Məhkəmə qərarları › İş №3(004)-5911/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5911/2023

12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5911/2023 12.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, «DS GROUP” MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, «DS GROUP” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: «DS GROUP” MMC 37788.82 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixində xaricə köçürmüş və 2 ildən artıq müddət keçməsinə baxmayaraq 37788.82 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal etməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X3 tərəfindən xx.xx.2023-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında «DS GROUP” MMC-nin vəkili X2 protokola etiraz edərək izahatında bildirmişdir ki, MMC tərəfindən xaricə göndərilmiş pul vəsaiti əsasında mallar qanunla müəyyən edilmiş müddət ərzində ölkəyə daxil olmuşdur, lakin bəyannamədə texniki səhv olaraq müqavilənin tarixi düzgün göstərilməmişdir. Tarix xx.xx.2020 olduğu halda xx.xx.2021 qeyd olunmuşdur. Bu halı təsdiqedici bəyannamələr, ödəniş tapşırığı və digər sənədlər məhkəmə iclasında təqdim edilmişdir. Nəticə etibarilə, əməldə inzibati xəta tərkibi mövcud deyildir. Göstərilənlərə əsasən, «DS GROUP” MMC-nin əməlində inzibati xətanın tərkibi olmadığından işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş edilmiş sənədlərdən görünür ki, köçürülümüş vəsaitin qarşılığında mallar 2021-ci ildə ölkəyə idxal edilmiş və Gömrük orqanına bəyan edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1 -ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53.1 və 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. İş materiallarına əlavə edilmiş müqavilənin surətindən görünür ki, Şəxs MMC ilə Rusiya Federasiyasının "xxxx" MMC-nin arasında bağlanmış 2275-3 saylı müqavilə xx.xx.2020-ci il tarixdə bağlanmışdır. İş materiallarına əlavə edilmiş **********4739 nömrəli xx.xx.2021-ci il tarixli YGB-dən görünür ki, bəyannamənin 44-cü qrafasında 2275-3 saylı müqavilənin qarşısında onun bağlanıldığı tarix kimi xx.xx.2021-ci il tarixi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizənin əslindən görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət ünvanlanaraq **********439 saylı gömrük bəyannaməsində müqavilə tarixinin xx.xx.2020-ci il olduğu halda texniki səhv olaraq xx.xx.2021-ci il kimi göstərildiyindən həmin tarixin düzəldilməsi xahiş olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Texnoloji innovasiyalar və statistika baş idarəsi tərəfindən verilmiş elektron məktubun surətindən görünür ki, Şəxs MMC-nin müraciəti onların icraatına daxil olmuşdur. İş materiallarına əlavə edilmiş ABB-nin xx.xx.2023-cü il tarixli 1143 saylı məktubundan görünür ki, Şəxs MMC ilə Rusiya Federasiyasının "xxxx" MMC-nin arasında bağlanmış 2275-3 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Europos Qroup” MMCnin xeyrinə aparılmış 37.788,82 ABŞ dolları məbləğində avans ödənişi üzrə mallar ölkəyə idxal olunmuş və **********4739 nömrəli xx.xx.2021-ci il tarixli YGB ilə rəsmiləşdirilmişdir.Köçürmə sənədinə uyğun olaraq YGB-də invoys nömrəsi və tarixi, müqavilə nömrəsi düzgün qeyd olunmuş, lakin müqavilə tarixi 2020-ci il əvəzinə 2021-ci il kimi qeyd edildiyindən həmin YGB bank tərəfindən qəbul edilməmişdir. Məlum olduğu kimi İXM-in 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda yaranır. «DS GROUP” MMC-nin məhkəməyə təqdim etdiyi bəyənnamə və bankın qeydindən məlum olur ki, Mərkəzi bank tərəfindən tərtib edilmiş protokolda qeyd olunan pul köçürülməsi ilə nəzərdə tutulan mallar Azərbaycanda daxil olmuşdur, bəyannamə banka vaxtında təqdim edilmişdir lakin YGB-də texniki səhv olduğu üçün nərə alına bilinmir. Məhkəmə hesab edir ki, **********4739 nömrəli gömrük bəyannaməsi ilə müvafiq malların 2 il müddətində ölkəyə idxal edilməsi öz təsdiqini tapdığından hüquqi şəxsin ödədiyi valyuta vəsaiti müqabilində malların ölkəyə idxal edilməsi kimi öhdəliyi qalmır və bununla da yuxarıda göstərilən protokolla hüquqi şəxsin əməlində müəyyən olunmuş inzibati xəta olması halı aradan qalxır. Beləliklə, «DS GROUP” MMC tərəfindən bəyənnamənin vaxtında təqdim edilməsi hazırkı iş üzrə inzibati xəta hadisəsinin olmasını istisna edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından «DS GROUP” MMC-nin barəsində tərtib olunmuş xx.xx.2023-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində tərtib olunmuş xx.xx.2023-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokola dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar