Məhkəmə qərarları › İş №3(004)-5934/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5934/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5934/2023 17.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 noyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 16 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” dairəsində polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X2 protokolu müdafiə edərək bildirmişdir ki, 16 noyabr 2023-cü il tarixdə ərazidə xidmətdə olarkən Şəxs yolun hərəkət hissəsinə çıxdığını görmüşdür. O dərhal Şəxs yaxınlaşaraq “20 Yanvar” dairəsinin piyadaların və avtomobillərin hərəkəti üçün məhdudlaşdırıldığını və bu səbəbdən yolu həmin hissədən keçməməsini xahiş etmişdir. Şəxs isə ondan xidməti vəsiqəsini təqdim etməsini tələb etmişdir. Xidməti vəsiqəsini göstərsədə Şəxs yenədə onun qanuni tələbinə tabe olmayaraq yolu keçmək istəmiş, dəfələrlə nizam-intizama dəvət edilsədə buna məhəl qoymayaraq öz qanuna zidd hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən ƏÇPA-nın polis əməkdaşlarının köməyi ilə 29-cu PŞ-nə gətirilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, 16 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” dairəsi yaxınlığında avtomobil yolunun hərəkət hissəsinin kənarı ilə hərəkətdə olarkən mülkü geyimdə olan bir nəfər şəxs özünü təqdim etmədən yolda hərəkətin məhdudlaşdırıldığını və ona yoldan kənara çəkilməli olduğunu bildirmişdir. Bu hal onda çaşqınlıq yaratmış və bunun səbəbini bilməmişdir. Çünki həmin vaxt yolda normal qaydada hərəkət olmuşdur. Bundan sonra Polis əməkdaşı isə post patrul əməkdaşlarını çağıraraq onun tabesizlik göstərməsi ilə bağlı məlumat vermişdir. Polis əməkdaşları ona yaxınlaşaraq 29-cu polis şöbəsinə getməli olduğu bildirilmiş və o, onlarla birlikdə polis şöbəsinə getmişdir. Hər hansı qaydada polisin qanuni tələbinə qarşı gəlməmişdir. Yekun olaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin polis əməkdaşı Ülvi Cabbarlı tərəfindən həmin PŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində 1 nömrəli tras tədbirində xidmətdə olarkən bir nəfər şəxsin tədbirin başlandığı anda yolu keçmək istədiyini görmüşdür. O həmin şəxsə yaxınlaşıb özünü təqdim etmiş və yolun nəqliyyat vasitələrinin hərəkəti üçün təyin olunmuş yerdən çəkilməsini bildirmişdir. Mülki geyimdə xidmətdə olduğunu vətəndaşa izah etsə də vətəndaş yoldan çəkilməyərək təkidlə xidməti vəsiqəsini təqdim etməyini istəmişdir. Bu zaman vətəndaşa vəsiqəsini təqdim etmiş lakin vətəndaş yenə çəkilməmiş və polisin qanuni tələblərini pozmuşdur. Bu səbəbdən vətəndaş dərhal tərəfindən saxlanılaraq 29-cu PŞ-nə gətirilmişdir. PŞ-də məlum oldu ki bu şəxs xx.xx.1998-ci il təvəllüdlü Şəxsdur. İnzibati qaydada tutma haqqında 16 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını özü etiraf etməsə də, iş materialları ilə, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 16 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” dairəsində Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar