Məhkəmə qərarları › İş №3(004)-5870/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5870/2025

15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5870/2025 15.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədli Qəndab Ruslan qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 339.1, 347 və 469.3-cü maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1, 347 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18 avqust 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 18 avqust 2025ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs MMC mülkiyyətində olan “Ravon Nexia R3 SX MİNİK” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin müqaviləsini təkrar dövlət qeydiyyatından keçirməmişdir. Bundan başqa Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş və həmin hüquqi şəxsin mülkiyyətində olan avtomobil idarə edilərkən həmin avtomobilə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş həmin MMC tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1, 347 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz edərək Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə məlumat verdiyini bildirmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibranamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrəsi, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, İXM-in 339.1-ci maddəsi alternativ əlamətli inzibati xətadır. Belə ki, alternativ əlamətli inzibati xəta tərkibini o xətalar yaradır ki, orada başa çatmış inzibati xətanın tərkibinin olması üçün İXM-in müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli inzibati xəta tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə xətanın başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq inzibati xətanın törədilməsi kimi qiymətləndirilir. İXM-in 339.1-ci maddəsində nəzərdə tutulan alternativ əlamətlərdən biri də sahibi tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onun təkrar dövlət qeydiyyatından keçirilməməsidir. Şəxs MMC də məhz bu əsasla, yəni nəqliyyat vasitəsinin icarə və digər əşya hüquqlarına dair müqavilə əsasında başqa şəxsə verilməsi, lakin onu təkrar dövlət qeydiyyatından keçirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Əvvəla qeyd edilməlidir ki, Şəxs MMC-nin balansında olan **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin başqa şəxsə icarə və ya digər əşya hüquqlarına dair müqavilə müqaviləsi əsasında verilməsi iş materiallarından görünmür, səlahiyyətli orqan bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Şəxs MMC tərəfindən həmin nəqliyyat vasitəsinin digər əşya hüquqlarına dair müqavilə əsasında da başqa şəxsə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Belə ki, mülki qanunvericiliyin tələbləri baxımından nəqliyyat vasitəsinin yol vərəqəsi əsasında və ya bununla bağlı verilmiş etibarnamə əsasında idarə edilməsi qanuna uyğundur və bu cür sənədlər əşya hüququna dair müqavilə deyil, bir tərəfli əqd hesab olunur (Mülki Məcəllə 324, 325, 362.5). Bundan başqa, Bakı şəhəri Yasamal RPİ-nin Şəxs MMC-yə ünvanladığı sorğudan görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “Ravon Nexia R3 SX MİNİK” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 06 avqust 2025-ci il tarixdə, saat 02:45-də Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Yasamal RPİ-nə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, Şəxs MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatların təqdim edilməsi barədə səlahiyyətli orqanın Şəxs MMC-yə ünvanladığı müvafiq sorğusu iş materiallarına əlavə edilsə də, həmin sorğunun Şəxs MMC-yə təqdim edilməsini (çatdırılmasını) təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokolda göstərilən inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Belə olduğu təqdirdə İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Beləliklə, İXM-nin sadalanan normalarına əsasən İXM-nin 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs barsində tərtib edilə bilər. Yəni əgər nəqliyyat vasitəsi hüquqi şəxsin mülkiyyətindədirsə, həmin nəqliyyat vasitəsi ilə İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta törədilmişdirsə və həmin xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol həmin avtomobilin mülkiyyətçisi olan hüquqi şəxs barəsində tərtib edilə bilməz. Avtomobilin mülkiyyətçisi fiziki şəxs olduqda, onda həmin fiziki şəxs barəsində tərtib edilə bilər. Lakin hazırkı protokol hüquqi şəxs barəsində tərtib edilmişdir. Belə olduğu təqdirdə hüquqi şəxs həmin inzibati xətanın subyekti deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 339.1, 347 və 469.3-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 339 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən tərtib olunmuş 18 avqust 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1, 347 və 469.3-cü maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar