R.Novruzov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə YPX-nin inspektoru tərəfindən Ü.R.Novruzovun barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ü.R.Novruzov həmin vaxt inzibati xəta hadisənin mövcudluğu ilə razılaşmadığı üçün inspektor tərəfindən yerində qərar qəbul edilməmiş və iş baxılması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinin tələbinə əsasən Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilmişdir. Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə Ü.R.Novruzov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, Ü.R.Novruzovun barəsində Bakı şəhər BPİ-nin DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, əvvəla inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ü.R.Novruzova lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Eyni zamanda, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ya izahat verməkdən imtina etmişsə bu barədə, həmçinin şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə protokolda müvafiq qeydiyyat aparılmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış və ya şəxs protokolu imzalamaqdan imtina etmişdirsə bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilərkən və həmin protokol əsasında xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən çoxsaylı kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər BPİ-nin DYPİnə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-5859/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5859/2022
23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver