Məhkəmə qərarları › İş №3(004)-5985/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5985/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5985/2023 05.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Adil oğlunun katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş EP seriyalı ******* nömrəli 16 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Özbəkistan Respublikasında qeydiyyatda olan hüquqi şəxs - “UzAutoMotors” şirkətindən ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs - Şəxs ünvanına idxal olunmuş və gömrük rəsmiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Şirvan” gömrük postuna təyinat alaraq xx.xx.2023-cü il tarixli **********2171 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş invoys dəyəri 18975 ABŞ dolları təşkil edən “nəqliyyat vasitəsinin sənaye yığımı üçün ehtiyyat hissələr” yükü xx.xx.2023-cü il tarixdə LTKU2146393 nömrəli konteynerdə Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limam” gömrük postundan keçməklə ölkə ərazisinə gətirilmişdir. Lakin qeyd olunan yükün təyinat gömrük orqanında, yəni “Şirvan” gömrük postunda “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilməsi zamanı hüquqi şəxs - Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilmədiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 2023-cü ilin yanvar ayından hüquqi şəxs - Şəxs MMC-də işə başladığını, hal-hazırda həmin şirkətdə baş mühasibin köməkçisi vəzifəsində işimi davam etdirdiyini, nümayəndəsi olduğu Şəxs MMCnin 2018-ci ildə Azərbaycan Respublikasının vergi orqanlarında hüquqi şəxs qismində vergi ödəyicisi kimi qeydiyyata alındığını, şirkətin əsas fəaliyyət istiqamətinin ehtiyat hissələri şəklində “Chevrolet” markalı nəqliyyat vasitələrinin ölkə ərazisinə idxalı, ölkə ərazisində həmin hissələri komplektləşdirməklə avtomobilin istehsalını və ölkə daxilində satışını həyata keçirməkdən ibarət olduğunu, bu məqsədlə Özbəkistan Respublikasından həmin avtomobilin ehtiyyat hissələrini idxal etdiklərini, Özbəkistan Respublikasında ticarət əlaqəsində olduqları şirkətin “UzAuto Motors” şirkəti olduğunu, həmin şirkətə xx.xx.2023cü il tarixli AZ-SKD-2023-103 nömrəli hesab-faktura sənədi əsasında 18975 ABŞ dolları dəyərində “X3 markalı nəqliyyat vasitəsinin ehtiyat hissələri” yükünü sifariş verdiklərini, sifariş verilmiş yükün LTKU2146393 nömrəli konteynerdə gəmi vasitəsilə Özbəkistan Respublikasından Azərbaycan Respublikasına gətirildiyini, konteynerin daşındığı gəminin xx.xx.2023-cü il tarixdə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postuna çatdırıldığını, lakin idxal olunmuş yüklə bağlı Şəxs MMC-nin adından qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada vermədiklərini, baş vermiş pozuntuya görə Şəxs MMC olaraq özlərini təqsirli hesab etdiklərini və məsuliyyətə cəlb olunmağa hazır olduqlarını bildirmişdir. Beləliklə, iş üzrə materiallardan görünür ki, hüquqi şəxs - Şəxs ünvanına idxal olunaraq xx.xx.2023-cü il tarixli **********2171 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş mallarla bağlı qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar