Məhkəmə qərarları › İş №3(004)-5927/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5927/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5927/2023 17.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 26-cı polis bölməsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı PB-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 17 noyabr 2023-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 28-ci polis bölməsinin 17 noyabr 2023-cü il tarixli qərarına və rədd materialına əsasən tərtib edilmiş 16 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ünvan 2 ünvanında yerləşən “Araz marketdən" oğurluq edərək 500 manat məbləğində maddi ziyan vurmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Yasamal RPİ-nin 28-ci polis bölməsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə müdir vəzifəsində işlədiyi Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 68-84 ünvanında yerləşən “Araz” marketdə olan zaman bir neçə gün önce mağazadan qida məhsulları oğurlayan qadın cinsli şəxsi gördükdə bu barədə polis əməkdaşlarına məlumat verdiyini, həmin qadının əvvəllər qeyd olunan mağazadan bir neçə dəfəyə olmaqla ayrı-ayrı vaxtlarda ümumilikdə 450-500 manat məbləğində qida və qeyri-qida məhsulu oğurlamasını bildirmişdir. Daxil olmuş məlumat əsasında hadisə yeri müayinə olunmuş, fotoşəkillər çəkilərək tərtib olunmuş baxış protokoluna əlavə olunmuşdur. Aparılmış araşdırma nəticəsində həmin oğurluq əməlini törədən şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Yekun olaraq məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o narkotik vasitədən istifadə edir və heç bir yerdə işləmir. Maddi vəziyyəti çətin olduğu üçün xx.xx.2023-cü il tarixdə axşam saatlarında ünvan 3 ünvanında yerləşən “Araz” marketin yanından keçən zaman mağazaya daxil olaraq oğurluq etmişdir. Əlavə olaraq bildirmişdir ki, bundan əvvəlda həmin marketdən oğurluq etmişdir. Etdiyi əməllərindən peşmandır. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş oğlu izahatında göstərdi ki, X4 izahatında xx.xx.2023-cü il tarixdə müdir vəzifəsində işlədiyi Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 68-84 ünvanında yerləşən “Araz” marketdə olan zaman bir neçə gün öncə mağazadan qida məhsulları oğurlayan qadın cinsli şəxsi gördükdə bu barədə polis əməkdaşlarına məlumat vermişlər. Sonradan adını bildildiyi Şəxs onun rəhbərlik etdiyi mağazadan ümumi dəyəri 144 manat olan 4 ədəd yağ və şokolad oğurlamışdır. Bundan əlavə həmin mağazadan bir neçə dəfəyə olmaqla ayrı-ayrı vaxtlarda ümumilikdə 450-500 manat məbləğində qida və qeyri-qida məhsulu oğurlamış və ümumilikdə 450-500 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Natiq Abdullayev tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan, əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuş xx.xx.1988-ci il təvəllüdlü Şəxs müxtəlif vaxtlarda Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 68-84 ünvanında yerləşən “Araz” marketdən təxminən 450-500 manat məbləğində yağ, şokolad, krem kimi qida və qeyri-qida məhsullarını gizli yolla talayaraq oğurlamışdır. Azərbaycan Respublikası CM-nin 177.1 maddəsinin qeyd hissəsinə görə Azərbaycan Respublikası CM-nin 177.1, 178.1 və 179.1 maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı lakin 5000 manatdan artıq olmayan məbləğdə maddi ziyan vurduğu hallarda yaranır. Toplanmış materialda qeyd olunan bu ziyan az əhəmiyyətli olduğundan oğurluq, yəni, Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsinin tərkib əlamətlərini yaratmır. Göstərilənlər nəzərə alınaraq əməldə cinayət tərkibi olmadığından baş vermiş hüquqa zidd əməl cinayət kimi deyil, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan xırda talama kimi qiymətləndirildiyindən cinayət işinin başlanması rədd edilməlidir İnzibati qaydada tutma haqqında 16 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:20-də inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş, Bakı Şəhəri Səbail rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs oğurluq edərək özgə əmlakını ələ keçirmiş İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş iş materialları ilə tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əməldən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4-ci maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran hallar olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxsnu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 16 noyabr 2023-cü il tarixdən saat 22:20-dən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 16 noyabr 2023-cü il tarixdən saat 22:20-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar