Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5966/2023 22.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Nəsimi rayonu,Nəsimi RPİ PŞ-nin sahə inspektoru, polis mayoru Vüqar Azadəliyevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi anası X1 iştirakları ilə, xx.xx.2006-cı il tarixində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması və özgə əmlakının zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək xırda xuliqanlıq etmişdir. Belə ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixində ünvan 2 ünvanında ictimai qaydanı kobud pozaraq inzibati xəta törətmişdir. Buna görə də, Bakı şəhər Nəsimi RPİ 22-ci PŞ-nin sahə inspektoru, polis mayoru Azadəliyev Vüqar tərəfindən onun barəsində MN seriyalı ******* saylı 18 noyabr 2023-cü il tarixli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Nəsimi RPİ 22-ci PŞ-nin sahə inspektoru, polis mayoru Azadəliyev Vüqar tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixində “Saxara” gözəllik salonunda saç ustası Fariz Bilalovun onun saçının açma prosesini bəyənməyərək və bunu bəhanə edərək salonda digər müştərilər olduğu halda ucadan səs-küy salmışdır, F.Bilalovu təhqir etmişdir, əlində olan darağı güzgünün üzərinə vurub güzgünü və darağı sındırdığı, müştəriləri qorxudaraq narahatlıq yaratmış və onlardam salonu tərk etmələrini tələb etmişdir, onu sakitləşdirmək üçün ona verilmiş su bardağını dayerə vuraraq sındırmışdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2, həmin gözəllik salonunun sahibkarı olduğunu bildirərək qeyd etmişdir ki, hadisənin yaşandığı vaxt ölkə xaricində olmuşdur. Hadisə ilə bağlı ölkəyə qayıtdıqdan sonra işçilərdən məlumat almışdır. Zərər vurulmuş əmlaka dair heç bir tələbi olmasa da, onun işgüzar nüfuzuna xələl gətirdiyi üçün şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, sözügedən gözəllik salonunda müdriyyət tərəfindən nəzarətçi kimi vəzifələndirilmişdir. Həmin gün səsküy eşidərək salona daxil olmuş və bir nəfər şəxsin nalayiq ifadələr işlədərək işçiləri təhqir etdiyini və digər müştəriləri narahat etdiyini görmüşdür. Buna görə də həmin şəxsə səbrli olmasını, yaranmış narazılığı aradan qaldıracaqlarını bildirmişdir, lakin həmin şəxs yenə də sakitləşməmiş və müştərilərin ünvanına “özünə hörmət edən bu salona gəlməz”, “əgər indi çıxıb getmirsizsə elə siz də bunların tayısız” və buna bənzər ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs saçına o qulluq etmişdir və prosedurdan əvvəl şəxsi baş verə biləcək hallar barədə xəbardar etsə də həmin şəxs davam etməsinə razı olmuşdur. Hadisənin baş verdiyi vaxt həmin salonda olmuşdur və Şəxs həm onun, həm digər işçilərin həm də həmin vaxt orada olan müştərilərin ünvanına təhqiramiz ifadələr işlətmiş və onu sakitləşdirməyə çalışmaqlarına baxmayaraq iş prosesinin gedişinə mane olmuşdur. Daha sonra idarə etdiyi instagram hesabı vasitəsilə videolar yayımlayaraq heç kimin həmin salona getməməsini və eyni zamanda saç ustası olaraq onun xidmətlərindən istifadə etməməsini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməyərək, bildirmişdir ki, o “Saxara” adlı gözəllik salonunda saçını boyatmış lakin bir müddət sonra saçının zərər gördüyünü, “yandığını” müəyyən etmiş və buna görə də psixoloji depressiya keçirmişdir. xx.xx.2023-cü il tarixində həmin gözəllik salonuna gedərək saçının vəziyyətinə görə oradakı işçiləri və müdiriyyəti günahlandırmış və həmin zaman heç bir əşyaya və əmlaka zərər vurmadan, heç kimi təhqir etmədən sadəcə səsini yüksəldərək sözlərini ifadə etmişdir. O yalnız hadisədən sonra iki gün həmin salonun rəhbərliyindən xəbər gözləmiş, lakin onunla heç kim maraqlanmamış və yalnız iki gün sonra özünə məxsus instagram hesabı vasitəsilə video paylaşaraq növbəti dəfə etirazını dilə gətirmişdir. Bunu da ona görə etmişdir ki, digər insanlar da onun kimi zərər görməsinlər. Buna görə də barəsində inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan MN seriyalı ******* saylı 18 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixində xırda xuliqanlıq etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 510-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5966/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5966/2023
22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver