Məhkəmə qərarları › İş №3(004)-5863/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5863/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5863/2024 28.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PBnin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə DYP-nin inspektorunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin polis sahə inspektoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, polisə tabe olmamaqda özünü təqsirli bilməyərək, barəsində başlanılmış inzibati işə xitam verilməsini xahiş etmişdir. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, 27 oktyabr 2024-cü il tarixində Bakıxanov küçəsi ilə hərəkət edərkən ona məxsus moped nəqliyyat vasitəsi yol patrul xidmətinin əməkdaşları tərəfindən saxladılmışdır. YPX əməkdaşları tərəfindən sənədlərini təqdim etməsi tələb edilmişdir. O isə sənədlərinin həmin anda üzərində olmadığını bildirmişdir. YPX əməkdaşları tərəfindən təkrarən ondan sənədlərin təqdim edilməsi tələb olunmuş, o isə sənədlər üzərində olmadığını, zərurət olduğu halda həmin sənədlərə sistem vasitəsilə baxıla biləcəyini bildirmişdir. Daha sonra polis əməkdaşları sənədlərinin qaydasında olmadığını əsas gətirərək mopedin duracağa yerləşdirilməsi üçün evakuator xidmətini çağırmışlar. Həmin məsələyə görə polis əməkdaşları ilə aralarında anlaşılmazlıq baş vermişdir. Onun bu məsələdə heç bir təqsirinin olmamasını nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirmişdir ki, o, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi iş materiaları ilə sübuta yetirilmir və ona görə də həmin maddə üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində protokol tərtib edilmiş Şəxs münasibətdə İXM-nin 535.1-ci maddələri ilə protokol tərtib edilə bilməz, çünki, həmin şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən idarə olunan moped nəqliyyat vasitəsi yol polisi əməkdaşları tərəfindən saxlanılmış və bu zaman onların arasında anlaşılmazlıq baş vermiş, polis əməkdaşları ondan sənədlərini təqdim etməsini təkidlə tələb etsələr də o, həmin vaxt sənədlərinin üzərində olmadığını bildirmiş və lazımi məlumatlara sistem vasitəsilə baxa biləcəklərini bildirmişdir. Daha sonra polis əməkdaşları sənədlərinin qaydasında olmadığını əsas gətirərək mopedin duracağa yerləşdirilməsi üçün evakuator xidmətini çağırmışlar və bu zaman onların arasında anlaşılmazlıq baş vermişdir. Şəxs daha sonra DİN-in 102 qaynar xəttinə zəng edərək YPX əməkdaşlarının əməllərindən şikayət etmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolda iddia olunan əməlləri Şəxs törətməsini sübuta yetirən mötəbər sübutlar iş materiallarında olmadığından onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 535-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal zaldan azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar