Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5927/2024 11.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili və eyni zamanda nümayəndəsi “Arbitrium” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında protokolu Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 18 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında Şəxs MMC tərfindən onlara ayrılmış 0,5249 ha torpaq sahəsinin hüdudları daxilində qarışıq tullantıların qalaqlanması və tullantıların emalı yerlərinin müəyyənləşdirilməməsi görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs MMC tərfindən onlara ayrılmış 0,5249 ha torpaq sahəsinin hüdudları daxilində qarışıq tullantıların qalaqlanması və tullantıların emalı yerlərinin müəyyənləşdirilməməsi aşkar edilmişdir. Həmçinin idarənin əməkdaşları tərəfindən həmin ərazidə şəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin İXM-in 266.2 və 271-ci maddələrinə əsasən məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs-nin vəkili və eyni zamanda nümayəndəsi “Arbitrium” Vəkil Bürosunun vəkili X4 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsi). İnzibati xətalar qanunvericiliyi Konstitusiya, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. Bu qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). Məcəllənin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunçuluğun təmin edilməsi vəzifəsi, həmçinin inzibati xəta haqqında protokolun qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsini nəzərdə tutur. Hörmətli Məhkəmənin diqqətinə çatdırırıq ki, 11 saylı RETSİ tərəfindən tərtib edilmiş protokol prosessual müddətləri pozmaqla yanaşı, həqiqətə uyğun olmayan məlumatları özündə əks etdirmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinə müvafiq olaraq, protokol barəsində inzibati xəta haqqında tərtib edilən şəxsin iştirakı ilə, onun hüquq və vəzifələri izah etməklə tərtib olunur. Eyni zamanda İXM-nin 101-ci maddəsi İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməsini nəzərdə tutur. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. İnzibati araşdırma isə xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda aparılır. Hazırkı iş üzrə heç bir əlavə araşdırma (ekspertiza, digər prosessual hərəkət) aparılmamışdır. 26 sentyabr 2024-cü il tarixdə şirkətə məxsus inşaat ərazisinə daxil olan 11 saylı RETSİ-nin əməkdaşları orada daşınma üçün nəzərdə tutulan inşaat materialları qalıqlarının (fotoşəkillərdə ekskavatorun işləməsini görə bilərsiniz) şəkillərini çəkmişdilər. Həmin qalıqların daşınması haqqında daşıyıcı şirkətlə müqavilənin olub-olmaması barədə soruşulub, cavab olaraq belə müqavilənin olmaması bildirilmişdir. Lakin tikinti şirkəti olaraq tikinti materiallarının qalıqlarını öz gücləri hesabına daşımaq iqtidarındadırlar. Akt tərtib edildikdən 10 (on gün) sonra xx.xx.2024-cü il tarixli məktubla inzibati araşdırmada iştirak etmək üçün bizi 16 sentyabr 2024-cü il tarixdə ofislərinə dəvət ediblər. Həmin bildiriş məktubu onlara 17 oktyabr tarixdə çatdırılmışdır. İXM-nin 60.3-cü maddəsinə uyğun olaraq “işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir.” Bütün bu pozuntulara əlavə olaraq, onların iştirakı olmadan 18 oktyabr 2024-cü il tarixdə barəmizdə Protokol tərtib edilir və həmin protokolda bizim iştirakımızla tərtib edildiyi, lakin tərəfimizdən izahat verməkdən və protokolu imza edib qəbul etməkdən imtina etdiyimiz qeyd edilir. Bütün bunlar isə həqiqətə uyğun deyil. Həmin Protokol bizim iştirakımız olmadan, eyni zamanda heç bir araşdılma aparmadan tərtib edilmişdir, belə ki, araşdırma aparılsa müəyyən edilərdi ki, sözügedən inşaat sahəmizdə yerləşən tikinti materiallarının qalıqları sahibləri tərəfindən artıq öz yerlərinə yerləşdirilmişdir. Lakin heç bir araşdırma aparılmadan, heç bir əlavə inzibati-prosessual hərəkət icra edilmədən akt tərtib edildikdən təxmini 22-23 gün sonra iştirakımız və xəbərimiz olmadan protokol tərtib edilir. Bu isə qanunaziddir. Protokol 1 ay ərzində yalnız inzibati araşdırma aparıldıqda iştirakları təmin edilmədən tərtib edilir, protokolda isə həmin protokolu qəbul etməkdən imtina etdiyimiz barədə qeyd edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Bundan əlavə bildiririk ki, inzibati orqan tərəfindən tərtib edilmiş Protokolda İXM-nin iki maddəsi qeyd edilmişdir, inzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə İnzibati Xətalar Məcəlləsinin yalnız 1 (bir) maddə ilə nəzərdə tutulan xətanın törədilməsi barədə Protokol tərtib edilməsi nəzərdə tutulmuşdur. Bir protokolda yalnız 1 maddə ilə xəta törədilməsi qeyd edilə bilər. İnzibati araşdırma aparan səlahiyyətli orqan şəxsin bir əməlində iki fərqli-fərqli maddə ilə nəzərdə tutulmuş xətanın törədilməsini necə aşkar etmişdir müəmmalıdır. Hər bir maddə barədə aşağıda əlavə qeyd ediləcək. Burada bildirilməlidir ki, inzibati orqan yalnız akt tərtib edib, heç bir şahid dindirilmədən (o cümlədən, özünü sakin adlandıran şikayətçi ölkə xaricində olduğunu bildirərək izahat verməkdən imtina etdiyi monitorinq aktında qeyd edilmişdir), yerində baxış, barəsində araşdırma aparılan şəxsə izahat vermək şəraiti yaradılmadan və s. prosessual hərəkət aparmadan sözügedən Protokol tərtib edib məhkəməyə göndərmişdir. Hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Protokol tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməl (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması) tərəfimizdən törədilə bilməzdir, çünki biz tikinti şirkəti olaraq tullantı emalı ilə bağlı fəaliyyət həyata keçirmirik. Ümumiyyətlə 266.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın xüsusi subyekti olmalıdır. Həmin subyekt tullantı emalı ilə məşğul olaraq, emal yerlərinin müəyyənləşdirilməsi, layihələndirilməsi, tikintisi və s. zamanı nəzərdə tutulmuş norma və qaydaları pozmalıdır. İXM-nin 272-ci maddəsi ilə nəzərdə tutulmuş tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi ilə bağlı inzibati xəta tərəfimizdən törədilməmişdir, monitorinq aktına əlavə edilmiş tikinti materiallarının istifadəyə yararlı qalıqları sahibləri tərəfindən mütəmadi olaraq tikinti sahəsinə yığılır və oradan təkrar istifadə edilir və yaxud istifadə edilmədikdə satıcılara geri qayatarılır. Hazırda hörmətli məkhəmə və 11 saylı RETSİ-nin nümayəndələri tərəfindən yerində baxış keçirildikdə ərazidə inşaat materiallarının qalıqlarını aşkar edilməyəcək, inzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə uyğun olaraq hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda qeyd edilənlərdə görsənir ki, "xxxx" MMC-nin Protokolda qeyd edilən inzibati xətaya aidiyyəti yoxdur və bu səbəbdən onun aidiyyəti və təqsirliyi sübuta yetirilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 102.6-cı maddəsinə əsasən inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir, inzibati Xətalar Məcəlləsinin 111-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır. Yuxarıda qeyd edilənlərə əsasən, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi sübuta yetirildiyindən həmin maddələr üzrə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 sentyabr 2024-cü il tarixli monitorinq aktından görünür ki, Şəxs MMC-yə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yoxlama aparılarkən ərazidə tikinti tullantıların qanunla müəyyən olunmamış ərazilərdə qeyri-qanuni olaraq qalaqlanması və həmin tullantıların daşınması üçün aidiyyatı təşkilatlarla heç bir müqavilə bağlanmaması faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, "xxxx" MTK-ya məxsus binanın həyətində monitoriq aparılarkən Şəxs MMC-yə ayrılmış torpaq sahəsinin hüdudları daxilində sənaye və məişət tullantılarının qalaqlanması faktı mövcud olmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı Şəxs MMC tərəfindən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi ilə əlaqədar görmüş olduğu işləri təsdiq edən rəsmi sənədlər müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan iş materiallarından görünür ki, Şəxs MMC-nin əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın mövcudluğu öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən, sənayə və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması inzibati məsuliyyət yaradan haldır və həmin əməlin tötədilməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. «İstehsalat və məişət tullantıları haqqında» 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən istehsalat tullantıları-istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələrdir. Məişət tullantıları (bərk məişət tullantıları- əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. Tullantıların basdırılması-tullantılardan ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədi ilə onların xüsusi ayrılmış yerlərdə müvafiq qaydada təcrid edilməsidir.Tullantıların yerləşdirilmə obyekti-tullantıların yerləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi təchiz edilmiş qurğudur (poliqondur, şlam-anbar və başqalarıdır). Həmin Qanunun 11-ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən, müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. Tullantıların basdırılma yerləri müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi qaydada tullantıların basdırılma yerlərinin dövlət reyestrinə daxil edilir. Müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılan qaydada mülkiyyətçi tərəfindən basdırılma yerlərinin monitorinqi aparılmalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən tullantılar haqqında qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq intizam, inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271 və 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130, 266.2,271 və 34.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271 və 266.2-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 10000 (on min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5927/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5927/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver