Məhkəmə qərarları › İş №3(004)-5978/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5978/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5978/2023 05.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1 və 275.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1 və 275.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolun kənarı "xxxx" ASC tərəfindən tikinti müddətində yaşıllıqların kökündən çıxarılaraq məhv edilməsi və ekoloji ekspertizanın müsbət rəyi olmadan tikinti işlərinə başlanılması fakt aşkar olunmuşdur. Bununla da, "xxxx" ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1 və 275.1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 bildirmişdir ki, sözügedən pozuntu aşkar edildikdən dərhal sonra "xxxx" ASC-yə məlumat verilmiş və şirkət tərəfindən inzibati cərimənin məbləği olan 50000 manat artıq dövlət büdcəsinə ödənilmişdir. Odur ki, "xxxx" ASC-nin barəsində inzibati tənbeh verilibverilməməsini məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1 və 275.1.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolun kənarı "xxxx" ASC tərəfindən tikinti müddətində yaşıllıqların kökündən çıxarılaraq məhv edilməsi və ekoloji ekspertizanın müsbət rəyi olmadan tikinti işlərinə başlanılması fakt aşkar olunmuşdur. Məhkəmə araşdırması zamanı "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1 və 275.1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1 və 275.1.1-ci maddələri ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 253.3.1 və 275.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1 və 275.1.1-ci maddələri ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar