Məhkəmə qərarları › İş №3(004)-5860/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5860/2022

05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5860/2022 05.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Yasamal rayon polis idarəsinin (RPİ) Dövlət yol polisi şöbəsinin (DYPŞ) 08 oktyabr 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində Yasamal RPİ DYPŞ tərəfindən qəbul edilmiş 08 oktyabr 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsindən sol tərəfdəki küçəyə hərəkət etmək üçün işıqforun yaşıl işığının yanmasını gözləyərkən **-YP-*** dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobildə olan DYPŞ Yol patrul xidmətinin əməkdaşı əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğunu iddia edərək avtomobilini saxlamağını tələb etmişdir. Ona yaxınlaşıb özünü təqdim etmədən, dönmə işıqlarından istifadə etmədiyini və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğunu bildirmişdir. O Yol patrul xidmətinin əməkdaşından saxlama səbəbi olan qayda pozuntusunu harada və necə etdiyi haqqında məlumat almaq istəsə də, heç bir əsaslandırılmış cavab almamışdır. Yol patrul xidmətinin əməkdaşı avtomobilinin arxasına keçib dövlət qeydiyyat nişanın (arxa tərəfdəki) işıqlaqlarının yanmadığını və bunu aradan qaldırmağını tələb etmişdir. O avtomobildən istifadə edənə qədər dövlət qeydiyyat nişanın (arxa tərəfdəki) işıqlarının işlək vəziyyətdə olduğundan əmin olaraq hərəkətə başlamış, lakin hərəkətdə olarkən avtomobilin dövlət qeydiyyat nişanın (arxa tərəfdəki) işıqlaqları texniki nasazlıqla əlaqədar işlək vəziyyətdə olmamışdır. O yol patrul xidmətinin əməkdaşına texniki nasazlığı aradan qaldırmaq üçün ən yaxın təmir sexinə yaxınlaşacağını bildirsə də, polis əməkdaşı gecə saat 02:55 radələrində avtomobilin idarə olunmasını qadağan edərək onu duracağa aparmağını tələb etmişdir. Buna görə də, o və qardaşı gec saatlarda küçədə çətin vəziyyətdə qalmışdır. Bundan başqa qanunvericilikdə qeydiyyat nişanın (arxa tərəfdəki) işıqlaqlarının xarici işıq cihazı olduğu ilə bağlı hər hansı məlumat öz əksini tapmamışdır. Həmçinin avtomobili idarə etdiyi əsnada qeydiyyat nişanın (arxa tərəfdəki) işıqlaqlarının texniki nasazlıqla əlaqədar işlək vəziyyətdə olmaması ilə bağlı onunla yanaşı heç kim həmin vaxt bir tədbir görə bilməzdi. O polis əməkdaşına bütün bunları desə də, barəsində protokol tərtib edərək avtomobilin istifadəsinə icazə verməmişdir. Dövlət qeydiyyat nişanın görünməsini təmin etmək üçün yalnız onun təmiz saxlanılmasının sürücünün vəzifəsi olduğu qanunvericilikdə göstərilmişdir. Göstərilənlərə əsasən BDYPİ tərəfindən qəbul edilmiş 08 oktyabr 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 342.5-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini, ödədiyi inzibati cərimənin ona geri aytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək Yasamal RPİ DYPŞ tərəfindən qəbul edilmiş 08 oktyabr 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Yasamal RPİ DYPŞ tərəfindən qəbul edilmiş 08 oktyabr 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X4 01 oktyabr 2022-ci il tarixdə saat 02:47-də “Lexus 470” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, X6 küçəsi 109A ünvanında xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgicləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Qeyd edilən 08 oktyabr 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X4 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.1 və 342.5-ci maddələrinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Yasamal RPİ DYPŞ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon polis idarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş 08 oktyabr 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon polis idarəsinin Dövlət yol polisi şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon polis idarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş 08 oktyabr 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon polis idarəsinin Dövlət yol polisi şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar