Məhkəmə qərarları › İş №3(004)-5862/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5862/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5862/2022 11.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 2-ci ərazi X7 idarəsinin X7 şöbəsinin böyük inspektoru daxili xidmət mayoru X2, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 2-ci ərazi X7 idarəsi Şəxs MMC -nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Va Dent” stomatoloji kabinetdə keçirilən YTM zamanı elektrik naqillərinin gərginliyə qarşı müqavimətinin yoxlanılmadığı müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 2-ci ərazi X7 idarəsinin X7 şöbəsinin inspektoru daxili xidmət mayoru X4 bildirmişdir ki, həqiqətəndə Fəcrin MMC ünvan 2 ünvanında fəaliyyət göstərmir. Həmin ünvanda başqa MMC fəaliyyət göstərir. Fəcrin MMC barəsində inzibati protokola xitam verilməsinə etiraz etmir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X3 protokola etiraz edərək bildirmişdir ki, Fəcrin MMC ünvan 2 ünvanında fəaliyyət göstərmir. Həmin ünvanda başqa MMC fəaliyyət göstərir. Protokolun tərtibində səhvə yol verildiyindən Fəcrin MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 29 sentyabr 2022-ci il tarixli 4071 saylı yoxlamanın aparılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, X7 Xidməti tərəfindən Yasamal rayonu Ş.Mehdiyev 1054 məhəllə ünvanında fəaliyyət göstərən Şəxs MMC-də plan üzrə (növbəti) yoxlama keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 06 oktyabr 2022-ci il tarixli 4071 saylı Yanğın-Texniki müayinə aktından görünür ki, obyektin avtomatik yanğınxəbərverici siqnalizasiya sisteminin sazlığının yoxlanılmasına dair sənədlər, obyektin elektrik naqillərinin gərginliyə qarşı müqavimətinin yoxlanılmasına dair sənədlər, obyektdə mövcud olan ilkin yanğınsöndürən balonların tərkibinin yenisi ilə əvəz edilməsinə dair sənədlər və obyektin yanğından icbari qaydada sığorta olunmasına dair şəhadətnamə təqdim edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən “Va Dent» stomotoloji kabinetdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə yanğıntexniki müayinənin vəziyyətinə dair yoxlama aparılmış və aşkar olunmuş pozuntularla bağlı başqa hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmək əvəzinə qanunsuz olaraq Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin əməkdaşları tərəfindən inzibati xətanın kim tərəfindən törədilməsi düzgün müəyyən edilməmişdir. Göründüyü kimi, Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas olmuş hallara səbəbkar başqa hüquqi şəxs olmuş, buna baxmayaraq, inzibati xəta hadisəsi aşkar edildikdən sonra həmin inzibati xətanı törətmiş subyekt düzgün müəyyən edilməmiş, nəticədə əsassız olaraq Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Yanğın Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin 5- ci bəndinə əsasən binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika ilə təchiz edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya layihələri, o cümlədən xarici təşkilatların investisiya layihələri yanğından mühafizə tələblərinə, yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması hissəsində hökmən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114-115, 128-130 və 518.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar