Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5873/2024 14.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 iştirakları ilə, Bakı şəhər BPİ-nin DYPİ tərəfindən tərtib olunmuş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ-nin DYPİ tərəfindən tərtib olunmuş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 şikayəti Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, şəxs xx.xx.2024-cü il tarixində idarə etdiyi 77- MX- 277 dövlət qeydiyyat nişanlı, Ford Fusion markalı avtomobillə Mikayıl Müşfiq küçəsindən Qurd Qapısı dairəsi üzrə hərəkətdə olarkən yol patrul xidməti inspektoru X1 tərəfindən avtomobilə saxla əmri verilmiş və onun göstərişi ilə avtomobili saxlamışdır. Bu zaman ona bildirilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. Bildirdiklərinə görə guya o svetaforun qadağanedici-qırmızı işığında keçmişdir. Bu zaman tərəfindən yerinədəcə etiraz edilərək bildirilmişdir ki, "o qadağanedici işıqda keçməmişdir və bunu təsdiq edən video-qeydiyyat cihazı avtomobilində var istənilən zaman görüntünü təqdim edə bilər." Yol patrul xidməti inspektoru isə bildirmişir ki, "xeyr siz qırmızıda keçdiz" nəticədə onda olan görüntü ilə də tanış olmaq istəməmiş və barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib etmişdir. Həmin gün tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsinə şikayət təqdim edilmişdir. Şikayətindən sonra ona inzibati xəta haqqında iş üzrə bildiriş göndərilmişdir. Həmin bildiriş ona xx.xx.2024-cü il tarixində poçt vasitəsilə çatdırılmışdır. Bundan sonra o xx.xx.2024-cü il tarixində idarəyə getmiş və həmin zaman yenidən araşdırma aparılaraq ona əks istiqamətdə yəni ki, onun hərəkətdə olduğu istiqamətdə deyil, digər istiqamətdə olan svetaforun videogörüntüsü təqdim edilərək cərimənin əsaslı olduğu bildirilmişdir. Burada da mübahisə predmeti olan qadağanedici nişanın qarşı tərəfdə deyil onun hərəkətdə olduğu istiqamətdə olması və buna görə də digər tərəfin deyil hərəkətdə olduğu istiqamətin görüntüsünün mövcud olmasının zəruriliyini bildirsə də yenə də onunla razılaşmamışlar və məsələnin məhkəmə müstəvisində həll edilməsi qənaətinə gəlmişlər. Bu zaman ona xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərar təqdim edilmişdir. Onun avtomobilində quraşdırılmış videoqeydiyyatçı vasitəsilə qeydə alınan və qoşmaya əlavə edilən video-görüntüdən də göründüyü kimi o avtomobili svetaforun yaşıl işığında hərəkət etdirmişdir. Yaşıl işığın yanıb sönməsi məlum olduğu kimi X5 Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İİİ bəndinin İİ yarımbəndinə əsasən hərəkətə icazə verir. Həmçinin video-görüntüyə nəzər saldıqda da müəyyən edilir ki, DYP əməkdaşının təqdim etdiyi - sol hissədə dayanan avtomobillər (ağ rəngli LADA 2107 və Boz rəngli Tayota prius markalı avtomobillər) üçün yaşıl işığın yanması iddiası da əsassızdır. Onlar üçün yaşıl işıq yansa idi DYP əməkdaşı svetafordan keçdikdən sonra ona saxla əmri verilən məsafəyədək yəni təqribən 50 metr olan məsafədə dayanmaz və hərəkət etmiş olardılar. Yaşıl işığın yanıb sönməsi zamanı o idarə etdiyi avtomobillə təqribən 45-55 km surətlə hərəkət edirdi. Qanunvericilik hərəkətimə 59-cü maddə ilə icazə verdiyi təqdirdə könüllü olaraq keçməsəydi gərək kəskin tormozlama edərdi, o zaman isə tormoz məsafəsi həmin surətə nisbətən nəzərə alındıqda təqribən 4-6 metr məsafədə sürüşmə olacaqdır ki, onda da svetaforun dayanma xəttini pozub dayanmış olacaqdı. Bundan sonra isə həqiqətən də qayda pozuntusu etmiş olardı. Hal-hazırda hesab edir ki, protokol və ona əsasən qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 şikayətdə göstərdiklərini müdafiə edərək şikayətin təmin edilməsini, AR DİN Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən tərtib olunmuş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Bakı şəhər BPİ-nin DYPİ tərəfindən tərtib olunmuş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər BPİ-nin DYPİ tərəfindən tərtib olunmuş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024cü il tarixində saat 11:26-da, Bakı şəhəri, Badamdar yolu, 42, GPS: 40.3562758,49.8105947 ərazisində “Ford Fusion” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Şikayət ərizəsinə əlavə edilmiş hadisənin video görüntülərini özündə əks etdirən diskdən görünür ki, X4 idarə etdiyi avtomobili ilə həqiqətən svetoforun sarı işığının yanması zamanı hərəkətini davam etdirərək yol ayrıcını keçməsi müəyyən edilir. “X5” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinin tələblərinə görə “sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir” və “sarı rəngli işığın yanıb-sönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir”. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş dövlət orqanı tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati orqanın hansı sübutlara əsaslandığı məlum deyildir, məhkəməyə təqdim edilməmişdir, hadisəni əks etdirən foto və ya video materiallar məhkəməyə təqdim edilmədiyindən hazırda F.Seyfəlovun “sarı rəngli işığın yanması” zamanı və ya “sarı rəngli işığın yanıb-sönməsi” zamanı hərəkətinin davam etdirilməsi halını müəyyən etmək olmur. Bu səbəbdən məhkəmə hesab edir ki, qərar qəbul etmiş inzibati orqan özündə olan sübutları (foto, video və sairə) məhkəmə iclasında F.Seyfəlov tətəfindən təqdim edilmiş videogörüntüylə müqayisəli qaydada təhlil edib baş vermiş hadisəyə (inzbati xəta törədilib törədilməməsi baxımından) yenidən qiymət verməlidir. Əks təqdirdə məhkəmə tərəfindən hazırda şikayət vermiş şəxsin təqdim etdiyi sübut əsasında qərara qiymət verilməsi (yol polisində olan sübutlarla tanış olmadan, baxmadan) gələcəkdə məhkəmə qərarının sabitliyinə təsir göstərə bilər. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, X3 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. “X5” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinin İİİ bəndində göstərilir ki, Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 1) yaşıl rəngli işığın yanması — bu siqnal hərəkətə icazə verir; 2) yaşıl rəngli işığın yanıb- sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); 3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 4) sarı rəngli işığın yanıb-sönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir; 6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. Həmin qanunun 60-cı maddəsinin İV bəndinə əsasən svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X3 şikayət ərizəsi qismən təmin edilməli, Bakı şəhər BPİ-nin DYPİ tərəfindən tərtib olunmuş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ-nin DYPİ tərəfindən tərtib olunmuş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər BPİ-nin DYPİnə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5873/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5873/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver