Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5933/2023 05.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 30 oktyabr 2023-cü tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 30 oktyabr 2023-cü tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Azcargo Logistics and Management Services MMC-nin baş direktoru X6 barəsində xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. İşəgötürən barəsində inzibati tənbeh kimi 700 manat inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır. Qərarda vətəndaş X9 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək çalışdığı dövrlərdə aylar üzrə əmək haqları AR Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri pozulmaqla gecikdirilərək ödənilmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi göstərilmişdir. Bununla bağlı aşağıdakıları qeyd etmək zəruridir: X4 Logistics and Management Services MMC-də nəqliyyatın təşkili üzrə mütəxəssis vəzifəsində çalışmış və xx.xx.2023-cü il tarixdə “tərəflərdən birinin təşəbbüsü” səbəbilə əmək müqaviləsinə xitam verilmişdir. X14 əmək müqaviləsində nəzərdə tutulmuş həcimdə qanunvericiliyə müvafiq sürətdə son haqq-hesabı ödənilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə X16 filialı vasitəsilə 399.56 manat vəsait X8 hesabına köçürülmüşdür. Hər hansı texniki məsələlərlə bağlı narazılığın olması real ola bilər, lakin sonuncuya ödənişlər tam həcmdə və vaxtında həyata keçirilmişdir. İşəgötürən kimi barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin heç bir inzibati məsuliyyəti yoxdur və işə götürənin hər hansı təqsiri səbəbindən son haqq-hesabın gecikdirilməsi halı mövcud deyildir. Bu barədə X10 ödənilmiş vəsaitin köçürülmə tarixini əks etdirən sənəd şikayətə əlavə edilmişdir. Göstərilənləri nəzərə alaraq Azcargo Logistics and Management Services MMC-nin baş direktoru X6 barəsində xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X3 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, müfəttişliyin 30 oktyabr 2023-cü tarixli, MN ******* saylı qərarı tamamilə qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət vermiş "xxxx" MMC-nin direktoru X5 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və tərəfindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə şikayətçi X2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş 30 oktyabr 2023-cü tarixli, MN ******* saylı qərardan görünür ki, X9 xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək çalışdığı dövrlərdə aylar üzrə əməkhaqları AR Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri pozulmaqla gecikdirilərək ödənmişidir. Buna görə də AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən "xxxx" MMC-nin direktoru X6 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında əlavə edilmiş e-sosial.az saytından əldə edilmiş ödəniş cədvəlindən görünür ki, işçiyə 2023-cü ilin fevral, mart, aprel və may ayları ərzində ödənilməli olan əmək haqları vaxtında və tam şəkildə ödənilməyərək Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən ödənilən məcburi dövlət sosial sığortası haqları ilə bağlı e-sosial.az saytında X9 elektron kabinetindən əldə olunmuş çıxarışdan görünür ki, X9 işlədiyi Aprel və May ayları ərzində onun hesabına məcburi dövlət sosial sığortası haqları ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin məcəllənin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzşbati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilən əmək qanunvericiliyinin normalarından göründüyü kimi həmin normalar dispozitiv xarakterə malik olmamaqla, imperativ xarakter daşıyır, yəni qanun və Konstitusiya məhkəməsinin qərarı işçilərin hüquqlarının müdafiəsi baxımından birmənalı şəkildə işçinin işdən kənarlaşdırılmasının qaydasını müəyyən edir, ona riayyət edilməsini işəgötürənin üzərinə vəzifə kimi qoyur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası əmək və inzibati qanunvericiliyinin təməl prinsipləri və müvafiq tələbləri işəgötürən X6 tərəfindən kobudcasına pozulmuşdur. "xxxx" MMC-nin direktoru X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 30 oktyabr 2023-cü tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 30 oktyabr 2023-cü tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5933/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5933/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver